Adil Ismayılov: «Zakir Nəsirovda Elmar Hüseynovun qətlilə bağlı mühüm məlumatlar var»
“Birinci növbədə dövlət başçısının vəkilliyə münasibəti dəyişməlidir”
Osman Kazımov da daxil olmaqla bir neçə vəkilin Vəkillər Kollegiyasından uzaqlaşdırılmasıyla bu sahədəki qanunsuzluqlar, özbaşınalıqlar yenidən gündəmə gəldi. Məlumat yayılıb ki, bu sahəni tam “zərərsizləşdirmək” üçün Vəkillər Kollegiyasının rəhbərliyində qurumdan uzaqlaşdırılması planlaşdırılan daha 22 nəfərlik siyahı var və onların da əksəriyyəti cəmiyyətdə müstəqil, peşəkar vəkil kimi tanınan şəxslərdir. Sözügedən siyahıda adı olduğu bildirilən Adil Ismayılovla müsahibəyə bu məsələdən başlasaq da, söhbət Hacı Məmmədov olaylarına qədər uzandı:
– Niyə məhz 22 nəfər?! Hesab edirəm ki, Vəkillər Kollegiyasında layiqli vəkillər daha çoxdur. Konkret özümə gəlincə, güman eləmirəm ki, məni bundan sonra Kollegiyadan çıxarmaq niyyətində olsunlar. Ən azı, ona görə ki, məni artıq üç dəfə prokurorluğun təqdimatı əsasında cəzalandırıblar. “Vəkillik fəaliyyəti və vəkillər haqqında” qanuna görə, cəzalı vəkillər Kollegiyanın rəhbər orqanlarında təmsil oluna bilməzlər. O mənada mən töhmətim olduğuna görə Azər Tağıyevə potensial rəqib ola bilmərəm. Azər Tağıyevin özünə də demişəm ki, Vəkillər Kollegiyasının sədri olmaq fikrində deyiləm.
– Kollegiyadan çıxarılanlar Tağıyev üçün potensial rəqiblər idi?
– Konkret Azər Tağıyevə potensial rəqib olmaqdan başqa, bu adamlar Rəyasət Heyətinə, Intizam Komissiyasına üzv seçilə bilərdilər. Mən isə heç bir seçkili vəzifəyə seçilə bilmərəm.
Vəkillər Kollegiyasının 2004-cü ildə keçirilən ümumi yığıncağında sözünü deyən, müəyyən məsələlərə etiraz edən, yəni, ümumi axına qarşı gedən vəkillərin demək olar ki, hamısı zərərsizləşdirilib. Müstəqil vəkil kimi tanıdığımız adamlardan səhv etmirəmsə, yalnız Fuad Ağayev qalıb ki, onun cəzası yoxdur. Qalanların hamısına cəza veriblər. Bir çoxunu ümumiyyətlə çıxarıblar: Namizəd Səfərov, Lətifə Əliyeva, Eldar Qurbanov, Hidayət Süleymanov və s.
2004-cü illə müqayisədə bu gün vəziyyət bir qədər dəyişib. Vəkilliyə testdən keçmiş xeyli yeni adamlar gəlib. Onların arasında qabiliyyəti, peşəkarlığı olanlar da kifayət qədərdir. Azər Tağıyev də bu cür adamlardan özünə mümkün təhlükələri zərərsizləşdirir.
– Faktiki bu gün vəkillərin özünün müdafiəyə ehtiyacı var…
– Neçə illərdir, vəziyyət belədir. Azər Tağıyevin yəqin ki, xətrinə dəyəcək, amma nə qədər Azər müəllim Vəkillər Kollegiyasının sədri olacaq, vəkillərin özlərinin müdafiəsi üçün ayrıca bir quruma ehtiyac yaranacaq.
Vəkillər Kollegiyasının rəhbər orqanlarının başlıca funksiyası vəkili müdafiə eləməkdir. Amma onlar vəkili müdafiə eləmirlər. Əksinə, prokurorluqdan, polisdən, məhkəmədən bir təqdimat gözləyirlər ki, kimisə cəzalandırsınlar.
– Bu cür münasibət sizcə, rəhbərlikdə təmsil olunanların şəxsi keyfiyyətlərindən irəli gəlir, yoxsa, bu, ölkədəki ümumi sistemdən qaynaqlanan problemdir?
– Vəkilliyin bu günə düşməyinin 100 səbəbi ola bilər, amma birinci səbəbi Azər Tağıyevdir. Digər bir səbəb də bu gün Rəyasət Heyətində təmsil olunan adamlardır. O adamlar ən azı mənə münasibətdə, hərəkətlərilə sübut ediblər ki, onlar heç kimdir. Mənimlə bağlı 2006-cı ildə Rəyasət Heyətində baş prokuror Zakir Qaralovun təqdimatı müzakirə olunurdu. Rəyasət Heyəti o təqdimat əsasında mənə töhmət verdi. Üstündən 5 ay keçməmiş, bu dəfə Zakir Qaralovun müavininin təqdimatı əsasında yenidən məsələmi müzakirəyə çıxardılar. Ikinci dəfə yenə töhmət verəndə soruşdum ki, ikinci dəfə mənə necə töhmət vermisiniz? Iclasın protokolundan məlum oldu ki, məsələ səsverməyə qoyulanda hazırda hakim olan o vaxtkı Rəyasət Heyətinin üzvü təklif edib ki, Kollegiyadan çıxarılım. 8 nəfər buna səs verib, bir nəfər əleyhinə çıxıb. Həmin o bir nəfər deyib ki, gəlin, töhmət verək. Yenidən o 9 nəfərin hamısı töhmətə səs verib. O bir nəfər də Azər Tağıyevdir. Yəni, bu gün Vəkillər Kollegiyasında bütün məsələləri həll eləyən həmin o bir nəfərdir.
– Rəhbərliyin bu cür adamlardan ibarət olmasının səbəbi nədir?
– Türkiyədə vəkilliklə bağlı qanuna vəkillərin hüquqlarını məhdudlaşdırmağı nəzərdə tutan dəyişikliklər eləmək istəyirdilər. Ona görə də vəkillər bir günlük tətil elan edib işə çıxmadılar. Məhkəmələrin işi iflic oldu. Azər Tağıyevə təklif elədim ki, biz də bu etiraz formasından istifadə edək. Dedi ki, nə danışırsan, hamımızı tutarlar. Yəni, psixologiya budur. Azərbaycanda heç bir sahədə müstəqillik qəbul olunmur.
– Vəkilliyin bu vəziyyətdən çıxarılması, vəkillərin müdafiəsi məqsədilə Işçi Qrup yaradıldı, alternativ Vəkillər Kollegiyası yaratmaq təklifi səsləndi…
– Alternativ vəkilliklə bağlı fikirlər ondan irəli gəlir ki, hazırkı Vəkillər Kollegiyası vəkilliyin inkişafı və vəkillərin müdafiəsi üçün heç bir iş görmür. Azərbaycanda alternativ Vəkillər Kollegiyasına, əgər indiki öz işini görsə… Eynilə, vəkilliyə qəbulda yaradılan o dərəcədə məhdudiyyətlərə də ehtiyac yoxdur. Test imtahanı keçirirlər, bunu qəbul eləyirəm. Amma düşünürəm ki, buna da bir o qədər ehtiyac yoxdur. Vəkillik peşədir, vəkilin işinə müştəri qiymət verir. Işləyə bilməsə, onun müştərisi olmayacaq. Bu gün Vəkillər Kollegiyasının təxminən 300-400 üzvü var ki, dövlət hesabına, təyinatla vəkil olmaqla dolanır. Hansı işi qaldırırsansa, eyni adamların adlarını görürsən. Məsələn, Vaqif Məmmədov var. Bu adam mənim iştirak elədiyim dörd işdə dövlət tərəfindən təyin olunan müdafiəçi kimi qol çəkib, heç bir iş də görməyib. Adnan Hacızadə və Emin Millinin işində də bu Vaqif Məmmədov iştirak edib. Təsəvvür edin, təqsirləndirilən şəxs məhkəmədə deyir ki, mən cinayət törətməmişəm, məni həbs eləməyin. Vəkili deyir ki, bu məsələni məhkəmənin mülahizəsinə buraxıram.
Bu adamlar vəkilliyə yaramırlar. Eyni zamanda, onlar Azər Tağıyevin rəhbərlikdən uzaqlaşmasını da istəmirlər. Çünki bilirlər ki, başqa bir adam gələndə bu işləri görməyə imkan verməyəcək.
Işçi Qrupa gəlincə, düşünürəm ki, vəkilliklə bağlı vəziyyətin düzəlməsini istəyənlərin sayı 22 nəfərdən xeyli çoxdur. Amma bu adamların əksəriyyəti kənarda durmağa çalışırlar. Şəxsən mənim özümün vəkil kimi azı, maddi problemim yoxdur. Müdafiəçi kimi çıxdığım xeyli işlər də var. Yanıma gələn adamlara ilk dediyim o olur ki, heç kimə vasitəçilik eləyən deyiləm, yalnız vəkil kimi öz işimi görəcəyəm. Onu da deyirəm ki, müdafiəçin Adil Ismayılov olduğuna görə işində müəyyən problemlər yarada bilərlər. Amma işinin qanuni yolla həllini istəyirsənsə, o zaman heç bir problem yoxdur, sonadək vəkil kimi əlimdən gələni eləyəcəm.
O məsələyə qayıtmaq istəyirəm ki, bu gün şəxsən mənim hörmət elədiyim kifayət qədər peşəkar vəkillər var ki, kənarda dayanıblar. Işçi Qrupun birinci vəzifəsini də o adamları bir yerə toplamaqda görürəm.
– Konkret çıxış yolunu nədə görürsünüz?
– Bu gün vəzifədəkilər, maddi imkanı yaxşı olan adamlar anlamalıdır ki, peşəkar vəkil, qanunun işləməyi ilk növbədə elə onların özlərinə lazımdır. Fərhad Əliyevin, Əli Insanovun və digərlərinin işində gördük ki, işləri “əyiləndə” vəkil kimi kimlərə müraciət edirlər. Başa düşürlər ki, bizim kimi vəkillər ilk növbədə öz nüfuzlarına görə müştərinin maraqlarını heç nəyə satmayacaqlar.
– Belə çıxır ki, vəkilə yanaşma baxımından ictimai düşüncə dəyişməlidir?
– Bizim kimi dövlətlərdə hər şeyi bir nəfər həll eləyir. Birinci növbədə dövlət başçısının vəkilliyə münasibəti dəyişməlidir. Azərbaycanda rüşvətin qarşısının alınmasıyla bağlı söhbət düşəndə mən öz fikrimi dedim ki, bunun bir yolu var: dövlət başçısı deyir ki, rüşvət almayın. Bununla da ən azı, problemin 50 faizi həll olunur. Qalan 50 faizin həlli üçünsə, normal məhkəmə sistemi, normal, müstəqil insanların vəzifəyə gətirilməsi lazımdır.
– Yəqin, özünüz də etiraf edərsiniz ki, bu gün Azərbaycanda vəkilin sözü eşidilmir…
– Razıyam. O işi vəkil öz gücü ilə uda bilir ki, orada məsələni pul həll eləmir. Yəni, hər iki tərəf maddi baxımdan eyni vəziyyətdə olur. Harada ki, pul var, siyasət var, o işlərdə vəkilin səsini eşitmirlər.
– Prokurorluqla aranızda “düşmənçilik” var. Bu amil vəkil kimi sizə problem yaratmır ki?
– Yaradır. Mənim “düşmənçiliyim” prokurorluqla yox, prokurorluğun rəhbərliyilədir. Prokurorluğun rəhbərliyinin qanunsuz hərəkətləri barədə prezidentə məktub yazmışdım və surətini Zakir Qaralovun özünə də göndərmişdim. Burada da söhbət baş prokurorla şəxsi problemimdən getmir. Yazmışdım ki, prokurorluğun rəhbərliyi cinayətə yol verib. Söhbət də Hacı Məmmədov olaylarından gedir. Eyni məktubu Milli Məclisə, Milli Təhlükəsizlik Nazirliyinə də göndərmişdim. Təəssüf ki, heç bir nəticəsi olmadı.
Prokurorluğun rəhbərliyilə şəxsi problemim olmasa da, onlar mənə işimdə problemlər yaradır. Barəmdə 4 dəfə Vəkillər Kollegiyasına müraciət ediblər. Vəkil məgər prokurorluğun marağından çıxış etməlidir? Vəkilin borcu qanuni yollarla müştərisinin maraqlarını təmsil etməkdir. Amma son nəticədə prokurorluğun təqdimatıyla Azər Tağıyev mənə töhmət verib.
– Həm məhkəmələrin, həm də Vəkillər Kollegiyasının fəaliyyətində prokurorluğun təsiri aşkar görünür. Yəni, prokurorluq bu qədər güclüdür?
– Bu vəziyyətin yaranmasında birinci günahkar məhkəmələrin özləridir. Cəzalandırılan hakimlərlə bağlı araşdırma aparanda görərsiniz ki, onların əksəriyyəti hansısa məqamda prokurorluğun əleyhinə gedən adamlardır. Bəraət verən hakimlərin böyük əksəriyyəti axıra qədər vəzifəsində qalmır. Onları başqa bir bəhanə ilə cəzalandırırlar, amma məsələnin kökündə məhz prokurorluğun əleyhinə gedib bəraət vermək dayanır.
Hakimlərin daim təzyiq altında saxlanması üçün belə bir vəziyyət yaradılıb. Bu kimi məsələlər artıq qanunvericilikdə də oturdulub. Hakim şəxsin haqqında qətimkan tədbiri həbs qərarını dəyişəndə iştirak eləyən prokuror bu qərardan protest verirsə, o protestə baxılana qədər adamı buraxmırlar. Amma məhkəmə şəxsi həbs eləyir və vəkil etiraz edərək, şikayət verəcəyini bildirir, buna baxmayaraq, adamı həbs eləyirlər. Bunun özü tərəflərin bərabərliyi prinsipinin pozulması deyilmi? Yaxud qanunda yazıblar ki, vəkil prosesə sədrlik edən hakimin icazəsi olmadan məhkəmə zalını tərk edə bilməz. Amma prokurorun üzərinə belə bir vəzifə qoyulmayıb.
Qanunda cinayət prosesində iştirak edən müdafiəçinin üzərinə 9 bənddən ibarət vəzifə qoyulduğu halda, prokurorun cəmi 3 bəndlik vəzifəsi var. Ən nəhayət, prokuror istintaq prosesində iştirak eləyən vəkili uzaqlaşdırır. Fərhad Əliyevin işində məni bu cür uzaqlaşdırdılar. Bundan sonra vəkil məhkəməyə şikayət verir. Məhkəmə instansiyaları bu işə baxana qədər də istintaq prosesi yekunlaşır. Bu nə deməkdir? Belə çıxır ki, iki komanda futbol oynayır, bir komandanın oyunçuları digərinə qırmızı vərəqə göstərib oyundan çıxarır.
2000-ci ildə Cinayət-Prosessual Məcəllə qəbul ediləndən sonra bu qanuna edilən dəyişikliklərin demək olar ki, hamısı vəkilin və müdafiə olunan şəxsin əleyhinə yönəlib.
– Səs-küylü işlərinizdən olan Zakir Nəsirovla bağlı məsələdə nə yenilik var?
– Şikayətimiz Avropa Məhkəməsindədir. Kommunikasiya mərhələsinin başlanmasını gözləyirik.
Zakir Nəsirovla bağlı iki sorğumuz olub ki, hələ də onlara cavab ala bilmirik. Yadınızdadırsa, Hacı Məmmədovun guya, Elmar Hüseynovu Fərhad Əliyevin sifarişilə qətlə yetirməsi barədə “şok açıqlaması” oldu. Indiyə qədər bu məsələnin rəsmi nəticəsi yoxdur. Niyə Hacı Məmmədovun Elmarla bağlı ifadəsinə inanmırlar, amma Zakir Nəsirov barədə ifadəsinə inanırlar? Hacı Məmmədovun ikinci şok açıqlaması da guya, Zakir Nəsirovun ona Rövşən Əliyevin oğlunu öldürməsi sifarişini verməsi barədə oldu. Onunla əlaqədar Zakir Nəsirovu heç bir əsas olmadan iki ay gətirib MTN-in istintaq təcridxanasında saxlayandan sonra yenidən geri qaytardılar. Ən nəhayət, Hacı Məmmədov belə bir ifadə də verdi ki, Məmmədəli Əliyev adlı sabiq polis rəisilə birlikdə qətl hadisəsi törədib. Amma Məmmədəli Əliyevlə bağlı hökmdən görünür ki, bu adama qətllə bağlı heç bir ittiham verilməyib. Deməli, Hacı Məmmədovun bu ifadəsi də yalan çıxdı. Təəssüf ki, MTN və Respublika Prokurorluğu bütün bu məsələlərlə bağlı sorğumuza bir ildən çoxdur cavab vermir.
Yəqin ki, yaxın günlərdə yenidən sorğu göndərəcəyik.
– Yeri gəlmişkən, Zakir Nəsirov Elmar Hüseynovun qətlilə bağlı müəyyən məlumatlara malik olduğunu bildirərək, ifadə vermək üçün baş prokurora müraciət etmişdi…
– Elmar Hüseynov qətlə yetirilən zaman Zakir Nəsirov Daxili Işlər Nazirliyində Baş Cinayət-Axtarış Idarəsinin rəisi olub. Zakir Nəsirov bir xeyli sonra istefa verib. Arada qalan müddətdə Nəsirov belə bir mühüm postda olub və kifayət qədər məlumatı ola bilərdi. Mənim bildiyimə görə də var. Amma heç kim onunla maraqlanmadı.
– Siz həmin məlumatların nədən ibarət olduğunu bilirsinizmi?
– Bunu mən özüm də dəqiq bilmirəm. Bildiyim odur ki, o işlə əlaqədar məlumatı var.
– Hacı Məmmədov olayları ilə bağlı araşdırmalarınızı davam etdirirsiniz?
– Əslində, bununla bağlı araşdırma aparmalı adam mən deyiləm, bunun üçün müvafiq qurumlar var. Amma çox istərdim bir məsələyə aydınlıq gətirsinlər ki, Hacı Məmmədovu daha nə qədər MTN-də saxlayacaqlar? Ömürlük həbs cəzası alan adam MTN-də qalmamalıdır. Qanunda nəzərdə tutulan bütün müddətlər artıq başa çatıb. Nə bir adam altı il MTN-də qala bilər, nə də bu qədər müddətə istintaq gedə bilər.
– Bunun səbəbilə bağlı hər hansı məlumatınız varmı?
– Ehtimallarım var və biri də budur ki, ya özü orada qalmağı arzulayır, ya da onu saxlayanlar bunu arzu edir.
Aytən Məmmədova