Cəbhəçi gənc onu tutanlardan birini tanıyıb
AXCP fəalını internet-klubdan polislər oğurlayıbmış
AXCP-nin Gənclər Komitəsinin üzvü, martın 4-də metronun “28 may” stansiyasının yaxınlığındakı internet-klublardan birindən oğurlanan Dəyanət Babayevin yeri məlum olub. Sən demə, onu oğurlayanlar elə hüquq-mühafizə orqanlarının əməkdaşlarıymış. Dəyanət hazırda Binəqədi rayonu ərazisindəki Inzibati Həbs Olunanların Saxlanma Təcridxanasındadır.
Son vaxtlar siyasi motivli və ictimai rezonans doğuran həbslərin artdığını nəzərə alaraq, bu cür hadisələrə dərhal reaksiya vermək üçün hüquqşünaslardan ibarət Operativ Reaksiya Qrupu yaradılıb. Operativ Reaksiya Qrupunun üzvü, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev bildirib ki, Dəyanət Əliyevin yoxa çıxdığı barədə məlumatı alan kimi dərhal onun harada olduğunu aydınlaşdırmağa çalışıblar. Daxili Işlər Nazirliyində fəaliyyət göstərən 102 saylı telefonla Qaynar Xəttə məlumat versələr də, oradan hər hansı cavab gəlməyib. Yalnız martın 6-da məlumat gəlib ki, AXCP fəalı Bakı Baş Polis Idarəsinin Binəqədidəki müvəqqəti saxlanma təcridxanasındadır.
Qondarma ittiham
Bu barədə məlumat alan kimi Operativ Reaksiya Qrupunun üzvü, vəkil Əsabəli Mustafayev Dəyanətin yaxınlarıyla müqavilə bağlayıb və saxlama təcridxanasına gedib. Vəkilə həmin idarədə Dəyanətin Nəsimi rayon məhkəməsinin hakimi Emin Mehdiyevin qərarıyla 10 sutka inzibati həbs cəzası almasına dair sənədin surəti təqdim olunub. Qərarda göstərilib ki, Dəyanət Babayev martın 4-də saat 11-də Milli Bankın qarşısında hərəkət edərkən mobil telefonla bərkdən danışa-danışa gedirmiş və söyüş söyürmüş. Həmin vaxt Nəsimi rayonu, 22-ci polis bölməsinin sahə rəisi Elman Məmmədov və həmin bölmənin əməliyyat müvəkkilləri Zaur Həmidovla Elvin Abdullazadə ona yaxınlaşaraq, ictimai asayişi pozduğuna görə irad bildirəndə, Dəyanət “onların qanuni tələblərinə tabe olmayaraq, kobudluq göstərib” və buna görə də polisə aparılıb. Nəsimi rayon məhkəməsində isə dövlət hesabına təyin olunan Oqtay Əliyev adlı vəkilin iştirakı ilə ona ictimai qaydanı pozduğuna görə 10 sutka cəza müəyyən edilib.
Əsabəli Mustafayevə martın 6-da hüquqlarını müdafiə etdiyi şəxslə görüşməyə imkan verməyiblər. Vəkil nə qədər qanunun tələblərini, hüquqlarını izah etsə də, xeyri olmayıb. Təcridxanadan deyiblər ki, istirahət günü olduğundan Dəyanətlə görüşü mümkün olmayacaq. Vəkilin təcridxananın rəisilə telefon danışığı, eləcə də DIN və Baş Prokurorluğun nəzdində Qaynar Xətlərə müraciəti də nəticə verməyib.
“Cənab general, bunu hara aparaq?”
Dünən növbəti dəfə təcridxanaya gedən vəkil bu dəfə Dəyanətlə görüşməyə nail olub. Vəkil deyir ki, real situasiya Nəsimi Rayon Məhkəməsinin qərarında göstəriləndən tamamilə fərqli olub: “Dəyanət bildirdi ki, onu internet-klubdan üç nəfər mülki geyimli şəxs tutub aparıb. Həmin üç nəfər maşına əyləşəndən sonra əvvəlcə biri deyib ki, MTN-ə aparaq. O biri deyib ki, gözlə, qoy məsləhətləşək. Kiminləsə telefonla əlaqə saxlayaraq, ”cənab general, bunu hara aparaq?”- deyə soruşublar. Həmin məsləhətləşmədən sonra onu 22-ci polis bölməsinə gətiriblər. Dəyanət deyir ki, həmin üç nəfərdən biri vəsiqəsini təqdim edəndə onun Yasamal Rayon Polis Idarəsinin əməkdaşı olduğunu görüb. O birisi isə özünü şifahi şəkildə MTN əməkdaşı kimi təqdim edib. O üç nəfər 22-ci bölmədə rəislə danışıb onu təhvil verəndən sonra çıxıb gediblər. Sonra tamamilə başqa üç polis gəlib üzünə durub ki, sən bizə müqavimət göstərmisən.
Dəyanət maşında aparılarkən nəyə görə tutulduğunu soruşub. Onlar bunu martın 12-nə planlaşdırılan mitinqlə izah ediblər.
Bundan başqa, Dəyanət həm polis idarəsində olarkən, həm də məhkəmədə deyib ki, imkan verin, yaxınlarıma xəbər verim, özümün istədiyim vəkil məni müdafiə eləsin. Lakin imkan verməyiblər. Iş protokollaşdırılıb və ona müdafiə imkanı tanımayaraq, özləri təyin etdikləri vəkillə işi məhkəməyə göndəriblər. Dəyanət məhkəmədə gerçək durumu izah etsə də, hakim buna əhəmiyyət verməyib”.
Dəyanət onu izləyəni tanıyıb
Dəyanət vəkilinə onu da deyib ki, onu həbs edərkən kənarda ona yaxın mülki geyimli şəxs də vəziyyətə nəzarət edirmiş. Həmin şəxslərdən birini Dəyanət tanıyıb: “Deyir ki, ADP-nin qərargahına gedəndə həmin adam da avtobusda olub. Dəyanət səhvən bir dayanacaq əvvəldə düşüb, həmin vaxt o adam da onun ardınca düşüb. Biləndə ki, səhv düşüb, yenidən avtobusa minəndə o adam da arxasınca gəlib. Dəyanət deyir ki, həm bu məqama, həm də yadda qalan sifəti olduğuna görə o adam hafizəsində qalıb. Ümumiyyətlə, həbsindən əvvəl Dəyanətin izlənməsi faktoru olub. Onun telefonuna müxtəlif nömrələrdən nalayiq məzmunlu mesajlar gəlirmiş. Zəng eləyəndə robot deyirmiş ki, nömrə təyin olunmayıb”.
Vəkil Dəyanət Babayevin qanunsuz həbs olunmasıyla bağlı məhkəmə qərarından apellyasiya şikayəti verəcək. Bundan başqa, gənc cəbhəçiyə münasibətdə yol verilən qanun pozuntuları, o cümlədən yaxınlarına məlumat verilməməsi, istədiyi vəkillə təmin olunmaması, həmçinin martın 6-da müdafiəçinin onunla görüşünə qadağa qoyulmasıyla əlaqədar da məhkəmədə iş qaldırılacaq.
“Bəxtiyar Hacıyevin, Cabbar Savalanlının, Dəyanət Babayevin tutulması, dindirilməsi kimi epizodlar tamamilə bir-birinə oxşardır. Onları tutan şəxslər özlərini təqdim etməyiblər. Yaxınlarına xəbər verməyiblər. Istədikləri vəkilin iştirakına imkan verməyiblər. Bütün bunlar Azərbaycandakı praktikanı, eyni zamanda bütün bu həbslərin bir mərkəzdən idarə olunduğunu göstərir”, – deyə Əsabəli Mustafayev bildirib.
Operativ Reaksiya Qrupunun üzvü Intiqam Əliyev Dəyanət Babayevə münasibətdə baş verənləri özbaşınalıq kimi qiymətləndirib: “Qanunvericilik tutmanı həyata keçirən orqanların üzərinə bir sıra öhdəliklər qoyur: şəxsə tutulmanın əsasları bildirilməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək, yaxınlarına tutulması barədə xəbər vermək hüququ təmin edilməlidir və s. Vəkilin tutulan şəxslə görüşünə istirahət günü olması əsası ilə icazə verilməməsi kobud qanun pozuntusudur. Bir qayda olaraq, tutulan şəxsə qarşı zorakılıq halları baş verdikdə, onun izlərini itirmək üçün vəkillə görüşə bu cür maneələr yaradılır. Çox güman ki, Dəyanət Babayevlə bağlı hal da istisna deyil”.
Aytən Məmmədova
***
Dəyanət Babayevin həbsilə bağlı AXCP-nin bəyanatı
***
Cəbhəçi fəalın həbsi ilə bağlı gülünc izahat
Polis Dəyanət Babayevi “bərkdən danışdığı üçün” həbs edib
AXCP fəalı Dəyanət Babayevdən yeni məlumat var. İctimai rezonans doğuran həbslərə dərhal reaksiya vermək üçün yaradılan Operativ Reaksiya Qrupunun üzvü, hüquqşünas İntiqam Əliyev açıqlama yayaraq bildirib ki, martın 6-da vəkil Əsabəli Mustafayev Dəyanət Babayevin yaxınları ilə müqavilə bağlayıb və inzibati həbs ounanların saxlanması üçün nəzərdə tutulan təcridxanaya gedib.
İntiqam Əliyevin sözlərinə görə, vəkilə Dəyanət Babayevin 10 sutka inzibati həbsi barədə qərarın surəti təqdim edilib. Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarda göstərilir ki, Dəyanət Babayev martın 4-ü saat 11-də Milli Bankın qarşısında mobil telefonla bərkdən danışa-danışa gedirmiş və söyüş söyürmüş. Polis əməkdaşları ona yaxınlaşaraq ictimai asayişi pozduğuna görə irad bildirəndə Dəyanət Babayev müqavimət göstərib və tutularaq polisə aparılıb. Nəsimi Rayon Məhkəməsində dövlət hesabına təyin olunan vəkilin iştirakı ilə ona ictimai qaydanı pozduğuna görə 10 sutka cəza müəyyən edilib.
Əsabəli Mustafayevin müdafiəsini həyata keçirdiyi şəxslə görüşü baş tutmayıb.
***
Dəyanət Babayev Binəqədi təcridxanasındadır; ona 10 sutka həbs veriblərmiş
Martın 4-dən yoxa çıxan AXCP Gənclər Komitəsinin üzvü, gənc fəal Dəyanət Babayevi hakimiyyətin oğrucasına həbs etdiyi üzə çıxdı. Dəyanətin harada saxlandığı barədə iki günlük məlumatsızlıqdan sonra bəlli olub ki, onu dünən Binəqədi rayonundakı müvəqqəti saxlanma təcridxanasına aparıblar. Gizli keçirilən „məhkəmə“ ilə Dəyanət Babayevə 10 sutka həbs cəzası verilibmiş.
Dəyanətin Binəqədi təcridxanasında saxlanıldığını əməkdaşımızla telefon danışığında özünü rəis müavini kimi təqdim edən təcridxana işçisi də təsdiqləyib. Lakin o, Dəyanətin hansı ittihamla həbs olunduğuna aydınlıq gətirməyib.
***
Hökumət cəbhəçi gənci oğurlatdırdı
Naməlum şəxslər Dəyanət Babayevi internet klubdan aparıblar
Çoxsaylı müraciətlərə baxmayaraq DİN ondan xəbər vermədi
Dəyanət Babayev etiraz aksiyalarından birində
Martın 4-də səhər saatlarından AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayev yoxa çıxıb. Bütün gün ərzində onun mobil telefonuna zəng çatmayıb. Ayın 4 və 5-i Dəyanətin dostları, ailə üzvləri, partiyadaşları onun harada olduğunu öyrənə bilməyiblər. Güman edilən bütün ünvanlara baş vurulub, amma onu tapmaq mümkün olmayıb.
Martın 4-ü Facebook sosial şəbəkəsində onun yoxa çıxdığı barədə qeydlər yazılıb. Qeydlərin birində Azad adlı şəxs Dəyanəti gördüyünü yazıb.
O, bizimlə söhbətində bildirdi ki, 28 may metrosu yaxınlığında, Asəf Zeynallı adına musiqi məktəbinin yanındakı internet klubda Dəyanətin aparıldığının şahidi olub: “Təxminən 11.30 radələrində, mənim yanımda oturub internetdə işləyirdi. Gəlib onu apardılar. Facebook səhifəsi açıq qaldığına görə Dəyanət Babayev olduğunu gördüm”.
Qeyd edək ki, Dəyanət Babayevin sonuncu statusu da (Cabbar Savalanlı ilə bağlı forum barədə) məhz 11.20-də yazılıb.
Biz həmin internet kluba baş çəkdik. İnternet klubu işlədən oğlan bizə dedi ki, martın 4-də sözü gedən vaxtlarda 35-40 yaşlarında idmançı görkəmli bir kişi kluba daxil olaraq bir gənc oğlana “niyə gizlənirsən?” deyərək onu aparıb.
Dəyanətin fotosunu göstərdikdə, aparılan oğlanın məhz bu o olduğunu bildirdi.
Dəyanət Babayevin aparıldığı internet klub: içəridən və çöldən görüntü
***
DİN nə deyir?
Olayla bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Orxan Mənsurzadə ilə əlaqə saxladıq. Mənsurzadə bildirdi ki, martın 4-də və 5-də aldıqları məlumatlar içərisində Dəyanət Babayevin adı keçmir.
Dəyanətin Nəsimi rayon ərazisində oğurlandığı versiyasını Orxan Mansurzadənin diqqətinə çatdırdıqda o, bildirdi ki, Nəsimi polisindən bu barədə məlumat öyrənməyə çalışacaq. Lakin bundan sonra bir daha O.Mansurzadə ilə əlaqə saxlamaq mükün olmadı. O, bizim zənglərimizə cavab vermədi.
Nəsimi rayon polis idarəsindən isə dedilər ki, DİN-nin Mətbuat Xidməti ilə əlaqə saxlayaq. Bildirdilər ki, polis idarəsinin saxlanılanlarla bağlı informasiya verməyə ixtiyarı yoxdur.
Neftçala rayonunda yaşayan Dəyanətin anası Zülfiyyə Babayeva oğlu ilə axrıncı dəfə martın 3-ü axşam danışdığını dedi: “Rayonda iş olmadığına görə Bakıda işləyir. Hər gün mənə zəng edirdi. Ayın 4-ü isə gün ərzində zəng etmədiyinə görə axşam üstü özüm yığdım. Ona zəng çatmadı. Sonra polisə zəng vurdum. Dedilər ki, gedib ərizə yazmalıyam”.
Zülfiyyə Babayeva əlavə elədi ki, əgər onu polislər aparıblarsa, onda niyə xəbər vermirlər? “Mən anayam. İki gündür ki, oğlumdan xəbər vermirəm. Onu aparanlar heç olmasa valideynləri fikirləşsinlər”.
***
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə Dəyanət Babayevlə bağlı müvafiq orqanlara müraciət etdiklərini bildirdi.
Qeyd edək ki, Dəyanət Babayev AXCP-nin çox fəal gənclərindəndir və bütün ictimai, siyasi kampaniyalarda, tədbirlərdə fəqlənir. Partiyanın aksiyalarında 2 dəfə həbs olunaraq, sutkalıq iş alıb.
Sonuncu dəfə başqa Cabbar Savalanlının məhkəmə prosesləri ilə əlaqədar aksiyalarda fəal iştirak edib və iki dəfə polislərin Sumqayıt məhkəməsi qarşısında həbs etdiyi gənclərdən biri olub.
Bundan başqa, qeydiyyatda olduğu Neftçala şəhərinin polis şöbəsindən də ona zəng vuraraq xəbərdarlıq ediblər və Neftçala polisinə çağırıblar.
Elmin