Aparteidə qalib gələn lider – Nelson Mandela
1960-cı ilin mart ayında Cənubi Afrikanın iki iri şəhərində – Yohannesburq və Keyptaunda dinc nümayişçilər güllələndi. Bu hadisə bütün dünyada hiddətə səbəb oldu. Sonralar BMT-nin qərarı ilə həmin gün Irqçiliyə qarşı mübarizə günü elan edildi. Həmin dövrdə Cənubi Amerikada Nelson Mandelanın rəhbərliyi ilə “Milətin nizəsi” təşkilatı yaradılır. Lakin Mandela uzun müddət fəaliyyət göstər4ə bilmir. 1962-ci ildən uzun müddət həbsxanada keçirir. Həbsxanada olarkən ona yaxın olanların bir çoxlarından fərqli olaraq dinc üsulları, danışıqları vacib hesab edirdi.
Ömürlük həbs cəzası
Bu günlərdə ölüm xəbəri yayılan Nelson Mandela 1918-ci ilin iyulun 18-də Mvezo kəndində tembu tayfasında, kəndin rəhbərinin ailəsində anadan olub. Müstəmləkəçi rəhbərlik atasını kənd rəhbərliyindən uzaqlaşdırandan sonra ailə doğma yerlərdən köçməli olur. Nelsonun adı əvvəllər yerli dildə “nadinc” mənası verən Holilala olub. Nelson adı isə o dövrlərin ənənəsinə uyğun olaraq ona orta məktəbdə verilib. Orta məktəb və kollecdə təhsil alan Nelson 1939-cu ildə qara dərililərin təhsil almasına icazə verildiyi yeganə universitet olan Fort-Xerdə humanitar elmlər fakültəsinə daxil olur. Təhsilinin ilk ilində universitet rəhbərliyinin siyasətinə qarşı etiraza qoşulur. Məhz siyasi mülahizələrinə görə o, universiteti yarımçıq tərk edir. Lakin sonradan təhsilini davam edirən Mandela 1942-ci ildə humanitar elmlər bakalavrı dərəcəsinə yiyələnir. Bir il sonra isə Vitvatersrand universitetində hüquq təhsili almaq niyyətinə düşür. Təhsil aldığı illərdə liberal, afrikanist və radikal ideyalarla tanış olur. 1948-ci ilə qədər universitet təhsilini davam etdirən Mandela hüquqşünas diplomuna yiyələnə bilmir.
Çünki həmin dövrdə artıq siyasi fəaliyyətlə məşğul idi. Lakin sonralar, həbsxanada olarkən Mandela London universitetində qiyabi təhsil alıb hüquq elmlər bakalavrı dərəcəsinə yiyələnə bilmişdi.
Ilk dəfə kütləvi etiraz aksiyasına Mandela 1943-cü ildə qatılmışdı. Həmin illərdə Mandela Afrika Milli Konqresinin də toplantılarında fəal iştirak edirdi. 1944-cü ilin aprel ayında isə o AMK-nın üzvü olur və Afrikada müqəddaratı təyinetmə hüquq uğrunda mübarizə aparan Gənclər Liqasının yaradılmasında iştirak edir. 1948-ci ildə aparteidi dəstəkləyən partiya hakimiyyətə gələndən sonra Nelson Mandela fəal şəkildə siyasətlə məşğul olmağa başlayır. 1952-ci ildə onun təşkilatçısı olduğu Itaətsizlik kampaniyası və Azadlıq xartiyasının qəbulu da buna işarə idi. Nelson Mandelanın siyasətinə Mahatma Qandinin zorakılıq tətbiq etmədən müqavimət ideyalarının böyük təsiri oldu.
1956-cı ilin dekabr ayında Nelson Mandela 150 mübarizə yoldaşı ilə birgə həbs edilir. Beş il davam edən istintaqın nəticəsində onlar bəraət qazana bilir. Mandelanın təmsil olunduğu “Afrika Milli Konqresi” partiyasının tərkibində onun öz rəhbərliyi altında silahlı qruplaşma formalaşmağa başlayır. Sonralar mübarizə üsullarına görə bu partiya terrorçu təşkilat kimi tanınıyır.
1962-ci ilin avqust ayında Nelson Mandela həbs olunaraq Yohannesburqa aparılır. Məhkəmə ona beş il həbs cəzası verir. Bir il sonra “Afrika Milli Konqresi”nin bir neçə üzvü həbs olunur. Mandelanın təşkilatın liderlərindən biri olduğu sübut edilir və o, ömürlük həbs cəzasına məhkum edilir. Mandela on səkkiz il Robben adasında cəza çəkir. 1982-ci ildə Polsmur həbsxanasına keçirilir.
Aparteidin son məhbusu
Aparteid rejimi görmə qabiliyyəti zəifləmiş, vərəmdən əziyyət çəkən Mandela ilə kompromiss yolları axtarırdı. Ancaq o, hakimiyyətlə anlaşmaya getmədi. Baxmayaraq ki, bunun əvəzində ona həbsdən azad edilərək ölkəni tərk etmək imkanı yaradılacağı vəd edilmişdi. Cavabında Mandela aparteidin son məhbusu olacağını bildirir. Elə də olur. Qara dərili həmyerliləri tərəfindən “Böyük timsah” adlandırılan prezident Bota (onun hakimiyyətdə olduğu müddətdə, 1978-ci ildən 1989-cu ilə qədər ölkədə polisin zorakılığı nəticəsində 20 min qaradərili Cənubi afrikalı ölüb), sonra isə Cənubi afrika Respublikasının sonuncu ağ dərili prezidenti Frederik de Klerk ölkənin gələcək siyasi quruluşu ilə bağlı siyasi məhbusla danışıqlara başlayırlar. Dünya siyasi tarixində bu ilk və hələ ki, sonuncu belə bir hadisə idi. Bu danışıqlar dörd il – 1986-cı ildən 1990-cı ilə qədər davam etdi.
Yalnız 1990-cı ilin fevral ayında Mandela həbsxanadan çıxmağa razılıq verir. Həmin günü prezident de Klerk Afrika Milli Konqresinin leqallaşdırılmasına icazə verən fərman imzalayır. Keçmiş məhbusun həbsdən çıxması və ilk çıxışı bütün dünya telekanallarında yayımlanır. O, rejimə qarşı qeyri-zorakı yolla apardığı mübarizədə həbsxanadakı təkadamlıq kamerada olarkən qalib gəlmişdi.
Həbsdən azad ediləndən sonra Mandela Afrika Milli Konqresinin rəhbəri seçilir.
Daha üç il AMK ilə CAR hökuməti arasında danışıqlara sərf olundu. Əslində ölkəyə üç yüz ildir rəhbərlik edən afrikanerlərin təslim olmasının şərtləri razılaşdırılırdı. Çünki demokratik seçkidə ölkə əhalisinin səkkizdə bir hissəsini təşkil edən ağ dərililərin qələbə şansı yox idi. Mandela siyasi mübarizəsinin əsas şüarı isə “Hakimiyyət qaralar üçün” deyil, “bir adam-bir səs” idi.
Nobel mükafatı laureatı
1993-cü ildə Mandela və Klerk Nobel sülh mükafatı alırlar. Bununla belə Mandela ilə de Klerk arasında münasibətlər o qədər də yaxşı olmayıb. 1992-ci ildə bir birinin ünvanına sərt ifadələr işlədən Mandela və de Klerk arasında danışıqlar AMK-nın təşəbbüsü ilə dayandırılır. Buna səbəb isə ölkədə qarışılığın baş verməsi olub. Hətta Mandela ölkə rəhbərliyini qətldə də ittiham edirdi. Lakin həmin ilin sentyabr ayında danışıqlar bərpa edilir. 1993-cü ildə ölkədə qanlı toqquşma təhlükəsi yarananda Mandela xalqa müraciət edir. Nəhayət, hökumətlə danışıqlar nəticə verir və 1994-cü ilin aprelin 27-nə ilk demokratik seçkilər təyin edilir. Seçkilər nəticəsində Nelson Mandela Cənubi Afrika Respublikasının prezidenti seçilir. Mandela ölkəsində bir neçə əsr davam edən irqi ayrı-seçkilik və onun “yüksək mərhələsi” olan aparteidə qalib gəlməkdə həyatının əsas məqsədinə çatmışdı. Məhz bu onun adını tarixə böyük hərflərlə yazdı.
İslahatçı prezident
1994-cü ilin mayın 10-da prezident kimi fəaliyyətə başlayan Mandela hakimiyyətdə olduğu illərdə bir sıra əhəmiyyətli sosial-iqtisadi islahatlar həyata keçirir. Bu islahatların əsas məqsədi Cənubi Afrika Respublikasında iqtisadi və sosial bərabərsizliyi aradan qaldırmaq idi. Ölkədə irqi ayrı-seçkilik aradan qaldırılır.
İstefa mədəniyyəti
1999-cu ilə qədər ölkəsinə rəhbərlik edən Mandela istefa verib ömrünün sonuna qədər sülh yaradan və xeyriyəçilik fəaliyyəti ilə məşğul olur.
Qısa müddəti çıxmaq şərti ilə Mandela hər zaman dinc mübarizə üsullarına can atıb. Cənubi Afrika Respublikasında ağlarla qaradərililər arasında vətəndaş müharibəsi olmayıbsa, bu məhz Mandelanın səylərinin nəticəsidir. Çünki 300 il ərzində Cənubi Afrika əhalisində ağ dərililərə qarşı nifrət və etiraz yığılmışdı. Hər kəs qanlı qırğın gözləyirdi. Ancaq bu baş vermədi. Hətta qanlı talanlar da olmadı.
Əvəzində Cənubi Afrika respublikası qara qitənin inkişaf etmiş ölkəsinə çevrildi.
ABŞ-ı “dünya jandarmı” adlandıran lider
Aparteidə qalib gəlmiş, dünyanın ən məşhur və hörmətli siyasətçisi olan Nelson Mandelanın ölkəsindəki nüfuzu ancaq yerli səcdəgahl müqayisə edilə bilər. Onun partiyası – Afrika Milli Konqresinə olan etimad tükənmir. Mandela hakimiyyətdən gedəndən bəri bu partiya bütün seçkilərdə xalqın etimadını qazanır. Çünki bu, ölkənin qara dərili əhalisinin maraqlarını ifadə edən yeganə partiyadır.
Dünyada isə ondan məşhur və hörmətli siyasətçi yox idi. Pretoriya, yaxud Yohannesburqa gedib Mandela ilə görüşməyi bir çoxları özü üçün şərəf bilib. Müasir siyasilər arasında əzabkeş kimi şöhrət qazanması ona hər kəs haqqında qərəzsiz danışmağa, siyasi manevr və kompromisin zəruriliyi barədə düşünməməyə, bir-biri ilə düşmən olan tərəflərlə dostluq etməyə imkan verib. Onun dostları arasında Fidel Kastro, Müammər Qərrafi və Bill Klinton da var idi. Mandela Liviya və Kubanın blokadasının aradan qaldırılmasına çağırışlar edib, Iraqın və Yuqoslaviyanın bombalanmasını tənqib edib, ABŞ-ı “dünya jandarmı” adlandırıb. Əvəzində ABŞ prezidenti Mandela ilə görüşdə ona ehtimarmla təzim edirdi. Nelson Mandela bir neçə kitabın müəllifidir. Onların arasında 1965-ci ildə yazdığı “Azadlığa gedən asan yol yoxdur” və “Mən ölməyə hazıram” (1979-cu il) kitabları əsas yer tutur.
50-dən çox beynəlxalq universitetin fəxri doktoru, ABŞ, Böyük Britaniya, Kanada, Hindistan və digər ölkələrin 20-dən artıq dövlət mükafatının sahibi olan Mandela siyasətdən şöhrətin zirvəzində olarkən gedib.
Beynəlxalq Nelson Mandela günü
Mandelanın şərəfinə Ingiltərənin The Sresials A.K.A. musiqi qrupu “Nelson Mandela” mahnısını yazıb, Buxta şəhər dairəsi Mandelanın adını daşıyır (həmin şəhərdə stadion da Mandelanın adını daşıyır). Uqandanın milli stadionu da Mandelanın adınadır. Keyptaunda adına küçə var, Londonda isə ona heykəl ucaldılıb. 2009-cu ildə isə Nelson Mandelanın həyatından bəhs edən “Itaət etməyən” filmi çəkilib.
2009-cu ilin noyabr ayında BMT Baş Assambleyası sülh və insan haqları uğrunda mübarizədəki xidmətlərinə görə iyulun 18-i Beynəlxalq Nelson Mandela günü elan edib. 2011-ci ildə Mandela “Rerutation Institute” şirkətinin 25 ölkədə 50 min adam arasında keçirdiyi sorğu nəticəsində qüsursuz reputasiyasına görə dünya liderlərinin siyahısına başçılıq edib.
2012-ci ildə isə Google şirkəti Mandelaya həsr olunmuş rəqəmsal arxiv yaradıb.
Fizzə