Bayıl, «Sovetski», «Kubinka», Bakı Dövlət Sirkinin ətrafı “təmizlənəcək”
«Bilirəm ki, söküntüyə razı olmasam, əlimi-qolumu sındırıb evdən çıxaracaqlar»
Bakıda yenidən söküntülər başlayır. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev “Azadlıq”a məlumat verib. O, Qara şəhərdə söküntülərin başlandığını, Sovetski, Kubinka, Bakı Dövlət Sirkinin ətrafındakı ərazilərin də söküləcəyini deyib. C.Qocayev Dövlət Neft Şirkətinin Bayılda, 20-ci sahədə öz ərazisini abadlaşdırmaq üçün söküntülər aparacağını da əlavə edib.
Bayılda evlərin qeydiyyatı iki il əvvəl ləğv edilib
Cahangir Qocayevin açıqladığı ərazilərə yollanırıq. Bayıl qəsəbəsi, Salyan döngəsi 2 küçəsində evlərlə neft buruqları arasındakı məsafə yarım metrdir. Küçənin hər tinində “Mənzili tərk etdikdə qaz cihazlarını söndürməyi unutmayın. Qaz iyi hiss etdikdə dərhal 104 nömrəli telefona zəng edin” deyə “Azəriqaz”ın xəbərdarlıqları var. Daha sonra öyrənirik ki, 3 il əvvəl uşaq buruqlardan birinin üstünə çıxaraq oynamaq istəyib. Nəticədə qonşunun qucağında can verib. Hadisədən sonra evdə azyaşlı uşağı olan valideynlər uşaqlarına küçədə oynamağı qadağan ediblər. Sakinlər ən çox uşaqlarına görə köçmək istəyirlər.
Bayıl sakini Vaqif Məmmədov deyir ki, evlərinin söküləcəyini televizordan eşidiblər, amma onlara bildiriş gəlməyib. “Başqa yerdən ev istəyəcəm. Özümün 4 otağım var. 1500 manatla ev ala bilməsək də, torpaq alıb özümüz tikərik”.
Bayılın qadın sakinləri deyir ki, 2011-ci ildə Dövlət Neft Şirkəti onları məhkəməyə verərək evlərinin qeydiyyatını ləğv ediblər. “Biz ”kupça” almaq istəyəndə dedilər ki, olmaz, bura neftin yeridir. Yoldaşım polis işləyib. Sənədsiz yerə heç vaxt yaxın durmazdı. Bu evi maklerlər tikib bizə veriblər. Dedilər, sonra qeydiyyat olacaq. 110 kvadratmetr evim var. Kvadratına 600-700 manat pul versə, heç sərf etməyəcək. Kənardan ev versələr də qəbul etmərəm”.
Sakinlərə deyilib ki, bu ərazilər olimpiya oyunları üçün 2015-ci ilə qədər söküləcək. “Burada əhalinin gücünə kanalizasiya, yol düzəldilib. Biz gələndə kanalizasiya yola axırdı. Hansı insan istəməz ki, rahat yaşasın?! Bu evin altı sudur. Hər yer revmatizm xəstəliyidir. Buradan təmir elətdirirsən, o tərəfdən uçur. Türkiyədə 35 minə içində mebel olan ev alırsan. Bizdə 35 minə heç nə düşmür. 40 min manata bir otaqlı alırsan. 1500 manat hesabla mən harada yaşayacam? Ali təhsilli mütəxəsissəm, gözlərimi tökmüşəm. Dövlət idarəsində işləyirəm, amma 200 manat maaş alıram. Mən bu prezidenti istəmirəm. Mən nə gün görmüşəm ki…”
Bayıl sakini Yusifova Məlahət 31 il “KQB”də işləyib. Xəstəxananın baş tibb bacısı olub. Deyir ki, yoldaşı evi alarkən onunla məsləhətləşməyib, yoxsa heç kim onu aldadıb sənədsiz ev satmazdı. O, 3 otaqda uşaqları və nəvələri ilə qalır. Ümumilikdə, 11 nəfər 90 kvadratmetrlik evdə yaşayır. “Mən özümə şərait düzəltmişəm. Bu evdən çıxmaq istəmirəm”.
“Söküntüyə razı olmasam, əlimi-qolumu sındırıb evdən çıxaracaqlar”
“Sovetski” ərazisində taxta hasarlar və köhnə evlər bu evlərdə yaşanan xatirələrin yaşını göstərir. Teyyub Mustafayev 1967-ci ildən burada yaşayır. Deyir ki, xatirələrinə görə bu yerdən köçmək istəmir. Amma bilir ki, bu sözün dövlət işçiləri üçün heç bir keçərliliyi yoxdur. “Dövlətin verdiyi pulla bu ətrafda ev almaq mümkün deyil. Camaatı bu kompensasiya ilə öldürmək istəyirlər. Bura şəhərin mərkəzidir. Hara istəyirəm gedirəm, gəzirəm… Bilirəm ki, söküntüyə razı olmasam, əlimi-qolumu sındırıb evdən çıxaracaqlar”.
Şəhrəbanu Ismayılova Mənzil Istismar Sahəsində (MIS) işləyir. Deyir ki, iki il əvvəl MIS evlərin sənədlərini yığıb. Bundan sonra gəlib-gedən yoxdur. “Mənə köçmək sərf eləmir. Şəhərin mərkəzidir, işıq, qaz, su, hər cür şəraitim var. Kompensasiya aşağı da olsa, məcbur qalıb çıxacağıq. Onsuz da kasıbları şəhərdən kənara çıxarırlar” (gülür).
“Kubinka” sakinlərinə bankdan kredit vermirlər
“Kubinka”da satıcı işləyən oğlan deyir ki, bu yaxınlarda bankdan pul götürmək istəyib, amma ala bilməyib. “Bank işçisi dedi ki, siz tərəflər siyahıya düşüb, söküləcək”. “Kubinka” sakini Aygün Qasımova deyir ki, kaş onları tez köçürsünlər. “Füzuli küçəsində adamları qışqırda-qışqırda evlərindən küçəyə çıxardılar. Mən də onların tayı. Kimin əlindən nə gəlir?! Bir otaqlıda qalırıq. Hər kvadrata 1500 manat kompensasiya azdır. Burada evlərin çoxu ”kupça”lıdır. Çox yer də gecəqondulardır. Tez köçürsünlər, canımız narkomanların əlindən qurtarsın”(gülür).
Qara Şəhərə 1000 manat, Ağ Şəhərə 1400 manat…
Qara Şəhər ərazisini tanımaq üçün lövhə vurulmayıb, amma təzə tikilməyə başlanan Ağ Şəhərin tanıtım lövhəsi var. Ağ Şəhərin sonu Qara Şəhərdir. Qara şəhərli, 62 yaşlı Tahir Həsənov evlərindən çıxmaq üçün onlara iki ay vaxt qoyulduğunu deyir. Icra Hakimiyyətinin təyin etdiyi bu vaxtın 1 ayı keçib. Amma sakin verilən kompensasiyadan razı deyil. “Yaşayış yerlərin 1000 manatdan, qalanını 750 manatdan hesablayırlar. 60-70 kv.metrlik evim var. 60-70 minə ev almaq olmur. Bu deportasiyadır”.
T.Həsənov deyir ki, burada 3-4 nəfərin evinin kupçası var, qalanları sənədsizdir. 62 yaşlı sakin təəssüflənir ki, mərhum prezindent Əbülfəz Elçibəyin vaxtında “kupça” almayıb. “O vaxtlar münasib qiymətə kupça verilirdi, başısoyuqluq elədim almadım. Bir neçə il əvvəl 5-6 nəfəri aldadıb saxta ”kupça” veriblər. “Kupça”nı 500-600 manata satıblar”(gülür).
Nizami adına park “Luna Park” olub
Sakin deyir ki, Qara Şəhərdən köçürüləndən sonra qara günə çıxacaqlar. “38 ildir burada yaşayırıq. Elə pul versinlər ki, ev almaq olsun. Şəhərdən kənara köçməkdənsə, öz kəndinə getmək ondan yaxşıdır. Yolun kənarıdır, belə yeri haradan tapacam? 3-4 gün əvvəl Icra Hakimiyyətinə çağırmışdılar. Deyirlər, hər kvadratmetri 1000 manatdır. Bizə 1000 manat deyirlər, özləri neçəyə rəsmiləşdirirlər, bilinmir”.
Qara Şəhərin yanında bir neçə ay öncəyə qədər Nizami parkı olub. T.Həsənov deyir ki, parkın ərazisindəki nadir ağacları qırıb, əvəzinə yelləncəklər qoyublar. Nizami adını götürüb əvəzinə “Luna Park” asıblar. “Nizami kimi dahini məhv elədilər. Adamın qəlbini ağrıdır…”
Qara Şəhərin ən hündür ərazisində yaşayan qadın deyir ki, 2 həftə əvvəl evinin hasarını söküblər. Xəbərdarlıq ediblər ki, “sabah da gəlib sökəcəyik, uşaqlarını qoru”. “20 gün vaxt qoyublar ki, gəlib evləri də sökəcəyik. Evdən çıxarılma ilə bağlı bizi məhkəməyə verməyiblər. Deyir, sizə hörmət eləyib 1000 manat verərik. Verdikləri pul təzə ev almağa bəs eləmir. Qayınanam, qayınatam, yoldaşım, iki uşağım var. Bu pulla gedib harada yaşayacam? Evlər od qiymətinədir”.
Qara Şəhər sakini Qənirə Ələkbərova deyir ki, burada evlərin kvadratmetri 1000 manatdan, həyətyanı sahələri hesablamadan yardımçı tikililələrə 750 manat verirlər, amma tikiləcək Ağ Şəhərin binalarında hər kvadratmetr 1400 manatdan satılacaq. “Yaxın ərazilərdə belə bir həyət alsam, ən azı 200 min manat pulum olmalıdır. Icra Hakimiyyətinə deyirsən ki, evimin əvəzində ev ver, deyir, balansımda mənzil yoxdur. Amma buna görə sənə pul verilir. O pulla ev tik, yerləşdir. Bir binanın yerini verirəm sənə, sən mənə bir ev verə bilmirsən?”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev “Azadlıq”a deyib ki, “Sovetski”də yararsız evlər söküləcək, yerində yaşıllıq salınacaq. “Amma konkret bu 1 ildən, 5 ildən sonra olacaq, bunu demək çətindir. ”Sovetski”də həm park, həm də tarixi-mədəni mahiyyət daşıyan tikililər olacaq. “Kubinka”da tikinti tikiləcək, yaşayış binaları, ictimai binalar, sosial təyinatlı obyektlər, biznes mərkəzləri olacaq. Çox adam istəyir ki, günü sabah köçsün, çünki orada zülm çəkirlər”.
Bakı Şəhər Icra Hakimiyyətinin mətbuat katibi Nuranə Mərdanova “Azadlıq”a deyib ki, ərazilərdə söküntünün nə vaxt aparılacağı ilə bağlı məlumat yoxdur.
Bakı qədimliyini saxlayacaqmı?
Hökumət qədim Bakının qırışmış sifətini açmaq istəyir. Bakı bir qadının qırışmış üzüdürsə, estetik əməliyyatla özü ola biləcəkmi? Bakı təbiiliyini saxlayacaqmı? Bu suallara isə heç kim cavab vermir.
Sevinc Vaqifqızı