Abbas Abbasovu yəqin ki, dinlədiniz, dedi ki, mən Ilham Əliyevi çox sevirəm və icazə versələr… Vətənimdə dəfn olunaram.
20 il rejimə sədaqətlə qulluq edəndən sonra bu cür kədərli şəkildə xitab etmək, rejimə “3 metr torpağı versəniz də, sağ olun, verməsəniz də” demək… Razılaşın ki, çox ağır, sözlə ifadə edilə bilməyəcək qədər kədərli bir ifadədir.
Anadan olduğu torpaqda dəfn edilmək ən qatı cinayətkarların belə haqqı olduğu halda, Abbas Abbasov niyə bunun üçün icazə istəməlidir, görəsən?
Istər-istəməz Lenin-Stalin dövrünün görkəmli dövlət xadimi Mixail Ivanoviç Kalinin yada düşür… 1938-ci ilin yanvarında SSRI Ali Soveti Rəyasət Heyətinin sədri seçildi, elə həmin ilin oktyabrında isə həyat yoldaşı həbs edildi və Sibirə göndərildi. 8 il özü bu postda, arvadı isə həbsdə oldu…
Bir dəfə də olsun Stalindən cürət edib soruşmadı ki, bu nə məsələdir.
Oxşarlıqlar çoxdur, məsələn, deputat bacısı həbsdə olan Ilqar Mikayıloğlunu götürün, ANS kanalında paradda nümayiş edilən köhnə silahlar haqqında elə bir pafosla danışırdı ki, bir anlığa insan, bu şəxsin bacısının həbsdə olduğunu, silahların da 30-40 il əvvələ aid olmasını unudurdu. Halbuki hamı ondan rejimə “mənim bacım sizdən çoxmu rüşvətxor idi” – sualını eşitmək istəyir…
Misallar, paralellər o qədər çoxdur ki, onları bir-bir sadalasaq gərək başqa heç nə yazmayaq…
Bəli, totalitarizm insanların lazım olmadığı, eyni zamanda insanlara lazım olmayan bir rejimdir. Burada istifadə olunan insana çevrilmək uğrunda mübarizə gedir, bunu bacara bilmək üçün ilk növbədə laqeyd olmağı bacarmalısan.
Diktatura həmişə amansız və xalqının taleyinə biganə komanda ilə ömrünü uzatmağa çalışır. Bu komandanın bütün üzvləri istedadsız və sivil cəmiyyətdə heç nəyə nail ola bilməyəcəklərini gözəl anlayan şəxslərdir. Onların hamısını birləşdirən bir cəhət isə, başqalarına olan nifrətdir…
Götürək elə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovu. Bu rejimdən şəxsi xoşbəxtliyi (mən buna xoşbəxtlik deməzdim – X.Ə.) üçün nə lazımsa, qopara bilib. Göz qırpımında elmlər doktoru, professor olan bu şəxs gözəl bilir ki, ayda 150 manat alan elm adamı hansı vəziyyətdədir, amma bunu dilinə gətirməyi ağlından belə keçirmir. Çünki onun xoşbəxtliyi(!) məhz o elm adamlarının bədbəxtliyi üzərində qurulub. Çünki bu insanlar hələ Əli Həsənov metal qəbulu məntəqəsində “qapançı” işləyəndə elmlər namizədi idilər. Indi Əli Həsənov professordur, onlar yenə də yerlərində sayırlar…
… Məmurların elmə olan həvəslərinin “dombalması” və onun fəsadları ayrıca bir söhbətin mövzusudur və bu haqda gələn saylarımızın birində ətraflı danışacağıq.
Əli Həsənov həmin görüşdə bir də onu dedi ki, Ilham Əliyevin prezident seçkisində təbliğatına ehtiyac yoxdur, o, xalqın xoşbəxtliyi üçün çalışır və xalq da onu yenidən prezident seçəcək.
Elə bu yazının dərc olunduğu saytda, sadə bir həkimin Əli Həsənovun bu tezisinə münasibətindən bir neçə cümləni nəzərinizə çatdırıram. Bu eyni zamanda Ilham Əliyevin professoru ilə adi bir həkimin səviyyə göstəricisi hesab oluna bilər, buyurun və özünüz nəticə çıxarın, həkim yazır:
“Biz həkimlər 120 manat maaş alırıq və çox xoşbəxtik, çünki Odlar yurdu, Koroğlu diyarı, Nəbi qeyrətli, Babək şücaətli Azərbaycan bizim vətənimizdir. ABŞ-da sahə həkiminin illik əmək haqqı 180 min dollardır, amma bizim qədər xoşbəxt deyillər…” Kifayətdir məncə…
Sadə həkim və Prezident Administrasiyasının şöbə müdiri, professor məntiqini tutuşdurun və bizi kimlərin idarə etdiyini görün…
Əli Həsənova görə ölkədən 48 milyardlıq sərvəti çıxaran Ilham Əliyev ayda 120 manat maaş alan həkimin də, 150 manat alan elmi işçinin də xoşbəxtliyi üçün çalışır. Xarici ölkədə ayda 12 min alan həkim də, 15 min alan elmi işçi də bədbəxtdir, çünki onların prezidenti Ilham Əliyev deyil…
Sual oluna bilər: Bu məntiqlə ölkəni 20 il necə idarə ediblər?
Çox sadə, çünki Əli Həsənovun vəzifəsi bu cəfəngiyyatı söyləyib aradan çıxmaqdır, sonrakı dialoqa isə Ramil Usubov dubinka ilə gəlirdi: “Kimdir burda özünü xoşbəxt hiss etməyən?”.
Diktaturaların taleyinin asılı olduğu bu suala xalqın cavabı həmişə gözlənilməz olur…