Elşad Abdullayev növbəti videonu yaydı
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev yeni video yayıb.
Keçmiş rektorun bu dəfə yaydığı çəkilişi Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi “Azadlıq.TV”yə təqdim edib. Budəfəki söhbət Mirsahib Məcidovla Elşad Abdullayev arasında gedən danışığın ikinci hissəsidir. Mirsahib Məcidov E.Abdullayevə qardaşı, MTN-in zabiti Mahir Abdullayevin Novxanıda bağların birində saxlandığını iddia edir. O, təkidlə bağın yerini soruşsa da Mirsahib Məcidov bağın yerini demir: “Bağ dənizin sahilində deyil. Hündür divarlarla əhatə olunub. Yəqin kiminsə adına sənədləşdirilib. Indi qaçqınların adına villalar sənədləşdirirlər”. Daha sonra Mirsahib Məcidov M.Abdullayevin oğurlanmasında dostu Qulu Cəfərovun əsas rol oynadığını bildirir: “Qulunun külli miqdarda borcu olub. 950 min pulu Mahirə ödəməmək üçün oğurlayıblar. Nağd pul olub, maşın olub, kafe olub”.
Mirsahib Məcidov bildirir ki, Q.Cəfərovun arxasında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Akif Çovdarov durur. Mirsahib Məcidov qeyd edir ki, M.Abdullayev müğənni Mətanət Isgəndərlinin evindən aparılıb: “Mahir aparılanda huşsuz olub. Onu Mətanətin evindən aparıblar. Çağırıblar ora, bu da gedib. Mahir Mətanətə etibar edirdi. Ağlına da gəlməzdi ki, onu apararlar”. Mirsahib Məcidovun sözlərinə görə, Mahir Abdullayevin qaytarılması üçün bir neçə dəfə Qulu Cəfərovla görüşüb: “Bir dəfə görüşə Qobu qəsəbəsinə dəvət etdilər. Bizi Qobuya çatmamış ikinci döngədə gözləyiblər. Düzü, Natiqi ora göndərməyə qorxurdum. Snayperi qoyarlar bir yerə, vurardılar. Natiqin də bir uşağı var, balaca. Ömürlük gözükölgəli olardım. Sonra şəhərdə görüşürdük. Bir dəfə görüşdə şəkili Eldar da olub. Görüş yerini özləri təyin edirdilər”.
Qeyd edək ki, təqdim edilən videolent çəkilən gün Natiq Babaşov M.Abdullayevin çəklişi olan video kasseti gətirmək üçün Xaçmaz rayonuna gedib.
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi videolentlərin Baş Prokurorluğa təqdim ediləcəyini bildirib. Sonda onu da qeyd edək ki, videolentləri komitəyə Elşad Abdullayev göndərib.