Həqiqət də hissə-hissə olurmu? Olur. Bir yerdə həqiqətin bir hissəsini, başqa yerdə digər hissəsini yaza bilirsən. Xoşbəxtlik də onda olur ki, oxucu bu hissələrin hamısı ilə tanış ola bilir, onun qarşısında tam bir fikrin panoramı açılır.
Amma çox vaxt elə olur ki, bu tamın yalnız hissələri oxuculara çata bilir, onda əlac qalır oxucunun öz fantaziyasına, oxucu özü bu yarımçıq yazını xəyalən tamamlayır və böyük ehtimalla öz aləmində yazarı qınayır.
Belə bir poetik giriş nədən mənə lazım oldu? Səmimi etiraf edirəm ki, çoxdandır düşündüklərimi istədiyim kimi yaza bilmirəm və bu, məni narahat edir.
Bilirsinziz, nədən narahat oluram? Fikirləşirəm ki, bir gün oxucu “Bunlara bax! Adlarını analitik qoyublar! Bəs bunu niyə yazmamışdınız?” deyə bizləri yamanlayacaq. O vaxt nə deyəcəyik?
Açığını etiraf edim ki, hakimiyyət düşərgəsində baş verən proseslər, onların siyasi perspektivi məni az maraqlandırır, çünki mən hakimiyyətə bu qədər önəm verən siyasi qüvvə görməmişdim.
Elə bil L.Brejnevin dövrünə qayıtmışıq. Gurultulu lent kəsmə mərasimləri keçirilir, I.Əliyevin özü bu mərasimlərə qatılır, amma açlışdan sonra məlum olur ki, bəs müəsisisə işləmir!
Vallah, biz bəzən interpolyasilar aparır, dövrə bu və ya başqa ad veririk. Amma insafən deyəndə heç L.Brejnevin də vaxtında belə işlər olmurdu, əgər hansısa müəssisə açılırdısa o, işləyirdi. Ola bilsin, keyfiyyətsiz məhsul buraxırdı, amma işləyirdi axı! Indisə hər şey təbliğat üçün edilir.
Ona görə də mənim bu hakimiyyətə münasibətim birmənalıdır: seçki yolu ilə nə qədər tez və nə qədər sakit getsələr, bir o qədər yaxşıdır!
Amma bunların getməsi üçün kimsə onları yola salmalıdır. Varmı belə bir siyasi qüvvə? Iddiada bulunan çoxdur. Amma tək iddia ilə iş bitirmi? Əsl iş iddiadan sonra başlayır.
Nə gizlədim, hamının ümidi Milli Şurayadır. Amma o da məchulluğa doğru gedir. O mənada ki, bizim daha bir mühacir həyatı yaşayan “qanuni prizedenti” müdafiə etməyə nə həvəsimiz var, nə də gücümüz. Bəlkə də çoxu bir vaxt bizim yaşadıqlarımızı təsəvvür etməkdə çətinlik çəkir. Amma biz neçə il “qanuni hakimiyyət” deyib durduq?!
Halbuki həmin “qanuni hakimiyyət” özü H.Əliyevi Bakıya dəvət etmişdi, onu parlamentin sədri seçdirmişdi, sonra da hər şeyi H.Əliyevin öhdəsinə buraxıb ucqar kəndə çəkilmişdi! Bu, bizim gördüklərimiz, necə deyərlər, bizim taleyimiz idi?
Indi düşünürsən ki, necə gülünc bir oyunun iştirakçısı olmuşuq! Başqaları uzun müddət başqa birisini “qanuni prezident” hesab etdi, onun üçün çalışdı, vuruşdu. Onlar da oxşar tale yaşadılar.
Indi də bizi telefonla idarə etmək istəyirlər. Heç dəxli varmı? Bəklə də elə bir vaxt yetişəcək ki, mən görəcəm ki, yanılmışam. Həqiqətən də çox istərdim ki, yanılım. Amma bu yaşımda çox şeylər görümüşəm. Bu illər bəs bizdən nə aldı? Həyatımızı aldı, həyatımızı!
Zaman insanlara təcrübə gətirir, zaman keçdikcə insanlar daha təcrübəli olur. Amma bizim təcrübəmizdə mən tamam başqa şey görürəm. Insanlar sadəlövhlük içində vurnuxur, hər şeyə inanırlar.
Deyirlər ki, bəs filankəs Dövlət Departamentində, Konqresdə olub. Nə olsun ki? Mən də olmuşam! Özü də ondan xeyli əvvəl!
Indi nə deyim? Deyim ki, Departament və ya Konqress mənim namizədliyimi müdafiə edirdi? Gülünc deyilmi?
Siyasətdə bir adama dəstək verirlər, bir də prosesə. Qərbdə, hətta ABŞ-ın özündə bizim bir müxalifət kimi seçkidə iştirak etməyimizi dəstəkləyirlər. Amma yalnız iştirakımızı! Bu, Departamentin işçilərinə öz hesabatlarında Azərbaycanın “demokratiyaya doğru daha bir addım” atdığını yazmaq üçün lazımdır! Biz isə elə nəticə çıxarırıq ki, sanki bizim adamımızı müdafiə edirlər!
Bu, hələ hamısı deyil. 20 ildən sonra bizim telefonla idarə olunan vaxtımızdır? Mənə elə gəlir ki, vahid namizəd iddiasında bulunan şəxs gərək Bakıda olsun, canlı proses yaratsın. Əvvəlcə deyirlər ki, hər şey ölkənin öz içində həll olunmalıdır, sonra da qayıdırlar ki, bəs biz ölkənin xaricində daha böyük işlər görə bilərik…
Bu isə mənə inandırıcı görünmür, çünki siyasi nağıllara inan vaxtım deyil, hətta onlar çox şirin olsa belə…