Tanınmış ekspertlər hakimiyyətin korrupsiyaya qarşı «mübarizədə» «dərinə» gedəcəyinə inanmır
İbrahim İbrahimli: “Hakimiyyətin hazırkı siyasəti xalqı ayağa qalxmağa sövq edir”
Nemət Əliyev: “Yaranmış situasiyada Azərbaycan xalqı öz sözünü deməlidir”
Erkin Qədirli: “Ilham Əliyev korrupsiyaya qarşı mübarizədə dərinə getmək istəsəydi, normal seçki keçirərdi”
Dəyirmi masamızın bugünkü davamında qonaqlarımız tanınmış siyasətçi İbrahim İbrahimli, iqtisadçı Nemət Əliyev və “ReAl”ın həmsədri Erkin Qədirli Azərbaycan hakimiyyətinin korrupsiyaya qarşı “mübarizədə” nə qədər dərinə gedə biləcəyi ilə bağlı müzakirə apardılar. Belə ki, hakimiyyətin elan etdiyi korrupsiyaya qarşı mübarizə “şousuna” münasibətində ABŞ bəyan edib ki, İ.Əliyev korrupsiyaya qarşı mübarizədə daha dərinə getməlidir. Bu dəfə də ilk olaraq sualımızı I.Ibrahimli cavablandırdı:
Rejim ciddi islahatlara hazır deyil
İ.İbrahimli:
– Korrupsiyaya qarşı mübarizə hüquqi islahatlarla müşahidə olunmalıdır. Bu yalnız kampaniya xarakteri daşımalı deyil. Burada bir suala cavab vermək yerinə düşər. Hazırkı rejim ciddi islahatlara getməyə hazırdırmı? Rejim buna hazır deyil. Əgər büdcədən 4 milyard dollar vəsaiti investisiya adı ilə, tender keçirmədən mənimsəyirlərsə, idxal və ixrac üzərində inhisar yaradıblarsa, korrupsiyaya qarşı hansı mübarizədən söhbət gedə bilər. Azərbaycanda normal, azad bazar yoxdur. Iqtisadi, siyasi rəqabət yoxdur. Siyasi rəqabət olsaydı müxalifət parlamentdən kənarda qalmazdı. Normal təklif və tələbə əsaslanan normal bazar olsaydı, cəmiyyətin orta təbəqəsi formalaşardı. Cəmiyyətin sütunu olan orta təbəqə bu gün yoxdur. Sosial qütbləşmə o qədər dərinləşib ki, beş faiz bir ailənin və məmur oliqarxların əlində cəmləşib. Doxsan beş faiz isə acından ölür. Əslində korrupsiyaya qarşı aparılan bu mübarizə bir sıra kiçik ranqlı məmurların kapitallarına böyük təhlükə yaradıb. Onlar bu təhlükəni hiss edirlər. Amma korrupsiya piramidasının başında əyləşənlər, milyonlara sahib olanlar korrupsiyaya qarşı necə mübarizə apara bilərlər. Əgər korrupsiyaya qarşı mübarizə aparan komitənin sədri Ramiz Mehdiyev, üzvləri isə ayrı-ayrı nazirlərdirsə, onlar necə özlərinə qarşı mübarizə apara bilərlər.
Hazırkı rejim batmağa məhkumdur
Hakimiyyət özünü xilas etmək üçün çox ciddi şəkildə islahata getmək istəyirsə, bunu şəffaf etməlidir. Eyni zamanda vətəndaş cəmiyyətindən bu istiqamətdə bir sıra təkliflər qəbul etməlidir. Yaxın Şərqdə xalqların dirənişi nəticəsində avtoritar rejimlərin devrilməsi dalğasından ehtiyat edib, sadəcə bunu yumşaltmaq istəyirlər. Səudiyyə Ərəbistanı 50 illiyi münasibəti ilə neftdən gələn dörd milyard dollar vəsaiti əhali arasında paylaşdırmışdı. Adambaşına iki min beş yüz dollar düşürdü. Daha sonra Səudiyyə Ərəbistanının kralı Amerikadan müalicədən qayıdandan sonra otuz səkkiz milyard dolları sosial sahəyə yönəltdi. O cümlədən Qəzzafinin də bu cür addımları var. Amma bu xilas yolu deyil. Çürümüş rejimi bu cür addımlarla qorumaq olmaz. Azərbaycan hakimiyyətinin də seçdiyi yol düzgün deyil. Hazırda Azərbaycan iqtidarı elə bir bataqlıqdadır ki, orada korrupsiyaya qarşı mübarizə istiqamətində addımlar atsa belə, sistemin özü bataqlıqda batmağa məhkumdur. Dövlət başçısı yeni bir sərəncam imzaladı. Gömrük Fonduna yığılan vəsaitin iyirmi beş faizi gömrükdə çalışanların əmək haqlarına əlavə olundu. Dünyanın heç bir ölkəsində belə təcrübə yoxdur. Yalnız beş faiz idarəetmə xərclərinə ayrıla bilər. Qalan vəsait isə büdcəyə getməlidir. Rejim ciddi islahata getmək istəyirsə, öncə legitim parlament formalaşdırmalıdır. Daha sonra hakimiyyət qolları arasında bölgü olmalıdır. Amma bu hakimiyyət dalana dirənib və geri çəkilməyi özünə rəva görmür. Geriyə çəkilməyi siyasi intihar, irəli getməyi isə məğlubiyyət sayır. Hakimiyyətin hazırkı siyasəti isə xalqı ayağa qalxmağa sövq edir. Ya hakimiyyət özü ciddi islahatlara getməlidir, ya da xalq ayağa qalxaraq məcburi şəkildə bu islahatlara iqtidarı vadar etməlidir. Bu isə hakimiyyətin ayaqlanmasından keçir.
Korrupsiya sosial həyatı iflic edir
N.Əliyev:
– Hazırda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə özlüyündə səmimi istəkdən qaynaqlanmır. Bunun köklü səbəbləri var. Korrupsiya və rüşvətxorluq ölkə iqtisadiyyatını dağıdır. Sosial həyatı iflic edir. Korrupsiyaya qarşı ədalətli mübarizə aparılmalıdır ki, ölkə iqtisadiyyatının dağıdılmasının qarşısı alınsın. Əvvəlki illərlə müqayisədə Azərbaycanın maddi imkanları bu gün daha genişdir. Dövlət Neft Fondunun 22 milyrd dollar aktivləri var. Eyni zamanda ölkənin valyuta ehtiyatlarının həcmi artıb. Amma ötən dövr ərzində bu maliyyə imkanlarından əlverişli istifadə olunubmu? Hakimiyyət bu işlərin öhdəsindən gələ bilmir. 2004-cü ildə Azərbaycanın illik resurslarının 33 faizi təkrar istehsalın genişləndirilməsinə sərf olunurdu. Bu illərdə isə ölkənin illik resurslarının 16 faizi istehsalın genişləndirilməsinə sərf olunur. Bu, hakimiyyətin ölkə iqtisadiyyatına münasibətinin bariz nümunəsidir. Qeyri-neft sektorundakı vəziyyətin beş-altı illik dinamikasına fikir verərkən görərik ki, Azərbaycanda qeyri-neft sektoru dağılmaqla üz-üzə qalıb. Azərbaycanın bütün iqtisadiyyatı sanki neft relsləri üzərinə gətirilib. Ölkənin aqrar sektoru dağılmaqda davam edir. Nəqliyyat sektoruna uzun müddət ciddi maliyyə vəsaitləri ayrılsa da, 2004-cü ildən başlayaraq hava, dəmiryol və su nəqliyyatında tənəzzül yaşanır. Nəqliyyat sektorunda qeydə alınan cüzi inkişaf tempi neftin nəticəsində əmələ gəlib.
Xalq bu rejimə öz yerini göstərəcək
Bir məqama diqqət yetirək. Hazırda nazir işləyən şəxslərin bir çoxunun bu postdakı fəaliyyəti on ili ötüb. Onların insanlarla davranışları bütün etik normaları keçir. Onlar sadəcə Azərbaycan vətəndaşını saymırlar. Bu yaxınlarda Qəzzafi bəyan etdi ki, Liviya mənə atamdan miras qalıb. Kim zəmanət verə bilər ki, Azərbaycandakı hazırkı oliqarx məmurlar külli miqdarda vəsaiti yığdıqdan sonra belə iddialarla çıxış etməyəcək? Düşünürəm ki, yaranmış situasiyada Azərbaycan xalqı öz sözünü deməlidir. Şərq ölkələrində gedən hadisələr bunlar üçün bir daha ibrət olmalıdır. Məmurlar fərqində olmalıdır ki, belə davam edə bilməz. Artıq bıçaq sümüyə dirənib. Korrupsiyaya qarşı kompleks tədbirlər görülməlidir. Bu istiqamətdə hakimiyyət bölgüsü çox vacibdir. Amma bütün bunların başında siyasi iradə dayanır. Əgər Azərbaycanın dövlət başçısı ölkədə rüşvətxorluğa, inhisara, haqsız rəqabətə qarşı hazır olmasa, bütün səslənən fikirlər əbəsdir. Gürcüstanda baş verən müsbət dəyişikliklərin başında Saakaşvili dayandığından müsbət nəticə oldu. Azərbaycanda isə məmurdan niyə rüşvət aldığını soruşanda, bildirir ki, mənə müdirim deyir, get pul al, mən də edirəm. Azərbaycanda prosesləri silkələyən addım yeni parlament seçkilərinin keçirilməsi ola bilər. Əgər həqiqətən də korrupsiyaya qarşı real mübarizə istənilirsə. Bu olay hamının diqqətini cəlb edə bilər. Əks halda xalq bu insanlara, yaramazlara öz yerini göstərəcək.
Elə situasiya yaradılmalıdır ki, məmur rüşvət almaqdan qorxsun
E.Qədirli:
– Pozuntular pərakəndə şəkildə baş verdiyi zaman qadağalar effektli olur. Amma bir halda ki, sistem özü siyasəti, iqtisadiyyatı, səhiyyəsi ilə rüşvətin içərisindədir. Ona görə cəzalar məqsədə çatmayacaq. Əvvəla ona görə ki, cəzalandırılan, istehzalı səslənsə də, etiraz edəcək ki, nəyə görə məhz məni cəzalandırırsınız. Yəni cəzalandırılan şəxs qanunla ona tətbiq olunan cəzanı haqsızlıq sayacaq. Qəribə də olsa, düzgün də düşünəcək. Əgər Ilham Əliyev korrupsiyaya qarşı mübarizədə dərinə getmək istəsəydi, normal seçki keçirərdi. Hərdən düşünürsən ki, bəlkə Ilham Əliyevə çətindir, ona mane olurlar, bir şans tanıyaq. Lakin mən hələ Firon dövründən başlayaraq kimsənin təkbaşına ölkəni idarə etməsinə inanmıram. Ona görə bu baxımdan parlament seçkiləri bir lakmus kağızı ola bilərdi. Əgər doğrudan da kimlərsə dövlət başçısına mane olursa, o zaman Ilham Əliyev birinci maraqlı olmalı idi ki, güclü parlament olsun. Orada müxalifət ciddi şəkildə təmsil olunmalı idi. O zaman o, ona tabe olmayan komandasını ciddi intizama gətirə bilərdi. Məgər Avropada və Amerikada hakimiyyətdə təmsil olunanlar hamısı çox insaflı adamlardır və onlar gecə-gündüz xəyal edirlər ki, millətə necə xidmət etsinlər?! Xeyr. Imkan olsaydı, onlar da rüşvət alardılar. Ona görə elə etmək lazımdır ki, müəyyən vəzifələrə gələn, onu şirnikləndirmək üçün yaranan fürsətdən istifadə etməsin, imkanı olmasın buna. Bilsin ki, bu addımı atsa, itkisi qazancından çox ola bilər.
Vətəndaş dövlətdən küskündür
Dediyim kimi, maliyyə amnistiyası edərək, bəyan etmək lazımdır ki, yığdığın vəsaitin bir hissəsin büdcəyə ödə, qalanı sənindir. Amma müəyyən siyasi qadağalar da olmalıdır ki, həmin şəxslər yaxın on ildə siyasətlə məşğul olmamalıdırlar. Maliyyə amnistiyası təcrübəsi vaxtilə Amerikada olub. Söhbət spirtli içki ilə bağlı qadağadan gedir. O zaman iri mafiyalar yaranmışdı. Amerikada bu dövrdə senatorları alırdılar, qanunlar qəbul etdirirdilər. Hökumət də düşündü ki, artıq bununla mübarizə aparmaq çətindir. Ona görə dövlət müəyyən güzəştlərə getdi, amma bəyan etdi ki, alkoqol satışına nəzarəti o həyata keçirəcək. Və yaxud Italiyada baş nazir Berluskoni maliyyə böhranı zamanı bəyan etdi ki, kim vergidən yayınıbsa, elan etsin, beş faizini dövlətə keçirsin, qalanını isə sərbəst işlədə bilər. Bir ayın içərisində Italiyanın dövlət büdcəsinə 90 milyard avro vəsait daxil oldu. Insanlar bu qərardan həvəslənmişdi. Çünki əks təqdirdə araşdırma aparıla, vergidən yayınanlar həbsə atıla bilərdilər. Amma bir məqamı da vurğulamaq lazımdır ki, Amerika və Italiya o zaman üçün formalaşmış dövlətlər idi. Bu ölkələrdə müstəqil məhkəmə var. Amma Azərbaycanda normal fəaliyyət göstərən bir təsisat yoxdur ki, onun ətrafında nəsə qurasan. SSRI-nin KQB-si, müxtəlif yoxlama orqanları var idi. Amma nəticədə bu quruluş çökdü. Çünki idarəolunmaz hala gəlmişdi. Vətəndaşlar dövlətdən küskün idi. Əslində vətəndaşın dövlətdən küskün olması hakimiyyətin korrupsiyasından, müxalifətin zəifliyindən daha ciddi məsələdir. Yenə də vurğulayıram. Belə halda sən necə dövlət qurmaq istəyirsən ki, vətəndaş orada iştirak etmək istəmir. Ramiz Mehdiyevin bir müddət əvvəl meydana gələn məqaləsi nəyin görsənişi idi. Məlum oldu ki, əhali heç bunların televiziyalarına baxmır, deməli, onların təbliğatını eşitmir. Kütləvi məlumatsızlıq var. Ona görə də şayiələr daha geniş yayılır. Doqquz milyonu bir-biri ilə əlaqələndirən milli mövzular yoxdur. Parlamentdə hər hansı məsələ qaldırılmağa çalışılır, amma bu zaman bəyan olunur ki, bura siyasət üçün müzakirə yeri deyil. Bu, dövlət üçün təhlükəlidir.
Xəyal Şahinoğlu