İki nəfərin ölümünə bais olan şirkət «siz yazırsınız, gəlirlər, biz rüşvət veririk, gedirlər» deyir
«Tərəqqi» MTK-nın nümayəndəsi: “Bizim onları nə köçürməyə, nə də kompensasiya verməyə pulumuz var»
Kubinka ərazisi, Ə.B.Topçubaşov küçəsi 157 ünvanında yaşayan iki ailə 3 ildir evləri yarıuçuq vəziyyətdə yaşayırlar. 2000-ci ildə “Tərəqqi” Mənzil Tikinti Kooperativi (MTK) göydələn tikmək üçün bu evlərdən yarım metr məsafədə ağır texnikadan istifadə edərək təməl qazıb. Bu vaxt hər iki evin sol divarı bir neçə yerdən çat verib. Gülarə Alışovanın evinin sol divarı tamamilə uçub. Tavan da yerə çökmüş vəziyyətdə qalıb. Ev sahibi bu qəzanı sübut etmək üçün daşlarla dolu otağını həmin günkü kimi saxlayıb. “Yer qazanda ağır texnika işlətdilər. Hündür bina tikirdilər. Gördüm ki, ev silkələnir. Işçilərin üstünə qaçdım ki, texnikanı saxlayın. Işçilər dedi ki, bizə tapşırıblar, işləyirik. Binanın sahibi Famil müəllimlə danışdım ki, evim uçur, texnikanı saxlatdırın. Dedi, evin uçur deyə mən bina tikməyəcəm? Telefonu üzümə qapatdı”.
Sakin deyir ki, bu tikinti şirkəti həmin əraziyə yaxın yerdə iki nəfərin ölümünə səbəb olan qəza törədib. 2006-cı ildə ağır texnikanın uçması nəticəsində ana uşağı ilə birgə evində vəfat edib. “Dedim, onlar rəhmətə gedib indi bizi öldürmək istəyirsiniz? Neçə ildir bizi məhkəməyə verirlər. Mənə deyirlər ki, sənə 12 min pul veririk, çəkil. Amma mən 157 min manat istəyirəm”.
G.Alışova deyir ki, otağın uçması nəticəsində gəlini qorxudan bətnindəki 6 aylıq oğlunu itirib. O, həyat yoldaşının da bu hadisənin təsirindən iflic keçirdiyini deyir. Qadının həyat yoldaşı 3 ildir yataq xəstəsidir. “Onlara dedim ki, mənə pul verin, ərimi müalicə elətdirim. Onlardan ayrı-ayrılıqda 200, 300, 500 manat pul almışam. Amma indi məhkəməyə təqdim etdikləri məktubda yazıblar ki, guya mən pul alıb tikintiyə razılıq vermişəm. Bir məktubda yazıblar ki, 14 min 500 manat almışam, növbəti dəfə 15.000 yazırlar, gələn dəfə 16.000 manat… Elə bil pul balalayır (gülür). Deyirəm ki, ay Hacı (tikinti şirkətinin nümayəndəsi kimi təqdim edir – S.V.), bu nədir, hər gün bir rəqəm yazıb göndərirsiniz. Deyir, biz də nəsə yazmalıyıq də…”
Daşlarla dolu olan otağın bir küncündə yataq yerləşdirilib. Qadın deyir ki, bu otaqda nəvəsi yatır. Hadisədən sonra isə gəlini və oğlu məcbur qalaraq 300 manata kirayə evə yerləşiblər. Qadın deyir ki, otağın tavanı hər gün çökür. O biri otağın sol divarı da tikinti səbəbi ilə zədələnib. Həmin divarın altında da G.Alışovanın digər nəvəsi yatır. Qadın divara xalça asmaqla onun çatlarını ört-basdır edib. Evin sahibi deyir ki, qışda bu otaqlarda yaşamaq olmur. Divarlara selofanlar tutaraq yağışdan qorunur. “Icra Hakimiyyətinə getmişdim. Mənə deyirlər ki, sən yarım milyon pul istəyirsən, ona görə də səni qane edə bilmirlər. Onlar heç mənimlə qiymət danışmayıblar. Mən onlardan 157 min manat kompensasiya istəyirəm. Onlar deyir ki, 1500 manatdan 12 kvadrat metrə pul veririk. Qalan sahələrə 500 manatdan pul hesablayırlar. Mən bu pulla hamam alıb qalacam?”.
“Tərəqqi” MTK-dan zərər çəkmiş digər evin sahibi Tamara Abbasquliyeva deyir ki, uşaqlarının qaldığı otaq qəzalı vəziyyətə düşüb. Otağın hər küncündə iri çatlar əmələ gəlib. Qadın deyir ki, bu otaq hər gün bir az daha irəli gəlir. Tikinti şirkətindən gəlib otağın girəcəyinə iki dirək vurub gediblər. “Şirkət bizi məhkəməyə vermişdi ki, guya biz artırma eləmişik, ona görə qəza olub. Biz burada necə artırma edə bilərik? Axı yer yoxdur… Hər yerə şikayət məktubu yazmışıq – Milli Məclisə, Mehriban Əliyevaya, Ilham Əliyevə, Fövqəladə Hallar Nazirliyinə, Icra hakimiyyətinə… Hamısından cavab gəlib ki, ailələr təcili köçürülsün. Amma bizi heç kim köçürmür. Demək, qanunu heç kim saymır. ”Tərəqqi” MTK-dan deyirlər ki, “siz yazırsınız, gəlirlər, biz rüşvət veririk, gedirlər”. Deyir, qoymursunuz ki, biz pulumuzu yığaq, sizi yola salaq. Onlar heç prezidenti də saymırlar”.
“Tərəqqi” MTK hər iki sakini məhkəməyə verərək qəzanın onların ucbatından baş vermədiyini bildirib. Ekspert təyin olunub və ərazi müayinə olunandan sonra rəy verilib ki, evlər ağır texnikanın təsirindən yox, köhnə tikililər olduğuna görə uçub. “Tikinti şirkəti eksperti pulla almışdı. Ekspert deyir ki, bu ev tikintiyə görə uçmayıb. Dedim binaların arasındakı məsafə onların hündürlüyü boyda olmalıdır. Amma o binanın eyvanı az qala mənim evimə keçir. Onların ancaq bir sözü var: ”Pul verib onların ağzını bağlayırıq”. Vəkilimizi də öz tərəflərinə çəkdilər. Kimə şikayət edirsən, pul verib susdururlar. Ölüm işi olanda da dedilər ki, pulların verdik, yola saldıq”.
Tamara Abbasquliyeva deyir ki, şirkət 9-cu mikrorayonda hündürmərtəbəli bina tikir. Amma sakinlərə əvvəlcə deyilib ki, buradakı binanı tikib qurtarandan sora onları köçürəcəklər. “Evimin ”kupça”sı da var. Onlar heç danışığa gəlmirlər. Əvvəlcə evin hər kvadratmetrinə 700 manat dedilər, sonra 1200-ə qaldırdılar. Mən mərkəzdə yaşayıram. Bu pulla hara gedəcəm? Sən mənim evimi zədələməsən, mən getmək istəmirdim. Mən ikinci qrup əliləm. Tikinti şirkətinin əlində qalmışam. Onlar heç kimi saymırlar. Hər işlərin rüşvətlə həll edirlər”.
“Tərəqqi” MTK-nın nümayəndəsi Hacı Hakim “Azadlıq”a deyib ki, sakinləri köçürməyə pulları yoxdur. “O evlər dövlət planına düşdüyünə görə söküləcək, ona görə də kompensasiya verilmir. Bizim onları nə köçürməyə, nə də kompensasiya verməyə pulumuz var. Biz vaxtında təklif etmişdik ki, tikdiyimiz binalarda onlara yer verək, onlar razı olmadılar. Indi də yerimiz yoxdur. Məhkəmə onlara kompensasiya verilməsi haqqında qərar çıxarmayıb. Dövlət onları köçürəcək”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev “Azadlıq”a bildirib ki, “Kubinka” ərazisinin köçürülməsi haqqında hələ işçi layihəsi hazırlanmayıb. “Kubinka”nın köçürülmə ərazisi olduğu təsdiqlənib. Işçi layihəsi hazır olandan sonra köçürülmənin vaxtı bəlli olacaq. Bu layihə 2030-cu ilə qədər nəzərdə tutulub. Bəlkə, həmin sakinlər 20 ildən sonra köçürüləcək, bunu kim dəqiq bilir?”.
C.Qocayev əlavə edib ki, həmin ərazini ayrı-ayrı sahibkarlar da ala bilərlər, amma müfəssəl planlaşdırma layihəsində nəzərdə tutulan ölçülərə uyğun bina tikməlidirlər.
Hüquqşünas Müzəffər Baxışov “Azadlıq”a deyib ki, məhkəmədə ziyan vuranın əməli sübuta yetirilmirsə, o, cəzalandırılmır. “Bu işi rüşvətlə görə bilərlər, çünki Azərbaycan hüquqa söykənən dövlət deyil. Sakinlərin yeganə çarəsi Avropa Məhkəməsinə müraciət etməkdir. Onlar ölkə daxilindəki məhkəmələri qurtarıb Avropa Məhkəməsində haqlarını təmin edə bilərlər”.
Qeyd edək ki, 2006-cı ilin dekabrın 13-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “Tərəqqi” MTK-nın sədri Rizvan Kərimov həbs edilib. Şikətin apardığı tikinti zamanı qazma-suvarma aqreqatının uçması nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. MTK-nın sədri Cinayət Məcəlləsinin 222-1.2-ci maddəsi (tikinti qaydalarını pozma) ilə təqsirli bilinərək həbs edilib.
Sevinc Vaqifqızı