Ölkə müxalifətinin düşərgəsində mövqelərdə, düşüncələrdə getdikcə bir aydınlığın sezildiyini inkar etmək çox çətindir. Hiss olunur ki, vahid namizəd problemi də çözüləcək, bununla bağlı böyük ziddiyyətlər yaşanmayacaq, çünki müxalifətin nüvəsini təşkil edən əsas siyasi vektorların baxışlarında ciddi bir yaxınlaşma tendensiyası hiss olunur.
Bunu təqdirəlayiq detal saymaq olar. Suallar da tədricən azalır. Onları səsləndirməkdə məqsəd heç vaxt müxalifətin birliyinə kölgə salmaq olmayıb. Sadəcə, hamımız narahatlıq dolu günlər yaşayırıq. Ona görə də çalışırıq ki, işlər elə getsin ki, sonradan heç birimiz barmağımızı dişləyərək “Bunları əvvəldən niyə görmədik?” deməyək.
Kimin vahid namizəd olmağa daha yaxın olduğunu da qeyd etməyə elə bir zərurət yoxdur, hamı hiss edir, duyur. Mən R.Ibrahimbəyovun son çıxışı ilə tanış oldum. Əvvəl bir qədər narahatlıq dolu suallar vardı. Ən əsas narahatlıq da onunla bağlı idi ki, tanınmış yazıçı və ssenarist özü ölkəyə qayıtması üçün real maneələrin, hətta həbs olunmaq təhlükəsinin olduğunu etiraf etmişdi. Bu, çox ciddi məsələ idi. Ona görə ki, biz mühacir həyatı və yaxud mərkəzdən kənarda yaşamaq məcburiyyətində qalan qanuni prezidentlər erasını artıq keçmişik, bir daha bu ssenariyə qayıtmağa, onu gerçəkləşdirməyə nə gücümüz qalıb, nə də həvəsimiz. Amma R.Ibrahimbəyovun son çıxışı ilə tanış olandan sonra bir qədər rahatlıq tapdıq.
Hiss olunur ki, o da namizədin ölkədə olmasının vacibliyini gözəl dərk edir. Əgər bu problem bu formada özünün çözümünü taparsa, bunu yalnız təqdir etmək olar.
Həmin çıxışdan müxalifətin seçki prosesində rastlaşa biləcəyi maneələrin də yetərincə dərk olunduğu hiss edilirdi. Bəs indi əsas problem nədir?
Planlar böyükdür. Müxalifətin hakimiyyətə gələcəyi təqdirdə böyük siyasi islahatların aparılması gözlənilir. Yaxşı haldır ki, artıq indidən onları qruplaşdırır, onların konturlarını cızmağa çalışırlar. Amma vaxt azdır. Ona görə də artıq indidən milləti geniş platforma ilə tanış etmək lazımdır.
Bunu ən azı ona görə etmək lazımdır ki, hakimiyyət bu planların üzərində siyasi spekulyasiyalar qura bilməsin.
Bunun üçün ilkin təcrübə də var. Bir vaxt, özü də çox da uzaq olmayan keçmişdə müxalifət demokratiyaya yumşaq keçidin platformasını hazırlamışdı. Indi həmin platformaya qayıdaraq yeni reallıqlar əsasında onu yenidən hazırlamaq olar. Təbii ki, ümumi fikirlər var. Amma onların bir qədər də dəqiqləşdirilməsinə, cilalanmasına ehtiyac duyulur.
Ölkənin konstitusion quruluşunun əsaslarını dəyişmək, onun parlament respublikasına keçidini təmin etmək o qədər də asan məsələ deyil. Düzdür, YAP-ın sayəsində bu mif də bir az dağılıb, məlum olub ki, konstitusiyanı dəyişmək partiya nizamnaməsinə dəyişiklik etmək qədər asan bir məsələdir. Amma bunu bir zarafat kimi qəbul edin, əslində isə məsələ çox ciddidir.
Bu keçiddə ən böyük problem nə olacaq? Parlament respublikası ölkədə çox güclü partiya sisteminin olmasını tələb edir. Amma son 20 ildə hakimiyyət elə bir siyasət aparıb ki, partiya sözünün özü belə ucuzlaşıb.
Partiyalardan nə tələb olunacaq? Onlar hökumət formalaşdırmalıdırlar. Bu isə sizə asan görünməsin. Bunun üçün ciddi kadr potensialı olmalıdır. Amma indi elə bir vəziyyət yaranıb ki, heç bir partiya bunun öhdəsindən gələ bilmək iqtidarında deyil. Düzdür, siyasi koalisiyalar mümkündür. Amma onlar o qədər stabil və davamlı olmur. Çox güman ki, bir müddət hökumət böhranına bənzər situasiya yaranacaq.
Amma onu aradan qaldırmaq mümkündür. Çox güman ki, partiyaların funksionerlərinin də düşüncələrində müəyyən dəyişiklik olacaq və onlar başa düşəcək ki, hökumət formalaşdırmaq üçün kimləri önə vermək daha düzgündür.
Nə isə. Bunlar bir qədər gələcəyin söhbətidir. Amma müxalifətin qalib gələcəyi təqdirdə bu gələcək çox da uzaqda olmayacaq. Bəs lap yaxın gələcək üçün ən əsas problem nədir?
Bununla bağlı da bir aydınlığın yaranması hiss olunur. Seçkidə əsas məsələ qalib gəlmək deyil, bu qələbəni rəsmiləşdirmək, onu öz əlində saxlamaqdır.
Bu haqda bir qədər də düşünülsə, daha da yaxşı olar, çünki ən yaxşı halda mənəvi təsəlli ola biləcək mənəvi qələbələr bizi yorub. Elə insanlar da bundan bezib. Onlar hiss etsə ki, bu dəfə seçkinin saxtalaşdırılmasının qarşısını ala biləcək real mexanizmlər var, bu, seçici fəallığına da təsir edə bilər…