Paradoks da olsa, bəzən elə neqativ hadisələr olur ki, onlardan xəbər tutanda sabaha inamım artır, cəmiyyətimizin tam ölmədiyinə əminliyim möhkəmlənir. Onlardan birini dünən eşitdim. Iqtisad Universitetinin saxta diplomunu satan birini yaxalayıblar. Diploma 7500 manat qiymət qoyubmuş arxadaşımız…
Razılaşın, ilin-günün və böhranın şiddətli indiki çağında 7500 manat balaca rəqəm deyil. Mən ancaq o diplom satanı bu bahaçılığına görə qınaya bilərəm.
Təəccübümə səbəb insanların elm üçün hələ də xəsislik etməməsidir. O diplomu pulla alan vətəndaşa minnətdaram. Deməli, insanlarımız elmi qazanmağa təmbəllik etsələr də ona rəğbətlərini itirməyiblər…
Dostlar, hər şeyin saxtası pisdir, buna kim şübhə edir ki. Lakin bir ölkədə ki, prezident saxta yolla ali kürsünü ələ keçirir, deputatların mandatı saxtadır, belə yerdə saxta diplom niyə olmasın ki…
“Iqtisad”ın rektoru Şəmsəddin Hacıyevi hansı seçki hoqqabazlığı ilə deputat ediblər, bu haqda internet istifadəçilərinin əlində azı 5 video var. Yəqin ki, saxta deputat, saxta diplom satana xeyli əsəbiləşib. Halbuki onlar mahiyyətcə dost və qardaş, məsləkdaşdılar.
Burda uzaqbaşı Şəmsəddin müəllim biznes maraqlarının tapdanmasına əsəbiləşə bilər. Əsəbiləşsin, bunu ona qadağan etmək olmaz.
Elmlə seçki saxtakarlığı arasında üzvü əlaqənin olması bizim ölkədə çoxdan sübut olunub. Təsadüfi deyil ki, saxta seçki ilə parlamentə düşənlərin əksəriyyətinin yolu sonradan Azərbaycan Milli Elmlər Akademiyasından keçir. Bəlkə çoxunuz xəbərsizsiniz ki, Bahar Muradova, Siyavuş Novruzov, Fazil Qəzənfəroğlu elm adamıdır?!
2005-ci ilin saxta seçki protokolunu imzalayan Vidadi Mahmudlunun oğlunun da oğurluq yolla alim olmaq istəyini unutmamısınız yəqin…
Saxtakarlıqdan hər kəsin iyrənəcəyi günün yetişəcəyinə inanaq. Bu, bizim insan kimi ən xoşbəxt anlarımızın yetişdiyi gün olacaq. Saxta məzun, saxta prezident, saxta hakim saxta bal kimi şirin ola bilər, ancaq o kaloritdən əbədi məhrumdur.
Ləkə
Hökumətin antikorrupsiya davası davam edir. Dünən Bakıdan uzaq rayonlarda həbslər oldu. Allah, Allah, sən demə, Şamaxı, Kürdəmir, Salyan rayonlarında məmurlar korrupsiya ilə məşğul olurlarmış…
Nə nankor adamlar varmış…
Cənab prezidentin başı Bakıda analoqsuz inkişafa qarışdığı günlərdə rayonlardakı məmurlar “dərə xəlvət, tülkü bəy” deyib kef çəkirmişlər.
Qibleyi-aləm Ilham müəllim o gün çıxışında “korrupsiya bizim üçün ləkədir” deyəndə ürəklərimiz necə həyəcanla vurdu, gözlərimiz yaşla dolub daşdı. Onun bu işlərdən xəbəri yox imiş…
Ona görə ey uzaq kəndlərdə, insanları çalıb-çapan bələdiyyə üzvləri, baxça müəllimələri, mağaza qarovulçuları, eşidin…
Artıq zülm yerdə qalmayacaq. Cənab prezident üstünüzə gəlir. Dövlətimizə ləkə yaxdığınıza görə Azərbaycanın adını neçə illərdir “Beynəlxalq Şəffaflıq” təşkilatının hesabatında rüşvətxorluğa görə üst sıralarda saxladığınıza görə yedikləriniz burnunuzdan gələcək.
Heç kimdən aman gözləməyin…