Cəvahir xala:
– A bala, heç olmasa, iki otaq istəsəydin, bəlkə birini verərdilər.
– Mən otaq istəmirəm ki, Cəvahir xala, sadəcə köşə olsun, dedim.
– Zatən köşədəsən, a bala…
***
Ötən illərdə hərdən baxdığım “Son” adlı türk serialındakı bir ifadəni unuda bilmirəm. “Yarımhəqiqət ən böyük yalandır” demişdilər. Həyatımın əksər anlarında qarşılaşdığım bu gerçəkliyi təsirləndiyim başqa deyimlər kimi əlimə və yaxud divara yazmadım. Eləcə özü yadımda qaldı.
Başqalarını deyə bilmərəm, mən nəinki yarım və bütöv, heç ağappaq yalandan da qorxmuram. Məsələn, deyiləndə ki, Azərbaycan xalqı yoxsulluğun daşını atıb tox və firavan həyat sürür, mən bundan nəinki darılmıram, hətta xoşlanıram. Baron Münhauzenin kimə nə ziyanı vardı ki? Əksinə, nəinki uşaqlar, hətta böyüklər də onu sevirlər.
“Gücüm çatmayan şeylər məni narahat eləmir”. Bunu da kim deyibsə, “toçnu” bizim üçün deyib. Məsələn, ölkədə hökm sürən yarımhəqiqət rejimə gücün çatmırsa, narahat olmayacaqsan. Kimsədən heç nəyin hesabını soruşmayacaqsan. Əgər çaşıb soruşdunsa, cavabını elə alacaqsan ki, ömrün boyu verdiyin sualların bədəlini ödəyəcəksən.
Ağlıma gəlmişkən, “Ulduz”ların altındakı kədərli nağıla görə oxucularım məni bağışlasınlar…
***
Xatirələrə köçmüş sovet kəndində məni cəmi iki-üç hörmətli yerdən birinə – kitabxana müdirliyinə işə düzəltmişdilər. Cins mal-qara fermasının görkəmli bir guşəsindəki kitabxanın müdiri olaraq vəzifəm boğazdan yuxarı mədəni-kütləvi tədbirlər təşkil etməkdən və kitabxananı maksimum açıq saxlamaqdan ibarətdi. Insafən, o dövrdə kitab oxuyan az deyildi. Amma mütləq ölü deməyib, diri deməyib şişirdilmiş plana görə kənddə oxucu sayını artırmağa məcbur idik.
Bu şərtlərə cəmi iki ay dözə bildim. Günün birində SOV.IKP-nin qurultay materiallarını qırmızı örtüklü masanın üzərində görə bilmədiyi üçün ağzından köpük daşan məmuru içəridə bağıra-bağıra qoyub kitabxananı biryolluq tərk etdim. Yüz otuz manat məvaciblə müdir olmaqdansa, bircə həftə sonra rayon qəzetində ştatsız müxbirliyə başladım. Aylıq qonorarım maksimum otuz manata çatdığından on beş manat kirayə haqqını ödəməklə, bütöv ayı qalan on beş manata yola verməliydim. Verirdim də. Normal insan, əlbəttə, bu şəraitə dözməzdi. Mən dözürdüm. Çünki mən normal adam deyildim. Indiyə qədər də ola bilməmişəm.
Nə olur-olsun qəzetdən əl çəkməyəcəyimi görən redaktor məni rəsmi olaraq yarımştat xadimə işinə təyin etdi. Kitabxana müdiri olanda mənim də xadimə götürmək səlahiyyətim vardı. Və işə götürdüyüm yaşlı qadından yalnız maaşdan-maaşa gəlməsini istəmişdim. Özüm isə redaksiyada süpürgəni əldən qoymurdum ki, qəzet adlı möcüzənin əmələ gəldiyi ocaqdan aralı düşməyim. Ocaq demişkən, qışda xadiməlik vəzifəm ocaqçılıqla əvəz olunurdu. Yayda yenidən ştatlı xadimə və ştatdankənar müxbirliyə qayıdırdım.
Başqa bir dəfə başqa bir münasibətlə bioqrafiyamın əmək kitabçasında möhürlənmiş bəndlərindən yazmışdım, təkrara görə oxucudan üzr istəyərək mətləbə keçirəm: Bəlkə jurnalistlərin binasından mənə də bir otaq versinlər? Bu mənzillərə talib olmaqda adları hallanan məşhurlar qədər olmasa da, başımı içəri salıb xatirələrimi yazmaq üçün kiçicik sığınacağa bir az mənim də ehtiyacım var. Mənzil paylamaq işinə rəhbərlik edənlər komissiya göndərib yaşadığım kommunal ibtidai şəraiti, on il üst-üstə yığdığım icarə-yaşayış müqavilələrini, bu kimi bütün qəzalı mənzillərin özəlləşdiyi halda, mənim rədd edilmiş ərizə və məktublarımı, peşə fəaliyyətimlə bağlı qəzaya borclu olduğum şikəst ayağımı və sairə bu kimi özəlliklərimi yerində yoxlatdıra bilərlər.
Işdir-şayəd bir möcüzə baş versə, desələr ki, bəli, bir otaq da olsun həmin bu felyetonçu, qəzetçi, xadimə-ocaqçı, hərəkatçı, cəbhəçi, inqilabçı, yazıçı və nə bilim daha nəçi Nazlı Ağayevanın! Onda da olmaz ki, bu iş… Axı, mən məsələn, “xozeyka”larım Ceyran xalanın, Mərcan həkimin, Qənirə nənənin “Işığı tez söndür!”, “Hökumətnən hökumətlik eləmə!”, “Evi çayxanaya döndərmə!” və sair qadağaları olmadan, “JEK”in hər il sərtləşən müqavilələrindən həyəcanlanıb gündə qan təzyiqim qalxmadan yaşaya bilmərəm ki! Çünki bəzən işgəncə həddinə çatan bu çətinliklər artıq həyatımın mayasına və mənasına çevrilib. Amma yenə hardansa belə bir təklif olsa, “Siz bilirsiniz”, deyərəm. Çünki öz bildiklərimdən indiyə qədər bir şey çıxmadı…
P.S. Bu da belə bir zarafatdır, lütfən, ciddiyə almayın…