İlham Əliyevə inanaq, yoxsa Bakı prokuroruna?

…Polis gününə həsr olunmuş yığıncaqda çıxış edən dövlət başçısı Ilham Əliyev, nazir Ramil Usubovun ona gündə 30-40 cinayət hadisəsi olması haqqında raport verdiyini əsas gətirərək, bunu əhalisi 9 milyon 300 min olan ölkə üçün normal hal kimi qiymətləndirir və bildirir ki, Azərbaycanda kriminogen durum sabitdir. Yəni prezidentə və nazirə inansaq, ölkədə ildə orta hesabla 12 min cinayət hadisəsi baş verir. Bunun nə dərəcədə dəqiq rəqəm olması haqda təsəvvür yaratmaq üçün Bakı Şəhər Prokurorluğunun bir statistikasını nəzərinizə çatdırım, qərarı özünüz verin. Beləliklə…

Bakı şəhərinin prokuroru Əziz Seyidovun 2012-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində verdiyi hesabatdan bir sitat: “Ötən il Bakı şəhərində 10 min 612 cinayət hadisəsi qeydə alınıb, onların 79 faizinin üstü açılıb”…

Prokurorun “üstü açılmış və açılmamış” ifadəsini yadımızda saxlayaq… Bu, hüquq mühafizə orqanlarının şişirdilmiş  hesabatları üçün bir “Axilles dabanı”dır. Bəri başdan deyim ki, Ramil Usubov DIN-də bu rəqəmin 90 faizdən yuxarı olduğunu söyləməklə hər şeyi bərbad etdi…

Prokurorluq orqanlarının Azərbaycan reallığında şişirdilmiş məlumat verməsinin nə demək olduğunu yəqin ki, xatırlatmağa ehtiyac yoxdur. Əksinə, formalaşmış vahid rüşvət sistemində prokurorların həyat tərzi bunun əksi haqqında fikir yürütməyə əsas verir.

Xatırladıram ki, Bakı şəhər prokurorluğun verdiyi statistikaya Daxili Işlər Nazirliyi tərəfindən istintaqına xitam verilən cinayət hadisələri daxil deyil. DIN-in xitam verdiyi və tərkibində cinayət elementləri olmadığı təkcə bir cinayət işi haqqında qısaca məlumat verməklə söhbətimizi davam etdirək…

…Ötən il bir özəl klinikada çalışan və tibbi təhsili belə olmayan Elnarə adlı bir qız fırıldaq yolu ilə iş yoldaşlarından 600 min manata qədər (!) pul qoparmağa nail olmuşdur. Aldanmış vətəndaşların şikayəti əsasında həbs olunmuş qız istintaqa verdiyi ifadəsində hər şeyi etiraf etsə də, onu bu işə kimlərin təhrik etdiyini boynuna alsa da, Nəsimi RPŞ-nin müstəntiqi Babək Quliyev burda “kriminal” heç nə “görmədi” və işi qapatdı. Geridə qalan, aldanmış insanların ailə faciələri oldu. Bu haqda ətraflı yazı ilə gələn saylarımızın birində tanış olacaqsınız… 

Elə həmin yığıncaqda nazir Ramil Usubov da çıxış edərək  statistika açıqladı, məlum oldu ki, son 20 ildə Daxili Işlər Nazirliyi əməkdaşları tərəfindən nə az, nə çox – 23 minə yaxın cinayətkar dəstə (!) ifşa edib. Bundan başqa, 82 mindən çox axtarışda olan cinayətkar tutulub, hüquq mühafizə orqanlarına təhvil verilib. Nazirin dilindən onu da eşitdik ki, 20 il ərzində vətəndaşlardan 41 mindən artıq qanunsuz odlu silah da aşkar edilib, götürülüb… 

Mobil telefonunuzda olan kalkulyatorun köməyi ilə 365 günü vurun 20-yə və onu müvafiq olaraq bölün 23 minə və 83 minə…

Bu o deməkdir ki, son 20 ildə ölkədə hər gün 3-dən artıq cinayətkar dəstə ifşa olunub və təkcə bir gündə cinayət törədib aradan çıxan 12 qədər cinayətkar haqqında axtarış elan edilib. 

Mən nazirin çıxışını diqqətlə oxudum, orada son 20 ildə törədilən cinayətlərin ümumi statistikası haqda yalnız orta hesabla ilə 220 cinayətin düşməsini vurğulayırdı… Yalnız onların sayının bu illər ərzində 9 faizə endirilməsi vurğulanırdı. Belə çıxır ki, əvvəllər bir gündə təxminən 400-ə qədər cinayət törədilirmiş və tədricən onların sayı kəskin surətdə aşağı düşərək gündəlik 30-40 olub. Bayaq qeyd etdiyim “üstü açılmış və açılmamış” məsələsinə qayıdaq…

Orta hesabla gündə 12 nəfərin axtarışa verilməsini nazir etiraf etdi. Buna üstü açılmamış cinayətlər fonunda baxsaq, bu o deməkdir ki, bu, törədilən cinayətlərin cəmi 10 faizidir. Yəni nazir şəxsən özü etiraf edir ki, gündə 120 nəfər cinayət törədir və 108 nəfər isti izlərlə yaxalanır…

Bu, ildə ən azı 43 min cinayət deməkdir. Yəni Ilham Əliyev ölkədəki cinayətlərin sayını təxminən dörd dəfə azaldır. 

Digər tərəfdən, adi bir rüşvətin cinayət və sutka ərzində on minlərlə belə faktın olduğunu nəzərə alsaq, başqa ölkələrə qarşı ədalətsizlik etmiş olarıq…