DİN onun axtarışa verildiyini təsdiqlədi; sabiq deputatın cavabı sərt oldu
«Hər şey «Susma»dan sonra baş verdi. Məni xalqımla eyni mövqedə olduğum üçün qondarma ittihamlarla axtarışa veriblər»
“Oğuz eli” Ictimai Birliyinin rəhbəri, sabiq deputat Hüseyn Abdullayev beynəlxalq axtarışa verilib. Iyunun 26-da APA-nın yaydığı məlumata görə, sabiq deputatın axtarışa verilməsinin səbəbi barəsində vergidən yayınma maddəsilə başlanmış cinayət işidir. Lakin Vergilər Nazirliyi Hüseyn Abdullayev barəsində vergidən yayınma maddəsi ilə cinayət işinin başlanması barədə xəbəri təsdiqləməyib. Dünən nazirliyin mətbuat xidmətindən Turan-a bildirilib ki, bununla bağlı rəsmi məlumat yoxdur, bu barədə yalnız mətbuatda oxuyublar.
Sabiq deputatın vəkili Kamandar Nəsibov bu barədə danışmaq istəməyib. O “bu mövzuda danışa bilmərəm” deyərək səbəbini açıqlamayıb.
DIN və Baş Prokurorluq da onlarda bu haqda məlumatın olmadığını bildiriblər.
Bir qədər sonra DIN Hüseyn Abdullayevin axtarışa verilməsi barədə məlumatı təsdiqləyib. Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Hüseyn Abdullayevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sabiq deputat özü isə musavat.com-a açıqlamasında deyib ki, bu cinayət işi qondarma, saxta bir işdir: “Mən 6 aydır Azərbaycanda yaşamıram. Almaniyada müalicə olunuram. Məni nə vaxt istintaqa çağırıblar ki, getməmişəm? Bütün bunların hamısı mənasız, qurama işlərdir. Mən 10 ildir ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul deyiləm. Belə olan halda vergidən necə yayına bilərəm?! Mənim nə firmam var, nə də biznes fəaliyyətim var”.
Hüseyn Abdullayev bildirib ki, bütün bunlar onun yaradıcılığı və mövqeyi ilə bağlıdır: “Hər şey ”Susma” əsərindən sonra baş verdi. Ona qədər də hakimiyyətdən mənə qarşı basqı var idi. Amma “Susma”dan sonra əsəblərinə hakim kəsilə bilmədilər. Mən o əsərlə xalqımı haqsızlığa, ədalətsizliyə qarşı mübarizəyə çağırmışam. Öz taleyinə biganə olmamaq çağırışı etmişəm. Bunlar isə məni xalqımla eyni mövqedə olduğum üçün qondarma ittihamlarla axtarışa veriblər. Məni axtarmağa və tapmağa nə var ki. Mənim yerim Azərbaycan xalqının ürəyidir… Mən millətimin ürəyindəyəm, millətim də mənim qəlbimdədir. Öz ölkəmdə xalqımı sevdiyimə görə mənim barəmdə cinayət işi açıblar. Məgər xalqı, vətəni sevmək cinayət əməlidir?!”
Sabiq deputat son vaxtlar bəzi saytlarda barəsində gedən yazılara da münasibət bildirib: “Barəmdə açılan cinayət işi kimi, o müsahibələr də sifarişdir. Məni təxribata çəkib danışdırmaq istəyirlər. Mən onların istədiyi vaxtda yox, öz istədiyim vaxtda danışacam. Səviyyəsiz və sifarişlə yaşayan adamlara cavab vermək istəməzdim. Hər şeyin zamanı var…”
Bu arada axtarışa verilən ehtiyatda olan polkovnik Isa Sadıqov Hüseyn Abdullayevin müdafiəsinə qalxıb. Modern.az-a açıqlamasında Isa Sadıqov Hüseyn Abdullayev barəsində başlanan cinayət işini pisləyib.
O, bildirib ki, Hüsey Abdullayev kimi insanlara qarşı təzyiqlər göstərmək xalqın qəzəbinə səbəb olacaq. “Nə məni, nə də Hüseyn Abdullayev kimi insanları qorxuda biləcəklər. Onların bizə qarşı təzyiqləri bundan sonra da heç bir nəticə verməyəcək. Buna əmin ola bilərlər. Artıq insanlar ayağa qalxıb, bu kimi insanların həbsinə etiraz etməlidir. Milli Şura kütləvi etirazlara başlamalıdır. Gözümüzün qabağında mərd oğullarımızı sındırmaq istəyirlər”, – deyə polkovnik vurğulayıb.
Hüseyn Abdullayevə həbs təhlükəsi yaranması barədə “Azadlıq” bir neçə gün əvvəl məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, “Susma” mahnısından sonra hakimiyyətdə sabiq deputatla bağlı ciddi tədbir görülməsi qərara alınıb. Hüseyn Abdullayev hakimiyyətə yönəlik addımlarını davam etdirəcəyi təqdirdə onun barəsində qondarma cinayət başlanması və axtarışa verilməsi məqsəduyğun sayılıb. Bu barədə Hüseyn Abdullayevin özünə də xəbərdarlıq edilib.
Görünür, sabiq deputat həbs xəbərdarlığına əhəmiyyət verməyib. Hakimiyyət də qərarın icrasına başlayıb.
Hüseyn Abdullayev hakimiyyət mətbəxi barədə kifayət qədər məlumatlı adamdır. O, xüsusilə neft və metal biznesinin gizlinlərini detalları ilə bilir. Hüseyn Abdullayevin bildikləri açıqlaması ehtimalı böyükdür. Onun özü də bunu gizlətməyib, vaxtı gələndə danışacağını bildirib.
Azad