Vergilər Nazirliyi və Dillər Universiteti Mahmud Mehdiyevin iddialarını qəbul etmir
Modeator.az saytı da münaqişənin ilk günündən, daha doğrusu, Gültəkin xanımın keçmiş həyat yoldaşı zühur edərək ultimatumla çıxış etməsindən üzü bəri proseslərin içərisində olub və kimin haqlı, kimin sifariş qulu olduğunu təfərrüatıyla öyrənə bilib. Ancaq biz mümkün qədər tərəf saxlamamağa çalışmışıq və baş verən xoşagəlməz olayları olduğu kimi oxucularla paylaşmağa tələsmişik.
Bu günsə sadəcə Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin dövlət hakimiyyət və məhkəmə orqanlarına qarşı səsləndirdiyi ittihamların izinə düşmək qərarına gəlmişik. Xatırladaq ki, M. Mehdiyev mətbuata açıqlamasında bildirmişdi ki, vaxtilə keçmiş həyat yoldaşı Gültəkin Hacıbəyli deputat səlahiyyətlərindən sui-istifadə edərək qardaşı Seymur Mehdiyevi Vergilər Nazirliyinin mərkəzi aparatındakı vəzifəsindən, bacısı Aynur Mehdiyevanı isə Azərbaycan Dövlət Dillər Universitetindəki müəllimlikdən zorla kənarlaşdırmağa müvəffəq olub. Moderator.az ailə münaqişəsindən yaranmış situasiyanın aktuallığını və ittihamda adıçəkilən dövlət qurumlarının susqunluğunu nəzər alaraq həm universitetə, həm də nazirliyə məsələyə münasibət bildirilməsi xahişiylə müraciət edib.
ADDU-dan mətbuat katibi Zeynab Kazımova şifahi sorğumuza cavabında ittihamlarla tanış olmadığını və səhhətindəki problemə görə işə çıxmadığını bildirdi. Qurum rəsmisi eyni zamanda bu ittihamların heç bir əsasının olmadığını, universitetdən nə zamansa kiminsə ədalətsiz olaraq işdən kənarlaşdırılması faktıyla rastlaşmadığını söyləməyi də unutmadı.
Vergilər Nazirliyindən də təxminən oxşar cavab aldıq. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, ortada ciddi ittiham olduğundan sorğunuzu şifahi cavablandırmaq olmaz, odur ki, yazılı şəkildə cavablarını saytımıza göndərəcəklər. Nazirlikdən də ümumiyyətlə heç vaxt heç kimin qanunsuz olaraq işdən kənarlaşdırlması faktının olmadığını, bu iddiaların sadəcə dezinformasiya xarakterli olduğunu qeyd etdilər.
Təbii ki, hər iki qurumdan oxşar cavab alacağımız gözlənilən idi. Axı əslində bu cür ittihamlar bir tərəfdən G.Hacıbəylininin nüfuzuna xələl gətirməyə xidmət edirdisə, başqa tərəfdən adıçəkilən dövlət qurumlarının da işgüzar nüfuzuna, bu qurumlara rəhbərlik edən vəzifəli şəxslərin şəxsiyyətinə kölgə salmaq mahiyyəti daşıyırdı. Ittihamların heç bir əsasının olmadığını sübut etməyə də ehtiyac yoxdur. Azərbaycanda hakimiyyətin oyun qaydalarını az-çox bilən hər kəs anlamamaış deyil ki, nə vergilər naziri, nə də Dillər universitetinin rektoru kimlərinsə sifarişiylə oturub-durmur, bu şəxs hətta deputat olmuş olsa belə. Odur ki, elə bəri başdan da keçmiş həyat yoldaşının Gültəkin xanıma iftira atdığı gün kimi aydın idi. Ancaq yalançını mənzilinə qədfər qovmaq elimizin adəti olduğundan biz də əsrlərin sınağından çıxmış adət-ənənələrimizə bir daha hörmət etməyi lazım bildik…