ATƏT hakimiyyətin bəhanəsini əlindən almaqdan ötrü tədbirin vaxtını dəyişdirdi
ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan siyasi partiyalarla hökumət üzvlərinin birgə müzakirələri təxirə salınıb. Bu barədə APA-ya ATƏT-in Bakı Ofisinin mətbuat katibi Rəşad Hüseynov məlumat verib. “Tədbir iştiraka dair məsələlər üzündən təxirə salınıb”, – deyə R.Hüseynov bildirib. Onun sözlərinə görə, dəyirmi masanın yeni tarixi yaxın vaxtlarda elan olunacaq.
Qeyd edək ki, bu il martın 7-8-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə siyasi partiyalarla hökumət üzvlərinin birgə müzakirələrinin keçirilməsi nəzərdə tutulurdu.
Tədbirə mühazirəçi qismində ATƏT-in baş ofisindən ekspertlər dəvət olunub. Azərbaycanda siyasi tənzimləmə mövzusunda keçirilməsi nəzərdə tutulan dəyirmi masa və seminarda Prezident Administrasiyası, Milli Məclisdən yüksək vəzifəli şəxslər, habelə 18 siyasi partiya təmsilçisinin iştirakı nəzərdə tutulurdu. Tədbirin məqsədi Azərbaycan hökumətinə partiyaların siyasi tənzimlənməsində yardım etməkdir.
İştirakçılara ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Venesiya Komissiyasının siyasi tənzimlənməyə dair əsas qaydaları və sənədləri barədə məlumat verilməli, Azərbaycanda “Siyasi partiyalar haqqında” qanunun təkmilləşdirilməsi imkanları müzakirə olunmalı idi.
“Azadlıq”a daxil olan məlumatda isə deyilir ki, tədbirin baş tutmamasına səbəbkar hakimiyyət olub.
Belə ki, ATƏT hakimiyyət qarşısında dəyirmi masaya yüksək çinli məmurların qatılmasını şərt qoyub. Ancaq hakimiyyət ora aşağı ranqlı nümayəndələr göndərməyi istəyib və bunu digərlərinin iş qrafiklərinin sıxlığıyla əlaqələndirib.
Ancaq ATƏT bununla razılaşmayaraq, hesab edib ki, bu tipli tədbirlərə siyasi qərarların verilməsində təsir imkanları olan məmurlar qatılmalıdır, əks halda, tədbirin heç bir faydası olmayacaq.
Xəbəri bizə verən mənbə onu da əlavə edib ki, sonda ATƏT hakimiyyətin bəhanəsini əlindən almaq üçün onlara tədbirin vaxtını dəyişdirdiyini elan edib. Hakimiyyətə təklif edib ki, bu müddətdə dəyirmi masada yüksək səviyyəli iştirak üçün iş qrafiklərini götür-qoy etsinlər.
İnformasiya şöbəsi