Mehriban Əliyevanın namizədlik məsələsi iqtidar düşərgəsində qeyri-müəyyənlik yaradıb
İlham Əliyevin xanımı Mehriban Əliyevanın prezidentliyə namizədlik məsələsi iqtidar komandasında çaşqınlıq yaradıb. Bu barədə qəzetimizə hakimiyyətə yaxın mənbə bildirib. Mənbənin sözlərinə görə, əgər Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) Mehriban Əliyevanın namizədliyini irəli sürdüyü ilk günlərdə bu məsələyə hakimiyyətdə barmaqarası yanaşılırdısa, artıq vəziyyət dəyişib.
Komanda daxilində çaşqınlıq və narahatlıq yaranıb. Çünki DADP bu məsələdə israr edir. Hətta partiya rəhbərliyi Prezident Administrasiyasına çağırıldıqdan sonra mətbuat konfransı keçirərək mövqelərindən geri çəkilməyəcəklərini bəyan etdilər. DADP-nin ardınca isə daha iki partiya Mehriban Əliyevanın namizədliyini irəli sürdü. Bunlar Azad Respublikaçılar Partiyası və Mübarizlər Partiyasıdır.
Digər tərəfdən bu günə qədər Mehriban Əliyeva bu məsələyə reaksiya verməyib. Əgər ilk günlərdə bəzi YAP-çılar Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsini təxribat hesab edirdilərsə, artıq bu tip açıqlamalar gözə dəymir. Sanki YAP-a bu barədə ümumiyyətlə danışmamaq komandası gəlib. Bütün bunlar əlbəttə ki, komanda daxilində qeyri-müəyyənliyə səbəb olub. Hakimiyyət dəhlizlərində nə baş verdiyi müzakirə mövzusuna çevrilib. Lakin heç kim qəti söz deyə bilmir.
Yada salaq ki, Mehriban Əliyevanın namizdəliyi məsələsi hələ 2008-dən gündəmə gəlib. Lakin hakimiyyətdəki “Naxçıvan” qruplaşması buna qarşıdır. Elə 2009-cu il referendumu da Paşayevlərin 2013-lə bağlı planlarına qarşı keçirilmişdi.
Lakin görünür, hakimiyyətdəki ikinci soyad iddiasından geri çəkilmək niyyətində deyil.