Məmləkətin anası ağlamasın deyə bizim analarımız nələr çəkir?
Uşaqlıq illərimdən qulağımda bir nalə qalmışdı. Sovet filmlərindən birində övladından qara kağız alan qoca, iki gözü tutulmuş ata nalə təpirdi: “Ay camaat, balalarımızı əlimizdən alırlar”. Onun balasını, milyonlarla sovet vətəndaşının balasını əlindən alan Hitler Almaniyası, faşizm idi. Bu gün də balalar valideyinlərdən alınır, amma bunu xarici düşmənlər eləmir. Daxildəkinə də “düşmən” deməyə dilimiz gəlmir, çünki bu, ölkəmizin gələcəyi üçün yaxşı heç nə vəd eləmir. Amma nə qədər acı olsa da, bu bir reallıqdır ki, Azərbaycanda bu gün analar, atalar bala sınağı ilə üz-üzədirlər.
Bir-bir bu övladlardan, analardan yazsam, nə yer çatar, nə zaman, çünki yaxın mübarizə tariximiz bu cür olaylarla doludur. Amma nə edək ki, bu imtahansız da toplum silkələnmir, özünə gəlmir. Hələ də davam edən Əliyevlər faşizminin qurbanları Azərbaycanın yaxın tarixinin qəhrəmanlarıdırlar həm də. Biz mübarizə apararkən anamızın göz yaşlarını nə qədər umursaq da, yolumuza davam edirik, analar hər zaman ağlayır, biz doğulanda, hansısa uğurlarımız olanda (sevincdən), uğursuzluqlarımız olanda (kədərdən), ağlayırlar. Biz isə bütövlükdə bu məmləkətin anası ağlamasın deyə öz anamızın göz yaşlarından sadəcə güc almaqla yetinirik. Amma ən pisi odur ki, bu məmləkətin də, onun uğrunda fədakarlıq edənlərin də anasını ağladan öz içimizdən olan atalar-analardı. Bax, budur üz-üzə qaldığımız tablo.
Dustaq qızın anası
Nigar Yaqublu həbs ediləndə mən, sadəcə, bir şey düşünürdüm – görəsən bu boyda hakimiyyətdə ərinə nazı keçən, analıq hissini daha üstün tutan bir ana yoxdurmu, çıxıb desin ki, bu qədər də olmaz. Bu, Allahsızlıqdır, bunu heç kimə qarşı etmək olmaz. Bu düşüncələrlə yatıb-dururdum. Xəbər portallarını açanda hər dəfə bir sənət adamının Nigarla bağlı müraciətini oxuyanda sevinirdim, amma bu o deyildi axı. Bu necə ola bilir ki, gənc bir qızla belə düşmənçilik edilir. Bu təkcə hakimiyyətin, dövlətin zəifliyi deyil, həm də ən ortaq ülvi dəyərlərin aşınmasıdır. Bu, dəhşətli və qorxulu bir durumdur, analar çox qəddarlaşıblar, balalar üzərindəki siyasətə dözürlər, başqa anaların əzilməsinə, göynəməsinə dözürlər, çünki onların ərləri bundan pul qazanır.
Daşqının nəfəsi
Daşqın Məlikovun cibinə narkotik atıblar. Cabbar Savalanlını da belə şərləmişdilər. Amma Daşqın həm də astma xəstəsidir. Nəfəs ala bilmir. Nəfəs ala bilmək problemindən ikinci qrup əlildir. Onun nəfəsi tez-tez tutulur. Bir də düşünün: Daşqının anasının necə nəfəs aldığını, oğlunun bu vəziyyətini düşündükcə düşündüklərini, hiss etdiklərini. Başqa söz tapmaq da olmur, düşünürsən ki, yəqin bu addımı atanların da mənəviyyatı əlildir. Daha neçənci qrupdur, onu da törətdikləri əməllər ortaya qoyur. Nəfəs almaq problemi olan bir gənclə düşmənçilik edən zehniyyətə faşizm desək, o zaman faşizmin dəyər daşıyıcıları bizdən inciyərlərmi, görəsən? Bu gün elə bütün ölkə Daşqın kimi əlildir, onun kimi nəfəs alır.
9 yaşlı Toğrul bilirmi nə baş verir?
Son günlərin ən dəhşətli olaylarından biri də məhkəmənin 9 yaşlı uşağı anasından ayırmasıdır. Çünki anası müxalif fikirlər səsləndirir, hazırkı sistemi tənqid edir. Bu ananın və uşağın cəzalandırılmasında Toğrulun doğma atası alət kimi özünü istifadəyə verib. Rejimin istifadəsinə. Yəqin bildiniz ki, söhbət keçmiş millət vəkili Gültəkin Hacıbəylidən və onun öğlundan gedir. Düzdür, Gültəkin xanım “elə bilərəm oğlumu şəhid vermişəm” dedi. Fəqət, belə qisasçılığı özünə rəva bilən insan necə siyasətdə ola bilər, necə bu ölkənin idarəçilərindən biri ola bilər, necə kimlərəsə öyüd-nəsihət vermək statusunda ola bilər. Bu cür səhnələri bədii əsərində yazan yazıçıları qınadığım zamanlarım olub. Onları topluma belə düşüncələri yaymaqda ittiham eləmişəm. Amma gün o gündür ki, bu işləri edən insanlar bədii əsərlərdən, kinolardan həyatımıza köçüblər, biz indi kasta şüuru ilə idarə olunan hindlilərin həyatından bəhs edən filmlərin yazıq personajlarını oynayırıq.
Zaurun çatmayan qanı
Səkinə xala ilə tez-tez telefonla danışırıq. Bəzən o mənə zəng edəndə telefonu açmıram. Utanıram. Nə soruşacağını bilmədən nə deyəcəyimi düşünüb, xəcalət çəkirəm. Belə anlarda ən böyük işgəncə azadlıqda olmaqdır. Zaura qan vurmaq lazımdır, onu müayinə edəcək həkimi tapmaq bizə çox çətin başa gəldi. Zaur çox dəyişik dəyərlərlə yaşayan gəncdir. Onun ən böyük üstünlüyü inandığı həqiqəti yaşamağa maksimum can atmasıdır. Üstəlik, hər kəsin də istədiyi kimi yaşamaq haqqı olduğuna inanıb, belə bir imkanı verən toplumun qurulmasına görə mübarizə aparır. Türmədən də durmadan yazır. Bir dəfə dedi ki, bəy, bilmədiyim dillərdə yaxşı kitablar eşidəndə o dillərə nifrət etmək istəyirəm, amma alınmır, bildiyim dillərdəki tərcüməsini tapıb oxuyuram. Hələ yadımdan çıxmayıb bu söz. Sevgiyə bu qədər sədaqətli adama qalib gəlmək olarmı, sizcə. Ona nifrətlə nə etmək olar? Sadəcə, onu öz sevgisiylə daha güclü silahlandırmaqdan başqa…
Türkan nə deyir körpəsinə?
Arada düşünürəm ki, Türkan nə deyir balacası ilə oynayanda? Yəqin ki, atasının gözəl gələcək almağa getdiyini deyir. Belə olur əslində, atalar öz övladlarına gözəl gələcək almasalar, kim edər bunu. Başqalarının körpələrinin gözəl gələcəyini oğurlayan atalar isə azadlıqdadır. Rəşadətin öz övladına ən böyük hədiyyəsi demokratik Azərbaycan olacaq. Elə onu həbsə atanların da övladlarına hədiyyə olacaq bu. Ona görə də, atalıq, analıq bioloji bir şey deyil, o hissi bölüşə bilənlərin işidir. Qoy analar ağlasın, bundan sonra, ancaq sevincdən…
Seymur Həzi