“Hürriyet” yazır ki, nazir oğlu Bodrumda 40 milyona ada alıb; onun türk cangüdənini isə güllələyiblər
Türkiyənin “Hürriyet” qəzetində Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov barəsində sensasiyalı məlumat dərc olunub. Məlumatı qəzetin köşə yazarı Yalçın Bayer 17 iyul tarixli köşəsində paylaşıb.
Yalçın Bayer yazır:
Azərbaycan xalqı son həftələrdə nəqliyyat naziri Ziya Məmmədovun oğlunun Türkiyə vətəndaşı olan qorumasının aqibətini maraqlanır.
Azərbaycanda siyasi gücü və dövlət başçısı İlham Əliyevə yaxınlığı ilə tanınan nəqliyyat nazirinin oğlu Anar Məmmədovun iş və ictimai həyatında sürətlə yüksəlişi Azərbaycan ictimaiyyətində diqqət çəkir. Nazir oğlunun sürətli zənginləşməsi ilə qoruma sayı da sürətlə artır. İllərdir oğul Məmmədovun yanında cangüdən işləyən Türkiyə vətəndaşı İsmayıl Genç azərbaycanlı qorumalarla tez-tez döyüşürdü. Üç həftə əvvəl yaranan münaqişədə bu dəfə silahlar danışdı. İsmayıl Genç azərbaycanlı qorumaların silahlarından çıxan güllələrlə ağır yaralandı və Bakıdakı bir xəstəxanada müalicə altına alındı. Ancaq basqı altında olan Azərbaycan mediası bu hadisəni xəbər edə bilmədi. Türkiyə vətəndaşı İsmayıl Gençin aqibəti də bilinmir. Gençin ailəsi Bakıdakı Türkiyə səfirliyinə müraciət edərək oğullarının aqibətini öyrənməyə çalışdılar, amma nəticə əldə edə bilmədilər. Xarici işlər naziri Əhməd Davudoğluna çıxmağa çalışdılar, amma müvəffəqiyyətli ola bilmədilər. İsmayıl Gençin yaşayıb-yaşamadığını, öldüysə cənazəsinin harada olduğunu bilmək istəyirlər.
Bu arada nazir oğlu Anar Məmmədovun iki həftə Çırağan Sarayında milyon dollarlıq bir ad günü ziyafəti verdiyi və Bodrum yaxınlarında 40 milyon dollar dəyərində bir adanı satın aldığı danışılır. Atası Azərbaycanda nəqliyyat naziri olduğunda sıravi bir universitet şagirdi olan Anar Məmmıdovun qısa müddətdə əldə etdiyi sərvət və parıltılı həyatı Azərbaycan xalqının bir nömrəli mövzusuna çevrildi.
(Bu məlumatların qaynağını göstərə bilmirik. Amma nə baş verdiyini, hadisənin inkişafını Türkiyədə dar bir çevrə bilir. Azərbaycan mətbuatı isə bu hadisəni yaza bilmir!).
Məmmədovun holdinqindən cavab açıqlaması
Lent.az-ın bu məsələ ilə əlaqədar sorğusuna Anar Məmmədovun rəhbəri olduğu “Garant Holding”in hüquqşünası Ruslan Məmmədovun imzası ilə cavab verilib. Bildirilib ki, “Hürriyet” qəzetində gedən məlumatlar həqiqətə uyğun deyil və tamamilə yanlışdır. Holdinqin layihələri bir çox ölkələri, o cümlədən qardaş Türkiyəni əhatə edir, bu layihələrdə müxtəlif dövlətlərin yüzlərlə vətəndaşları çalışıblar və çalışırlar: “Lakin bəlkə də nə zamanlarsa əməkdaşlıq etdiyimiz hər hansı bir şəxsin, şəxslərin bu gün bizimlə əlaqələndirilməsi sadəcə gülünc görünür. Ən azından mühüm bir məsələni unutmayaq ki, istənilən halda, dünyanın istənilən bir ölkəsində işəgötürən yalnız hazırda əməkdaşlıq etdiyi işçiyə görə hər hansı bir məsuliyyət daşıyır, əməkdaşlıq müqaviləsinin müddəti başa çatdıqdan sonra işçinin törətdiyi hansısa bir əmələ görə keçmiş işəgötürənlərinin ittiham edilməsi heç bir sağlam düşüncəyə, sağlam məntiqə sığmır”.
Anar Məmmədovun “Çırağan” Sarayında milyon dollarlıq ziyafət verməsi, eləcə də Bodrum yaxınlığında 40 milyon dollar dəyərində bir adanı satın alması barədə yazılanların da həqiqətə uyğun olmadığı vurğulanıb.