İqtidar yeni birliyin elan edilməmiş qərarından təsirə düşdü; çaşqın taktikalar seçdi və özünü təkzib etdi
Milli Şuranın bəyannaməsi Azərbaycanın ilk seçilmiş prezidenti Əbülfəz Elçibəyin Prezident olduğu gün elan olundu. Həmin gün YAP da qurultay keçirdi, amma tarixini iki ay dəyişərək. Hadisələr həm sürətləndi, həm də çoxüzlü xarakter aldı. Bir tərəfindən baxıb bütün ölçülər barədə hesablamalar aparmaq çətinləşdi. Bununla belə, siyasətimizdə son 20 ildə baş verməyən həqiqi canlanma müşahidə olunmağa başladı ki, bütün bunların özəl xarakteri barədə yazmağa cəhd edəcəyik…
Tarixi yaddaşa spekulyasiya
Milli Şura ideyası gündəmə gələr-gəlməz hakimiyyət ideoloqları açıq tekstlə öz adamları (qəzetləri- televizyaları) vasitəsiylə cəmiyyətə ötürməyə başladılar ki, bəs bu birliyi Rusiya yaradır. Əlbəttə ki, Milli Şura öz dominant siyasi qüvvələri etibarilə analiz olunanda aydın olur ki, bu iddia cəfəngiyyatdır. Amma hakimiyyət də əks-həmlə üçün arqument tapa bilmədiyindən çıxılmaz vəziyyətdə idi. Xalqın qan yaddaşı ilə spekulyasiya etmək istəyirdi. Rusiyanın Azərbaycan dövlətçiliyinə elə də xoş olmayan münasibətini tez-tez təkrarlamaq və Milli Şuranı da bununla əlaqələndirmək yolu ilə ictimai rəyi çaşdırmaq planını həyata keçirirdi. Bu əks-təbliğat bir müddət siyasətin göylərində dolaşsa da, uzaq uça bilmədi, həm də siyasi cəhətdən öz texnoloqlarının gözlədiyi nəticəni vermədi. Niyə? Çünki Azərbaycan xalqı bilir ki, onun 20 illik həqiqi hakimiyyətini mənimsəyən Əliyevlər mahiyyətcə Rusiyameyilli siyasət yürüdüblər və hər seçkidə xalqı əzmək, seçkini saxtalaşdırmaq, əliyevləri hakimiyyətdə saxlamaq üçün Rusiyadan yüksək çinli məmurlar gəlib, Bakıda bu hakimiyyətin nümayəndələrinə təlimat veriblər. Ruşaylonun bu istiqamətdəki məşhurluğu alternativsizdir. Yəni xalq bilir ki, hər zaman bu iqtidarın arxasında Rusiya durub. Amma indi birdən-birə məlum oldu ki, daha Əliyevlərin arxasında Rusiya olmayacaq, rus texnoloqları, kəşfiyyatı olmayacaq, bir sözlə, Kreml Əliyevlərin davam etməsində maraqlı deyil. Yəni Rusiya sadəcə, Əliyevləri dəstəkləmir. Bu yerdə AXCP sədri Əli Kərimlinin “Vaşinqton Post” qəzetindəki yazısından ABŞ ictimaiyyətinə müraciətinindən bir cümləni xatırlamamaq olmur: “Biz demirik ki, bizə kömək edin, biz deyirik ki, Əliyevlərin arxasında olmayın, biz öz haqqımızı alacağıq”. Bax belə, yəni indi xalq gördü ki, Kreml yoxdu və bu fikri də daha çox bu hakimiyyət yaydı.
YAP qurultayı sürüşmə idi
Hakim partiyanın öz qurultayının tarixini iki ay dəyişib, Milli Şura yaranan gün Ilham Əliyevin namizədliyini irəli sürməsi hakim partiyanın artıq sürüşmə zonasında bərqərar olduğunun göstəricisi idi. Bu o deməkdir ki, YAP artıq müxalifətin hələ elan olunmamış qərarlarının arxasınca düşür. Yəni ki, ölkədə siyasi proseslərin təşəbbüs mərkəzi artıq birmənalı olaraq hakimiyyətin mərkəzi deyil. Yeni formatda birləşən müxalifət həm də yeni siyasi şəraitin əsas qüvvələrindəndir. Bu isə sonraki proseslərdə YAP-ın geriləyəcəyinin və müxalifətin önə çıxacağının göstəricisdir. Olayların psixologiyasına diqqət yetirsək, aydın olar ki, hakim partiya daxilində bu cür mövqe dəyişiklikləri açıq sarsıntılar və təlaş yaradır. Çünki bu günə kimi iqtidar komandasının üzvləri yalnız bir cür işləyirdilər – yuxarıdan direktivlər gəlirdi, onlar da icra edirdilər. Amma indi müxalifətin addımları onların strateji tədbirlərinin vaxtını dəyişməyə səbəb olursa, deməli, vəziyyət olduqca mürəkkəbdir. Yəni YAP-ın yuxarıları artıq işin nə yerdə olduğunu anlayırlar. Ümidsiz sərkərdələrin ordusunda isə döyüşmək o qədər də asan deyil. ..
Sabiqlər niyə gəlir?
Heç kimə sirr deyil ki, bu hakim komandanın uzun illər apardığı qara iş nəticəsində vəzifədən uzaqlaşdırılmış MIS (JEK) müdiri də bu iqtidarın əleyhinə bir kəlimə deyə bilmirdi. Ona görə ki, ən xoşagəlməz üsullarla cəzalanacağından, vəzifədə olduğu müddətdə bulaşdırıldığı cinayətlərə görə həbs ediləcəyindən çəkinirdi. Buna görə də irtica ilə mübarizədə müxalifət qüvvələri meydanda tək idilər. Indi isə vəziyyət tamam başqadır. Milli Şuranın elan olunması Hüseyn Abdullayev, Əli Insanov kimi Heydər Əliyevə yaxın silahdaşlıq etmiş şəxsləri cəsarətləndirib, onlarda inam yaradıb ki, bu proses güclüdür və nəticəsi də müsbət olacaq. Belə şəxslərin mübarizəyə qoşulması həm də bu gün iqtidarda olan bir çoxları üçün siqnal olmalıdır ki, vəziyyət artıq dəyişir və yeni dövrün şərtlərinə adaptasiya olmaq lazımdır. Prezident Administrasiyasında işlər idarəsinin keçmiş rəisi Akif Muradverdiyevin həbsi onu göstərir ki, iqtidar bu prosesdən böyük tələş keçirir və qarşısını almaq istəyir. Amma hər kəs bilir ki, əsas məsələ odur ki, bu qorxu yaranıb və bu o deməkdir ki, iqtidar bundan sonra qərarlarını qorxunun təsirində verəcək – yəni yanlışların sayı durmadan artacaq.
“Kreml ssenarisi deyilmiş”
Proses növbəti addımında maraqlı mərhələyə girdi. Dünənə kimi Milli Şuraya Rusiya ilə əlaqəli ittiham irəli sürən hakimiyyətin əsas adamlarından biri Mübariz Qurbanlı dedi ki, Milli Şuranı heç kim dəstəkləmir. Söhbət ondan getmir ki, hakimiyyətin bu cür bəyanatlarının Milli Şuraya hansısı təsiri ola bilər. Məsələ burasındadır ki, hakimiyyət çaşqınlıqdan hansı taktikanın düz olduğunu dəqiqləşdirə bilmir. Gah deyir ki, Milli Şuraya Rusiyadan dəstək var – bu o deməkdir ki, hakimiyyətə Kremldən dəstək olmayacaq. Bu da xalqda dəyişikliklərə ümid yaradır. Yəni demokratiyanın önündə dayanan “Kalaşnikov” artıq olmayacaqsa, hakimiyyətlə xalqın hesablaşması elə də çətin olmayacaq. Bu rəyin formalaşdığını (həmdə iqtidarın öz tıəbliğatı nəticəsində) görən hakim texnoloqlar indi bunu təkzib etməyə başlayıblar. Indi isə başqa mənzərə ortaya çıxır. Birincisi, hakimiyyət artıq dəqiq informasiyalara sahib ola bilmir. Ikincisi, özünün taktikasını düzgün müəyyənləşdirə bilmir. Nəhayət, onsuz da dəqiq bilir ki, artıq tarixi erası bitir, ona görə də çaşqınlıqdan tez-tez qərar dəyişir. Bu isə təkcə yerli ictimaiyyət arasında “qeyri-ciddi” imic yaratmır, həm də beynəlxalq aləmdə belə fikri yaradır ki, hakimiyyət üzləşəcəyi ilk siyasi böhran hələ başlamamış psixoloji sarsıntıların müşayiəti ilə qərarlar verir, addımlar atır. Yeri gəlmişkən, Prezident Adminstrasiyasından direktivlər alaraq Milli Şuraya qarşı uzun zamandır iş aparan dostları da unutmaq olmaz, onların da antitəbliğatı pis rol oynamadı. Şərq müdriklərindən biri belə deyir “Sən düz get, qoy hamı sənin getməyindən danışsın, doğru yolda olmadığını deyənlər də sənə həsəd aparırlar”.
Hakimiyyətin ikinci namizədi
Yunan müdriklərindən birinin ifadəsidir: “Axan suda yalnız bir dəfə çimmək olar”. Tarix dəyişir və olayları yalnız bir dəfə yaşamaq mümkündür. Hakimiyyət isə 2013-cü ildə yenidən 2003-cü ilin taktikasına hazırlaşırmış kimi görünür. Mehriban Əliyevanın da namizədliyini bir dolayı partiya irəli sürüb. Yəni “olmasa elə, olsun belə” variantına hazırlıq gedir. Amma hakim texnoloqlar unudurlar ki, onlar siyasi proseslərə təsiri bütünlükdə itirirlər, belə olmasa Ilham Əliyevin yenidən kürsüdə qalması bir başqasının gəlməsindən asan olmalıdır, məntiqlə. Çünki bu yeniliyi hazırki komandanın necə qarşılayacağı da birmənalı deyil. Paşayevlər iqtidarda bir neçə əsas qrupla düşmənçilik münasibətlərindədir. Bir sözlə, görünür ki, Ilham Əliyev saxlaya bilmədiyi hakimiyyəti Mehriban Əliyevaya ötürərkən itirəcək.
İbrahimbəyova “Paşayevlər” iftirası
Hakimiyyət prosesləri makrososioloji baxımdan uduzduğunu aydın gördüyü üçün hələ də işə yarayacağını düşündüyü xırda badalaqlara əl atır. Ölkə miqyasında həm siyasi, həm dini, həm də regional baxımdan bütün əhəmiyyətli liderlərin Milli Şurada birləşməsi (Şimal üçün əhəmiyyətli təsiri olan Lalə Şövkət, Qərbi azərbaycanlılar üçün nüfuz sahibi Əli Insanov, naxçıvanlıların alternativ lider saydığı Rəsul Quliyev, bütün ölkə boyu təşkilati struktura və gücə sahib olan AXCP və Müsavat və s.) artıq işin daxili siyasi tərəfinin həll olunduğunu fakta çevirir. Beynəlxalq aləmlə vəziyyətə gəlincə, təkcə AzTV-yə baxmaq kifayət edir ki, hakimiyyətin bütün dünya ilə düşmən olduğunu görəsən. Buna görə də hakimiyyət yenə də öz agenturasından istifadə etməkdədir. Müxalifətə yaxın görünən adamlar və qəzetlər yazırlar ki, guya Ibrahimbəyov hakimiyyətin ikinci namizədi Mehriban Əliyevanın xeyrinə geri çəkilə bilər. Bunu iddia edə bilmək üçün sadəcə elə keyfiyyət lazımdır ki, onu burada yazmaq elə də asan deyil. Amma Ibrahimbəyovun dünya şöhrətli ssenarist olduğu da unudulur. O, niyə öz personajlarının ssenarisinə girsin ki. Bu gün onun eqosu Azərbaycanın bütün müxalif düşərgəsinin birləşdirici fiquru olmaq gücündədirsə, hakimiyyəti başa düşmək elə də çətin deyil. Bu işin ən maraqlı nöqtəsi odur ki, bu söz-söhbəti Ramiz Mehdiyevə bağlı informasiya şəbəkəsi yayır. Yəni bu, hakimiyyətin mərkəzindən qidalanan ləkələmə projesdir.
Mühüm nəticə – nə etməli?
Milli Şuranın ətrafında dolaşan bütün dedi-qodulara baxmayaraq, hətta öz namizədini elan etməyə bu cür tələsməməsi, onu deməyə əsas verir ki, addımların dəqiq yazıldığı bir plan var və hər şey bir zamana və o zaman üçün təşkil ediləcək siyasi şəraitə hesablanıb. Bu mənada yeni birlik, həm də siyasi baxımdan xeyli xarizmatik və güclü görünür.