Ziya Məmmədovla Ramiz Zeynalovun əsas gəlir mənbələri nəzarətə götürülür, bəhanələri əllərindən alınır
Bir müddət əvvəl rəsmi dövlət qəzetlərindən biri ölkədə narazılıq yaradan məqamlardan geniş bir məqalə yazaraq nəqliyyat naziri Ziya Məmmədovun tabeçiliyində olan qurumları və “QAI” işçilərini sərt tənqid etmişdi. Qəzet nazirliyin işçilərinin hərəkətlərinin istənilən vaxt kütləvi ixtişaş üçün qığılcım ola biləcəyini yazmışdı.
Hələ o zaman qeyd etmişdik ki, hökumətin ən iri ranqlı məmurlarına qarşı belə ittiham bir dövlət qəzetinin cəsarət edə biləcəyi məsələ deyil.
Sonradan öyrənmişdik ki, belə yazılar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iradəsindən kənar baş vermir və bu kimi yazılar birbaşa onun sifarişi, yaxud, razılığı ilə dərc edilir. Görünür, bu, Ziya Məmmədovun da diqqətindən qaçmamışdı. Təsadüfi deyil ki, hökumətin korrupsiya ilə mübarizə şousu ortaya çıxandan dərhal sonra nəqliyyat naziri tələsik iki dəfə kollegiya iclası keçirərək tabeçiliyindəki işçiləri ciddi tənqid etmişdi.
Iki gün öncə, adətən ütülü hesabatlar hazırlayıb deputatlara paylayan Ombudsman Elmira Süleymanovanın hesabatında da “QAI” işçiləri və Nəqliyyat Nazirliyinin əməkdaşlarının hərəkətlərinin sərt tənqid edilməsi belə deməyə əsas verir ki, R.Mehdiyev Z.Məmmədov və “QAI” şefi Ramiz Zeynalov haqqında ciddi ölçü götürmək niyyətindədir.
Nəhayət, dünən bu arqumenti möhkəmləndirən daha bir xəbər yayıldı. Məlum oldu ki, I.Əliyevin imzaladığı fərmanla bu iki məmurun fəaliyyəti ciddi nəzarətə götürülür, onların gəlir mənbələri məhdudlaşdırılır.
Belə ki, Inzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə bağlı fərman avtobusların dayanacaq məntəqələrindən kənar yerlərdə sərnişinlərin minib-düşmələri üçün dayanmasına görə inzibati məsuliyyətin gücləndirilməsini nəzərdə tutur.
Əgər indiyə qədər yollara döşənən asfaltın qısa müddətdə dağılması yük maşınlarının adına yazılırdısa, fərmanla bu bəhanə də Z.Məmmədovun əlindən alınır.
Bundan sonra bunu yoxlamaq üçün Nazirlər Kabineti tərəfindən təsdiq edilən yerlərdə xüsusi ölçü alətləri, cihazlar və avtomobil tərəziləri qurulacaq.
Fərmanda Z.Məmmədovdan açıq şəkildə tələb edilir ki, qısa müddətdə nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının açılması hallarını araşdırsın və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etsin.
Nazirdən, həmçinin tələb edilir ki, bir ay müddətində marşrut sxemlərində zəruri dəyişikliklər etsin və bu barədə əhalinin məlumatlandırsın.
Fərmanın “QAI”yə aid hissəsində R.Zeynalovdan xidmətlərin göstərilməsi və sənədlərin verilməsi, həmçinin nəqliyyat vasitəsini etibarnamə əsasında başqa şəxsə verilməsi prosedurunun sadələşdirilməsi tələb edilir. Bundan sonra maşın nömrələri də indiki qaydada verilməyəcək.
Hökumət maşına nömrənin verilməsinə görə tutulan dövlət rüsumunun məbləğinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə differensasiya edilməsinə dair təkliflər hazırlamalıdır.
İnformasiya şöbəsi