“Mehriban Əliyevanın namizədliyi təsdiqlənsə, hakimiyyət içəridən parçalanacaq”
Nurəddin Məmmədli: «Xalqın hazırda apardığı mübarizə hakimiyyət uğrunda mübarizədən daha çox ləyaqət, ədalət, namus savaşıdır»
Seçki kampaniyasının başlamasına az müddət qalıb. Seçki ərəfəsində demokratik qüvvələrin bir araya gələrək, vahid namizədlə çıxış etməsi cəmiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Müsahibimiz AXCP sədrinin müavini Nurəddin Məmmədliyə ilk sualımız seçki öncəsi dönəmə qədər Milli Şuranın fəaliyyətini necə qiymətləndirdiyilə bağlı oldu.
– Müxalifətin birliyi ilə bağlı uzun müddət danışıqlar getsə də, təəssüf ki, seçkiyə çox az müddət qalanda geniş koalisiya yarada bildik. Amma bütün bunlara baxmayaraq cəmiyyəti seçki prosesinə hazırlamaq üçün o qədər də böyük səy göstərməyə ehtiyac yoxdur. Çünki ölkəni idarə edən rejim iyirmi il müddətində özünün bütün resurslarını tükəndirib. Azərbaycan xalqına vəd etdiyi heç nəyə verə bilməyib. Ölkədə korrupsioner və rüşvətxor rejim mövcuddur. Bu rejim də öz başlıca fəaliyyətini yalnız bir qrup adamın varlanmasına istiqamətləndirib. Azərbaycanın heç bir sosial problemi həll olunmayıb, gələcək nəsillərə saxlanmalı olan neft pulları total şəkildə mənimsənilib. Bu gün Azərbaycana qeyri-neft sektorundan büdcəyə daxilolmalar 5 milyard civarındadır ki, bu da Ermənistan və Gürcüstanla müqayisədə çox aşağıdır. Bütün bunlarla əlaqədar demək olar ki, cəmiyyət bu rejimdən təngə gəlib və toplumu aktivləşdirmək üçün mənəvi-psixoloji, siyasi arqumentlər kifayət qədər güclüdür. Sadəcə olaraq bu prosesi təşkil etmək lazımdır. Bunun da əlamətləri xalqın kütləvi şəkildə bu rejimə qarşı mübarizəsindən keçir. Milli Şura bu istiqamətdə müəyyən addımlar atmaqla məşğuldur. Bir tərəfdən bu iş ayrı-ayrı strukturlar, digər tərəfdən vahid namizədin seçki qərargahının formalaşdırılması yolu ilə reallaşdırılır. Eyni zamanda Milli Şuraya beynəlxalq aləmdən də böyük dəstək var. Bu günlərdə Milli Şuranın təmsilçiləri həm Vaşinqton, həm Brüsseldə mühüm görüşlər keçirərək, Azərbaycandakı bugünkü ictimai-siyasi proseslərlə bağlı ciddi müzakirələr aparacaqlar. Bundan başqa Ağ ev səviyyəsində son iyirmi ildə ilk dəfə olaraq müxalifət təmsilçilərinin qəbulu nəzərdə tutulub. Bunu da önəmli siyasi uğur kimi dəyərləndirmək lazımdır.
– Bu gün müzakirə mövzularından biri odur ki, həm Milli Şuranın vahid namizədi var, amma həm də bir sıra partiyalar Milli Şuranın namizədliyini dəstəkləsələr də öz namizədliklərini də saxlayırlar. Bu isə həm Milli Şura üzvlərində, həm də Rüstəm Ibrahimbəyovun özündə narahatlıq yaradır. Bu barədə nə düşünürsünüz?
– Son zamanlar ayrı-ayrı şəxslərin namizədlikləri ilə bağlı təşəbbüslər var. Mənə elə gəlir ki, bu suala Rüstəm Ibrahimbəyovun özündən yaxşı cavab verən olmaz. Rüstəm Ibrahimbəyov vurğulayıb ki, əgər Milli Şura ona etimad göstərirsə, əlavə, ehtiyat namizədliklərə ehtiyac yoxdur. Milli Şura bütün imkanlarını, resurslarını bir nəfər namizəd ətrafında toplamalıdır. Bu işin ən pis istiqaməti ondan ibarətdir ki, həm cəmiyyətdə çaşqınlıq yaradır, həm də hakimiyyətə pas vermək kimi görünür. Hakimiyyətin alternativ variantlar üzərində seçim etməsi iqtidarın imkanlarını genişləndirir. Bu gün Rüstəm Ibrahimbəyovun namizədliyinin qeydə alınmamasıyla bağlı qanunazidd, seçki texnalogiyaları ilə uyuşmayan müxtəlif fikir və ideyaların gündəmə gətirilməsi, geniş müzakirə obyektinə çevrilməsi, faktiki olaraq seçkiyə hazırlıq məsələsini ikinci plana keçirir. Cəmiyyət narahatçılıqla çoxnamizədlik variantının necə olacağı haqqında düşünür. Buna yol vermək olmaz. Bütün diqqət və resurslar vahid namizədin həm qeydiyyata alınması, həm də onun ətrafında geniş xalq kütləsinin cəmləşməsini təşkilinə yönəlməlidir. Inanıram ki, bu məsələ tezliklə öz həllini tapmaqla xalqın ümumi rəyinə uyğun olaraq bütün imkanlar məhz vahid namizədin qələbəsinə yönələcək.
“Xalq öz problemini həll edəcək”
– Hakimiyyət mətbuatının Milli Şuraya qarşı apardığı təbliğatın əsas tezislərindən biri təşkilatın xaricdən dəstəyə nail olmağa çalışmasıdır. Amma bir müddət əvvəl hakimiyyət təmsilçilərindən ibarət nümayəndə heyətləri müxtəlif ölkələrə, siyasi institutlara, beyin mərkəzlərinə səfərlər edərək iqtidara dəstəyə nail olmağa çalışırdılar. Bu dəstəyin müqabilində isə açıq şəkildə Azərbaycanın təbii resurslarını təklif edirdilər?
– Bu rejimin həm hakimiyyətə gəlməsə, həm də bu qədər uzun müddət iqtidarda qalmasının səbəblərini axtarmaq mümkündürsə, bunu xaricdən olan dəstəklə əlaqələndirmək lazımdır. Təəssüflər olsun ki, xalqımıza məxsus olan var-dövləti, xüsusilə də neft pullarını Azərbaycan hakimiyyəti rejimin ömrünün uzadılmasına istiqamətləndirib. Faktiki olaraq balanslaşdırılmış siyasət adı altında ölkənin bütün sərvətlərinin dünyaya paylanması prosesi gedir. Hazırda hətta ən adi, əhəmiyyətsiz təşkilatın rəhbəri belə bu rejim barədə xoş söz deyəndə onu aylarla təbliğat vasitəsinə çevirirlər. Amma hazırda əllər hər yerdən üzülüb. Bu rejimin əsl mahiyyətini hər kəs gözəl bilir. Ona görə də hakimiyyət baş verənlərdən isterikaya qapılaraq, hər kəsi qaralamağa çalışır. Təbii ki, ölkədə dəyişiklik Azərbaycan xalqının resursları hesabına baş verməlidir. Amma bununla belə Azərbaycan müasir dünyanın bir hissəsidir və dünyada baş verən proseslərdən kənarda qala bilməz. Eyni zamanda biz istəsək də, istəməsək də dünyanın aparıcı dövlətlərinin regionumuzda, Azərbaycanda maraqları var. Açıq etiraf etmək lazımdır ki, bu rejimlə əməkdaşlıq edən heç bir qüvvə Azərbaycanda inqilab istəmir. Ona görə bütün dünya bu rejimi islah etməyə, Azərbaycanda demokratik dövlətin qurulmasına çalışır. Hakimiyyət isə buna hazır olmadığından qıcıqlanır. Bu hakimiyyətin mövcud olduğu bütün dövrlərdə mübarizə metodları yalnız terrora, zorakılığa, böhtana, yalana söykənib. Ona görə də bu isterika başadüşüləndir. Hakimiyyətin bu siyasəti ilə bağlı heç bir əks-təbliğat aparmağa ehtiyac yoxdur. Sadəcə olaraq iqtidar təmsilçilərinin, ideoloqlarının dediklərinin necə absurd və mənasız olduğunu xalqa çatdırmaq kifayətdir. Yəni getdikcə daha çox danışırlar, danışdıqca da özlərini daha çox ifşa edirlər. Ona görə hakimiyyətin Milli Şuranın xaricdən dəstək almağa çalışdığı barədə dedikləri rejimin siyasi iqtidarı itirmək qorxusundan irəli gəlir. Bir də ki, Azərbaycan müxalifətinin dünyanın onu dəstəkləməsinə ehtiyacı yoxdur. Sadəcə olaraq əllərini bu rejimin arxasından çəksinlər, rüşvətxor və korrupsioner rejimin köməkçisi olmaqdan imtian etsinlər. Əgər bu baş versə, xalq öz problemini həll edəcək.
“Rejim çoxlarını təngə gətirib”
– Hakimiyyət təmsilçiləri bəyan edib ki, dövlət başçısı Ilham Əliyev seçkidə heç bir təbliğat kampaniyası aparmayacaq. Bu nəyin görsənişidir? Hakimiyyətin deməyə sözü yoxdur, yoxsa xalqın onları dəstəkləməyəcəyini bilir?
– Ilham Əliyev kampaniya apararaq nə deyə bilər axı? Ilham Əliyevin dediklərinin reallıq olmadığı hamıya aydındır. Ilham Əliyev deməlidir ki, 60-70 faiz iqtisadiyyat gizlidir, o deməlidir ki, gömrükdə min manatlıq mal keçirən on min manatlıq rüşvət verir, xaricdən gətirilən avtomobilin qiymətindən daha çox rüsum ödənilir? Yoxsa ofşorlara ötürdüyü 48 milyard pulun aqibətindən danışsın? Mülkiyyət hüququna qarşı amansız yanaşmanın mövcudluğundan danışsın? Minlərlə insan öz əmlakından, mülkündən çıxarılaraq küçəyə atılır. Ortada o qədər acı reallıqlar var ki, onları nə gizləmək mümkündür, nə də etiraf etmək olar. Ilham Əliyev yalnız bəyan edə bilər ki, biz Azərbaycan xalqına ötən müddətdə zülm etmişik və bu vəziyyətdən bu çıxış yolunu təklif edirəm – qanunsuz evlər qanunlaşdırılacaq, rüşvətxorların hamısı həbs ediləcək, özbaşınalığa son qoyulacaq və bu həqiqətən də belə olacaq. Əgər hakimiyyət bu deyilənlərdən birini də edə bilmirsə, o zaman hansı kampaniyadan danışa bilər. Ona görə düzgün olaraq heç bir kampaniya aparmamaq mövqeyini daha real sayıram.
– Əgər demokratiya uğrunda hakimiyyətə qarşı mübarizədə bir vaxtlar yalnız müxalifət qüvvələri mübarizə aparırdılarsa, indi bu mübarizəyə vaxtilə hakimiyyət düşərgəsində təmsil olunanlar da qoşulub. Bu sıraya Hüseyn Abdullayevi, Əli Insanovu, Gültəkin Hacıbəylini aid edtmək olar. Sizcə, baş verən bu tendensiyadan cəmiyyət hansı mesajları almalıdır?
– Sadaladığınız adlar aysberqin görünən tərəfidir. Bu rejim çoxlarını təngə gətirib. Bəzən məmurlar müəyyən məclislərdə hakimiyyət barəsində elə ifadələr işlədirlər ki, mən öz müxalifətçiliyimə şübhə edirəm. Yəni bu rejim hamını bezdirib. Bu rejim insanların ləyaqət hissini alçaldıb, tapdalayıb. Ona görə Azərbaycanda vəziyyət elədir ki, xalqın hazırda apardığı mübarizə hakimiyyət uğrunda mübarizədən daha çox ləyaqət, ədalət, namus savaşıdır. Bu gün hər bir insan bu insani keyfiyyətləri üzərində hiss etmək, fəaliyyəti ilə təsdiq etmək üçün çalışır.
– Hazırda hakimiyyət siyasi fikirlərini açıq şəkildə bildirdiklərinə görə Hüseyn Abdullayevi valideynləri, Gültəkin Hacıbəylini isə azyaşlı övladı ilə sınağa çəkir. Bu çirkin siyasəti necə qiymətləndirirsiniz?
– Vaxtilə bu siyasət rejimə fayda verirdi. AXCP olaraq biz vaxtilə bu cür təhdidlər, təzyiqlərdən keçmişik. O zaman bu cür fəaliyyətlər insanların daxilində müəyyən senzura yaradırdı. Amma artıq bu məsələlər ictimai cəhətdən o qədər önəm kəsb edir ki, belə şantaja, təzyiqə xalq boyun əymir. Əksinə, insanlar öz mübarizliyi ilə insan olduqlarını sübut edirlər. Gültəkin Hacıbəylinin ona qarşı atılan addımlara “elə düşünərəm ki, övladımı xalq yolunda müharibədə itirmişəm” deməsi hər ananın ifadə edə biləcəyi fikir deyil. Bu artıq rejimin dəyişilməsinə olan inamın, zərurətin ifadəsidir. Eyni zamanda Hüseyn Abdullayev valideynlərinə təzyiqlərə baxmayaraq, mübarizəni sona qədər davam etdirəcəyini bildirməsi onu göstərir ki, artıq insanları bu cür mənəviyyatsız, hüquqa zidd addımlarla tabe etmək mümkün deyil.
“Vətəndaş hakimiyyətə inanmır”
– Hazırda Mehriban Əliyevanın namizədliyi gündəmə gətirilib. Onun namizədliyini irəli sürən hakimiyyətyönül partiyaların nümayəndələri Prezident Administrasiyasındakı görüşdən sonra daha inamla bu təbliğatı aparır. Sizcə, baş verənlər nəyin təzahürüdür?
– Baş verənlərin cavabı çox sadədir. Hakimiyyət çox çaşqın vəziyyətdədir. Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsi Konstitusiya və beynəlxalq normalara ziddir. Belə bir vəziyyətdə Ilham Əliyev beynəlxalq güclərin razılığını ala bilmir. Ona görə ikinci variant kimi Mehriban Əliyevanın namizədliyi irəli sürülür. Belə bir vəziyyətdə hakimiyyət son anda situasiyanın hansının onların mənafeyinə uyğun olduğunu nəzərə alaraq addım atacaq. Mən şəxsən inana bilmirəm ki, Prezident Administrasiyasına çağırılan, təzyiq göstərilən adamlar Mehriban Əliyevanın kampaniyasını daha intensiv apara bilərlər. Bu, Ramiz Mehdiyevin projesidir, düşünülmüş şəkildə ortaya atılmış məsələdir. Əgər Mehriban Əliyevanın namizədliyi təsdiqlənsə, hakimiyyət içəridən parçalanacaq. Ilham Əliyevin namizədliyində isə kütləvi aksiyalar vasitəsilə bu rejim çökəcək.
– Prezident Administrasiyasının rəsmisi bildirib ki, son zamanlar nazirlərin bölgələrə səfərləri vətəndaşların aparata şikayət məktubları yazmasını azaldıb. Həqiqətənmi nazirlərin səfərləri uzun illərdir çözülməyən, yaranan gərginliyi aradan qaldıra bilərmi? Yoxsa vətəndaşlar artıq problemlərinin çözülmədiyin görüb artıq şikayət etmirlər?
– Yuxarı orqanlara müraciətlərin azalmasının bir səbəbi var. Artıq vətəndaşlar onların şikayətlərinə baxılacağı ümidini itirib. Qarabağ əlilləri, Qarabağ döyüşlərində vuruşan insanların ailələri küçələrə atılır və onların şikayətlərinə baxılmır. Xalq artıq problemlərinin çözüləcəyinə inanmır.
Xəyal