Gənc fəal Daşqın Məlikov: «Məni narkotiklə ittiham etmək gülməlidir»
Əsabəli Mustafayev: «Vətəndaşlara işgəncə verən polislərin növbəti qurbanı Daşqın oldu…»
Narkotiklə şərlənərək həbs olunan AXCP Gənclər Komitəsinin üzvü Daşqın Məlikovun işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb, dünənki məhkəmə iclasında həm ittiham, həm də müdafiə tərəfi çıxış edib, gənc fəal özü də son sözünü deyib.
Iş üzrə dövlət ittihamını prokuror Heydər Şahmuradov müdafiə edir. Daşqın Məlikovun Cinayət Məcəlləsinin 234.1-ci (narkotik saxlama, gəzdirmə) maddəsilə ittiham olunduğu deyən prokuror qeyd edib ki, ibtidai istintaq zamanı Daşqın Məlikov özünü təqsirli bilməyib. Prokurorun sözlərinə görə, məhkəmədə və ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, işdə toplanmış sənədlər və digər dəlillər isə ittihamı sübut edir. Çıxışının sonunda prokuror gənc fəala 3 il azadlıqdan məhrumetmə cəzası istəyib.
Ardınca Daşqının vəkili Əsabəli Mustafayev müdafiə nitqilə çıxış edib. Vəkil bildirib ki, prokurorun çıxışı da , onun istədiyi cəza da qərəzlidir. Əsabəli Mustafayev Daşqına qarşı ittihamın qondarma olduğunu vurğulayaraq, ona bəraət verilməsini istəyib: “Ittiham tərəfi Daşqın Məlikov tərəfindən cinayət törədilməsini daha çox onun üzərində axtarış keçirilməsinə dair protokol və şahid ifadələrilə təsdiqləməyə cəhd göstərir. Bu protokol barədə mən əvvəllər vəsatət vermişdim, təəssüf ki, o vəsatət təmin olunmamışdı. Həmin vəsatətdə bildirilirdi ki, o protokoldan sübut kimi istifadə oluna bilməz və cinayət işinin materiallarından xaric edilməlidir. Məhkəmə istintaqı zamanı baş verənlər də bizim o mövqeyimizi möhkəmləndirdi. Həm polis əməkdaşları öz ifadələrində, həm də hal şahidləri bildirdilər ki, faktiki Daşqın Məlikovun üzərində baxış, əməliyyat tədbiri yox, axtarışla götürmə keçirilib. Axtarışla götürmədə iştirak edən və başçılıq edən polis əməkdaşı Sabir Əliyev özü təsdiq etdi ki, portmanatı açıb və onun içindən maddəni çıxararaq nümayiş etdirib. O cümlədən də Asəf Cəfərov adlı hal şahidi öz ifadəsində qeyd etdi ki, polis əməkdaşları Daşqın Məlikovun gödəkçəsinin ciblərində axtarış keçiriblər. Beləliklə, hətta ittiham tərəfinin şahidləri olan bu şəxslərin ifadələrindən belə nəticəyə gəlmək olur ki, həmin anda əməliyyat fəaliyyəti deyil, istintaq hərəkəti keçirilib. ”Əməliyyat fəaliyyəti haqqında” qanunda əməliyyatçılar tərəfindən belə bir tədbirin keçirilməsi nəzərdə tutulmayıb. Belə məlum olur ki, onlar öz səlahiyyət həddini aşaraq, bu tapşırıqları həyata keçiriblər. Halbuki, həmin anda cinayət işi başlamamışdı. Biz də bilirik ki, qanuna görə, istintaq hərəkəti, ancaq cinayət işi mövcud olduqda keçirilə bilər. Qanunun tələbinə görə, səlahiyyət həddini aşmaqla keçirilmiş belə bir hərəkət zamanı əldə edilmiş sənədlər ittihamın əsası üçün istifadə oluna bilməz. Bundan başqa, dindirilmiş polis əməkdaşları da etiraf etdilər ki, Daşqın Məlikov tutulan zaman polisdə onun üzərində axtarış aparılarkən, ilkin izahatı alınarkən onun yanında vəkili olmayıb. Hətta şahid polis özü etiraf etdi ki, Daşqın öz vəkilini tələb edib, konkret olaraq mənim adımı çəkib. Lakin bu tələbinə baxmayaraq, onun müdafiə hüququ təmin olunmayıb. Yalnız təhqiqat zamanı təyinatla vəkil gəlib. Yenə də görürük ki, protokol, ilkin izahat müdafiə hüququnun pozuntusu ilə əldə edilib. Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, müdafiə, azadlıq hüququnun pozuntusu ilə əldə edilmiş materiallar ittihamın təsdiqi üçün istifadə oluna bilməz. Ittihamın istinad etdiyi digər sübut kimi, polis əməkdaşlarının ifadələri göstərilir. Ümumiyyətlə, bu praktikanın özü qəbuledilməzdir ki, adamları tutanların onların əleyhinə ifadələrindən sübut kimi istifadə olunur. Bu şəxslərin ifadələri mötəbər sübut sayıla bilməz, çünki artıq mən dediyim kimi, bu şəxslər Daşqın Məlikovun hüquqlarını pozublar. O şəxslər əgər düzgün ifadə versəydilər, ifadələr onların özünə qarşı işləyəcəkdi. Bu halda, onlar məsuliyyət daşımalı olacaqdılar ki, niyə Daşqının müdafiə hüququnu və digər hüquqlarını pozublar. Belə olan halda, o şəxslərin ifadələri obyektiv sayıla bilməz.
Çox mühüm bir məqamı da qeyd etmək istəyirəm. Həmin əməliyyatda iştirak etmiş şəxslər, məsələn, Iftixar Rüstəmov, Faiq Mirzəyev adlı polislərin adları başqa işlərdə tutulan vətəndaşlara işgəncə verən şəxslər kimi təsdiqlənib. Iftixar özü də burada dindiriləndə həmin məqamları yadına saldı. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2010-cu il tarixli qərarı ilə həmin əməliyyatda iştirak etmiş bəzi şəxslər saxlanılan vətəndaşlara işgəncə veriblər. Bu, rəsmi məhkəmə qərarıyla təsdiqlənib. Prokurorluq həmin adamları himayə etdiyi üçün onlar öz əməllərini davam etdirirlər. Ekspert rəyi var ki, bu adamlar tutulan şəxsin üzərində 32 ədəd siqaret söndürüblər. Bunlar tutulan şəxsə elektro-şok veriblər. Mən məhkəmənin diqqətinə bu məqamları ona görə çatdırıram ki, nəzərə alsınlar ki, Sumqayıt polis idarəsinin əməliyyat işində iştirak edən bu şəxslərin belə əməlləri olub. Bu gün o əməllərin bir qurbanı da Daşqın Məlikovdur.
Daşqın Məlikov tutulduğu andan etibarən deyir ki, onun bu narkotiklə heç bir əlaqəsi yoxdur. Onun bu arqumenti müəyyən faktiki hallarla da təsdiq olunur. Ilk növbədə qeyd etməliyəm ki, Daşqın 9 ildir ki, ağır xəstəlikdən əziyyət çəkir, ikinci qrup əlildir. Ildə iki ay olmaqla, hər il xəstəxana şəraitində müalicə alır. Əgər o, doğrudan da narkotik istifadəçisi olubsa, aydındır ki, xəstəxanadakı analizlər zamanı bu, üzə çıxmalı idi. Həkimlər də müvafiq orqanlara bu barədə xəbər verməli idilər. Ikinci arqument isə odur ki, həbs olunmamışdan 3 gün əvvəl onun evinə sahə müvəkkili gəlib, ondan partiya vəsiqəsini və hərbi biletini istəyiblər. Yəni, bu şəxs bilirdi ki, nəzarətdədir. Polis nəzarəti altında olan bir şəxsin üzərində narkotik maddə gəzdirməsi, əlbəttə, inandırıcı deyil. Bundan əlavə, deyirlər ki, Daşqın saxlanıldığı yerdə üstündə axtarış keçirilməyinə razı olmayıb. Bu məsələ ilə bağlı mənim mövqeyim belədir ki, saxlanılan an narkotik hazır olmayıb, cibinə atmayıblar deyə, polis bölməsinə aparıb orada axtarış keçiriblər. Mən belə şeyi cəmi 3 dəfə eşitmişəm. Ilk dəfə Cabbar Savalanlının işində, sonra Ilqar Rzayevin işində, indi isə Daşqın Məlikovun işində. Üçü də əsassız olaraq, narkotiklə ittiham olunublar.
Bir neçə kəlmə də prokurorun çıxışı ilə bağlı demək istəyirəm. Mən çalışırdım ki, ayrı-seçkiliyə məruz qalmaq məsələsini, siyasi fəaliyyət məsələsini kənara qoyum. Ancaq indi hörmətli prokuror bunu nümayiş etdirdi. Belə ağır cəza istəmək, ancaq qərəzin, ayrı-seçkiliyin təzahürü ola bilər. Narkotik asılılığı olan şəxslərə bir ildən artıq iş verilmir. Necə oldu ki, heç bir narkotik asılılığı olmayan, heç bir qəbahəti olmayan bir şəxsə 3 il cəza istədiniz? Hesab edirəm ki, burada qərəzin çox ciddi təzahürü var. Məhkəmədən də xahiş edirəm ki, öz qərarı ilə bu ayrı-seçkiliyə icazə verməsin.
Hesab edirəm ki, Daşqın Məlikova qarşı irəli sürülmüş ittihamı əsaslandırmaq üçün cinayət işində heç bir mötəbər sübut olmadığından cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir”.
Vəkilin çıxışından sonra son söz demək üçün növbə Daşqına çatdı. O, bir neçə cümlə ilə fikrini ifadə etdi: “Mənə qarşı irəli sürülən ittihamla bağlı yalnız onu deyə bilərəm ki, mənim heç vaxt narkotiklə işim olmayıb, narkotik asılılığım olmayıb. Bu yaşıma kimi narkotik vasitələrin heç birini tanımamışam. Məni narkotiklə ittiham etmək, sadəcə, gülməlidir. Qalanı isə sizin ədalətli qərarınıza qalıb”.
Hakim Aqil Abbasov çıxışları dinlədikdən sonra bildirdi ki, məhkəmənin hökmü iyulun 3-də elan olunacaq.
Bəyim Həsənli