Hardasa 10-15 il əvvəlin söhbətidir. O vaxt kəndimizdən Bakıya işləyən iki mərtəbəli avtobus gətirmişdilər. Həmin günlərdə camaat bir lətifə düzüb-qoşmuşdu. Deməli, bir gün ata ilə oğul Bakıya getmək üçün iki mərtəbəli avtobusa minirlər. Ataya maraq güc gəlir, ikinci mərtəbədə getmək istəyir. Qalxır yuxarı.
Gəlhagəl, gəlib Kürdəmirdə dayanırlar. Ata ilə oğul da digər sərnişinlər kimi, avtobusdan düşürlər. Ata oğuldan soruşur:
– A bala, sizin aşağıda şoferiniz var?
– Əlbəttə, – oğul cavab verir.
– Yenə şükür! Amma biz yuxarıda allah ümidinə gedirik.
Mən bu lətifəni dünən bir xəbəri oxuyanda xatırladım. Həmin xəbərdə deyilirdi ki, tezliklə Bakı metrosunda pilotsuz qatarlar olacaq. Yəni bir növ biz yerin altı ilə allah ümidinə gedəcəyik.
Əslində mən bunu çox simvolik sayıram. Bir halda ki, ölkə özü “allah ümidinə” qalıb, “pilotsuz qatar”a çevrilib, millət, dövlət olaraq hara getdiyimiz, bir addım sonra belə bizi nə gözlədiyi bəlli deyil, o zaman nəinki Bakı metrosundakı qatarlara, heç Cahangir Əsgərovun “Boinq”lərinə, Ziya müəllimin “badımcan taksi”lərinə də pilot-zad tələb olunmur. Qəzamız mübarək!
***
Indi mən bu sətirləri yazıram, yaza-yaza da düşünürəm ki, görəsən yazdıqlarımda xalqın maraqlarına zidd heç nə yoxdur ki? Axı dünən möhtərəm Mətbuat Şurasının neçənci qurultayınasa təbrik məktubu göndərdi, orada jurnalistlərin nəyi necə yazmalı olduğunu göstərdi. Məsələn, “Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli?”.
Bu, lap Sov.IKP MK ritorikasıdır. Zamanın ruhuna aykırıdır. Hakim güclərin Qələmə diqtə dövrü çox geridə qalıb. Üstəlik, bu fikrə düşənlər tarixdə həmişə məğlub olublar.
Üstəlik, “xalqın maraqları” kimi bir ifadə çox təyinatsız və mücərrəddir. Axı hərə “xalqın maraqları” deyilən şeyi bir cür təsəvvür edir. Məsələn, məncə, üçüncü müddətə prezidentlik bizim maraqlarımıza uyğun deyil. Bu, Azərbaycanın dünyada çağdışı obrazını yaradır. Belə çıxır ki, planetin fərqli coğrafiyalarında fərqli toplumlar daha çox azadlıq, daha çox demokratiya uğrunda mübarizə apararkən biz sürətlə orta çağın, şahlıqlar dövrünün dərin bataqlığına yuvarlanırıq.
Yaxşı indi necə olacaq bu? Mənim düşüncəmdəki “Azərbaycan maraqları” necə olacaq bəs? Mənim düşüncəmdəki “xalq maraqları”nı kim qoruyacaq? Axı niyə bu ölkədə yalnız bir nəfərin müəyyənləşdirdiyi xətt “xalqın maraqları”na uyğun hesab edilməli, yerdə qalanlar “ünsür”, “element”, “antimilli” deyə damğalanmalı, dışlanmalı, xor görülməlidir?
Axı biz bu ölkəni həm özümüz, həm başqaları üçün yalnız fikirlər nə qədər rəngarəng, düşüncələr nə qədər müxtəlif olarsa, cazibədar edə bilərik. Azərbaycanın maraqlarına ən uyğun olanı da budur axı: hər kəsin istədiyi kimi düşünmək, danışmaq, yaşamaq, seçmək, sevmək azadlıqlarının təmin edilməsi!
Şəxsən mən Azərbaycanın maraqlarını bundan kənarda təsəvvür etmirəm, edə bilmirəm.
Və mənim suçum deyil ki, yaptokratik rejim üçün Azərbaycanın maraqları sadaladıqlarımın tam əksidir. Onun üçün “hər ağızdan eyni avaz”ı eşitmək məqbuldur.
Birrəngli, birqütblü olmaq məqbuldur.
Eybi yox, qoy olsun.
Hər kəs öz düşüncəsindəki, öz dünyasındakı Azərbaycan maraqlarını qorusun, yazsın, anlatsın, yaşasın.
Enində-sonunda kimin haqlı olduğu, kimin milli, kimin antimilli, kimin həqiqətin dostu, kimin vətən düşməni olduğu aydınlaşacaq onsuz da.
Seçdiyiniz dəyərlərə, getdiyiniz, ölkəni də apardığınız yola belə inanır, güvənirsinizsə, nə üçündür bu narahatçılıq?
Nə üçündür hər kəsi eyni qazanda qaynatmaq adına bu cəhdlər, çabalar?
Hamını eyni bağın gülünə, eyni gülün bülbülünə…
Eyni dağın yelinə, eyni dərənin selinə çevirməkdən ötrü bu basqılar, bu təhdidlər nə üçündür axı?
Imkan verək, zaman hər şeyi yerbəyer etsin.