Ramiz Mehdiyev Bəylər Əyyubovun təyinatlarına həbslərlə cavab verir
Şamaxının bələdiyyə sədri Mürvət Zeynalovun həbsilə bağlı məlumatların ardı-arası kəsilmir. Dünən də redaksiyamıza bu həbslə bağlı maraqlı məlumatlar daxil olub. Hakimiyyətdaxili mənbənin sözlərinə görə, Mürvət Zeynalovun həbsi Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov arasında nüfuz savaşının təzahürüdür. Mənbə bildirib ki, PA rəhbəri son kadr dəyişikliklərində Bəylər Əyyubovun daha ciddi rol oynadığını həzm edə bilmir.
“Antikorrupsiya şousu” başlayandan Ilham Əliyevin mühafizəçisi bir neçə yaxın adamını yüksək posta təyin etdirə bilib. Bəylər Əyyubovun qruplaşmasına daxil olduğu deyilən Azərbaycan Dövlət Neft Şirkətinin(ARDNŞ) vitse-prezidenti Qorxmaz Hüseynov “Azərsu”nun prezidenti, sabiq deputat Əhəd Abıyev Daşkəsənin icra başçısı təyin edilib. Bundan başqa, Ilham Əliyevin mühafizəçisi yaxın adamı olan Yevlaxın icra başçısı Elmar Vəliyevi Gəncə kimi böyük şəhərin rəhbərliyinə gətirib. Bərdə və Tərtərin icra başçılarının dəyişməsi Bəylər Əyyubovun iradəsi ilə baş verib. Bərdənin icra başçısı Ilham Ağayev Heydər Əliyevlə Ilham Əliyevin köməkçisi olmuş Tariyel Ağayevin yaxın qohumudur. Bu şəxs də Bəylər Əyyubova yaxın şəxsdir. Sadəcə hansısa avtoservis məsələsinə görə Bəylər Əyyubovla Tariyel Ağayevin münasibətləri korlanıb. Bu isə Ilham Ağayevin işdən çıxarılması ilə nəticələnib. Lakin düşünməyin ki, Bəylər Əyyubov Bərdəni itirib. Xeyr, Ilham Əliyevin mühafizəçisi yaxın adamı olan Tərtərin icra başçısı Vidadi Isayevi Bərdəyə gətirib. Tərtər isə Vidadi Isayevin yaxın qohumu, Yasamalın icra başçısının müavini Ceyhun Cəfərovun ixtiyarına verilib. Beləliklə, Bəylər Əyyubov Gəncəbasar zonasını tamamilə nəzarətə götürüb. Mənbə bildirib ki, bütün bunlar Ramiz Mehdiyevin ürəyincə olmayıb. Bu baxımdan da PA rəhbəri Bəylər Əyyubova yaxın şəxsləri zərərsizləşdirməyə başlayıb: “Ötən sayınızda yazmışdınız ki, Mürvət Zeynalov Sumqayıtın icra başçısının müavini Akif Zeynalovun qardaşıdır. Akif Zeynalov isə Abşeronun icra başçısı Zakir Fərəcovun qudasıdır. Bu məlumat tamamilə doğrudur. Zakir Fərəcovun Bəylər Əyyubova yaxın şəxs olduğu sirr deyil. Onun yaxınları da təbii olaraq generalı ağsaqqal hesab edirlər”.
Mənbənin sözlərinə görə, Ramiz Mehdiyev də bu amili nəzərə alaraq Mürvət Zeynalovun həbsinə qərar verib. Yəni, bələdiyyə sədrinin həbsi heç də korrupsiyaya qarşı mübarizə ilə bağlı deyil.
Mənbə əlavə edib ki, Mürvət Zeynalov həbs ediləndən sonra Şamaxıdakı korrupsiya faktlarını ictimailəşdirəcəyini deyib.
“Əgər bələdiyyə sədri bu addımı atarsa, Şamaxının icra başçısı Nazim Ismayılovun da sonu yaxşı olmaya bilər”,- deyə mənbə vurğulayıb.
İnformasiya şöbəsi