Yaptokratların bizə əsas ittihamı odur ki, vətəni sevmirik, həqiqətləri yazıb, düşmən dəyirmanına su tökürük.
Bu məntiqdən belə çıxır ki, Azərbaycanı hazırda aldığı maaşla sürdüyü bahalı xarici maaşın arasında dərin uçurum olanlar sevir…
Adına ofşor şirkət olanlar sevir…
Villası olanlar sevir… Qış tətilində Davosa, yay tətilini Baham adalarına gedənlər sevir…
Xəzər dənizini, Ismayıllı meşələrini hasarlayanlar sevir, amma “korrupsiyaya yox” deyənlər, “əsgər ölümlərinə yox” deyənlər, “təhsildə rüşvətə yox” deyənlər xalq düşmənləridir, vətən xainləridir.
Bu sətirləri kiməsə nəyisə sübut etmək üçün yazmıram. Adi bir reallıq olduğu üçün yazıram.
Mən 20 ildir demokratiya deyib duran adamlar tanıyıram – uşaqları yanında boynu qıldan nazikdir. Illərdir bir qışı eyni paltoda…
Yazı eyni pencəkdə yola verirlər.
Mən 20 ildir bu ölkədə qanunlar işləsin…
Insanların düşündüklərini rahat-rahat söyləyə bilsin deyə qohum əqrəbaları ilə üz-göz olan, ən yaxınları tərəfindən dışlanan, ən dar günlərdə qapısı döyülməyən adamlar tanıyıram.
Bir təzə ayaqqabı almasını toy-bayrama çevirən adamlar tanıyıram mən. Yalın ayaqları ilə 20 ildir eyni yolu yürüyürlər:
– hüquq olsun…
– ədalət olsun…
– bərabərlik olsun…
– hakimiyyətin mənbəyi xalq olsun…
– insanlar alçalmadan ucala bilsinlər…
Öz uşaqlarının qarınlarına doyura bilmirlər.
Amma istəyirlər ki, bu ölkədə hər cocuğun kökəsi olsun.
Hər cocuğun dondurması, hər cocuğun velosipedi, hər cocuğun rəngli bir kitabı olsun.
Di gəl yaptokratlara görə, onlar xaindirlər. Düşməndirlər. Ermənilərə işləyirlər. Ünsürdürlər. Antimillidirlər.
Və biz Azərbaycanı cibi boyda…
“CIP”i boyda…
Qışda isti, yayda sərin kabineti boyda…
Cangüdəni boyda, katibəsi boyda görənlərdən öyrənməliyik milliliyi, vətən sevgisini.
Bu sətirləri oxuyanlar nə düşünür düşünsün, heç bir komplekssiz, utanıb-zad eləmədən yazıram:
qızım Azərbaycanın himnini oxuyanda gözlərim dolur, onunla bərabər oxuyuram o himni.
“Məhəmməd Əmin” deyə bilmir, “Məhəmməd Əmi” deyir, doluxsunuram.
Üçrəngli bayraq görür, üçrəngli gülür: gözlərinin qonuru, saçlarının qarası, yanaqlarının qırmızısı ilə.
Amma onunla bir mağazaya girəndə ürəyim qopur. Fikirləşirəm ki, indi əlini vitrindəki elə bir şeyə uzadacaq, əlim ciblərimdə donub qalacaq.
Və yaptokratların ağlınca, o qızcığazın atası erməniyə işləyir, düşmən dəyirmanına su tökür, ancaq himni də, bayrağı da pul şəklində görənlər…
Yumurtadan yun qırxanlar…
Büdcədən oğurlayanlar…
Qul haqqı yeyənlər…
Məzlumun ahını alanlar…
Həkimdirsə, gözü xəstənin cibində olanlar…
Müəllimdirsə, əlində saxta bülleten hazır olanlar…
Məmurdursa, maaşı ilə maşını arasında uçurum olanlar ən böyük vətənpərvərdirlər.
Dövlətin, dövlətçiliyin, müstəqilliyin nə olduğunu onlardan öyrənmək lazımdır.
Ayıb deyilmi? Abırsızlıq, vicdansızlıq deyilmi?
Bu ibtidai təfəkkürlə, bu feodal zehniyyəti ilə Azərbaycanın nə qədər gücsüzləşdiyini, acizləşdiyini anlamaq o qədərmi çətindir?
Yalan danışırsansa – dövlətçisən.
Doğru danışırsansa – elementsən.
Yaltaqlanırsansa – vətənpərvərsən.
Etiraz edirsənsə – xalq düşmənisən.
Susursansa – millisən.
Sorğulayırsansa – antimillisən.
Bu düşüncə ilə hara getmək olar? Haracan getmək olar?
Lap hamımız yaltaq olduq, yalançı olduq…
Lap hamımız dərə gördük, dağ dedik…
Xəstə gördük, sağ dedik…
Qara gördük, ağ dedik, nə dəyişəcək ki?
Lap hamımız baş əydik, boyun bükdük…
Diz çökdük, nə dəyişəcək axı?
Lap hamımız bir adamın beyni ilə düşündük…
Bir adamın ağzı ilə danışdıq, nə dəyişəcək bəyəm?
Siz xoşbəxt olacaqsınız. Siz mutlu olacaqsınız.
Amma bəs bu ölkə? Bu vətən bəs? Bu millət bəs?
Siz heç yalanla, yaltaqlıqla…
Qorxulara yenilməklə…
Susmaqla, sınmaqla…
Əyilməklə xoşbəxt olan, mutlu olan, qalib olan bir ölkə tanıyırsınızmı?
Tanıyırsınızsa, bizə də tanıdın. O zaman şəxsən mən sabahdan yaltağın yekəsi, yalançının böyüyü olmasam, şərəfsizin təkiyəm!