Korrupsiya söhbətləri, daha doğrusu antikorrupsiya söhbətləri mənə çox ləzzət edir. Bütün müstəqil jurnalistlər kimi mən də illərdir bu barədə yazırdım. Üstəlik, korrupsiyaya qarşı mübarizə ilə bağlı Dövlət Proqramı haqda müşahidə yönlü yazılarla çıxış edir, heç bir mübarizənin getmədiyini qeyd edirdim. Əksinə, korrupsiya hər gün artırdı, iş o yerə çatdı ki, korrupsiya qazanından dövlət işçilərinə konvertdə əlavə maaş verməyə başladılar. Nəticədə, bizdə sistemli, intizamlı, ciddi nəzarət edilən böyük korrupsiya mexanizmi yarandı. Amma o zaman bizə qərəzli deyir, yazdıqlarımızı iftira adlandırırdılar. Guya biz hər şeyi qara görürdük. Indi isə özləri başlayıb. Hisslərimi gizlətmirəm, bunu seyr etmək ləzzətlidir…
Ilham Əliyevin korrupsiyanın böyük bəla olması, onlara böyük ləkə sayılması barədə son çıxışı da çox xoşuma gəldi. Əmin etdi ki, ciddi mübarizə gedəcək, əli əyriliyə bulaşanlar cəzasını alacaq. Amma bir şey unudulmuşdu, bir şey deyilmədi: xalq Ilham Əliyevin özünün bu işlərə bulaşdığını düşünür. Yoxsa kim cəsarət edib, bir nazirlikdə korrupsiya qazanı yaradıb ondan işçilərə paket maaş verə bilərdi? Buna da izah olacaqmı? Bu unutqanlıq necə başa düşülməlidir?
***
Unutqanlıq və yaddaşsızlıq barədə söz düşəndə, yazıçı Əli Əkbərin “Amneziya” romanını xatırladım. Son vaxtlar bu yeni roman haqda çox danışılır. Əvvəllər biz Əli Əkbər yaşda yazarlar haqda danışanda, onları təqdim edəndə yazıçı kəlməsinin qarşısına bir “gənc” sözü artırırdıq. Gənc yazıçı filankəs. Elə bil onlara yazıçı deməyə cəsarət tapmırdıq. “Amneziya”dan sonra mən Əli Əkbərə gənc yazıçı deyə bilmərəm. Artıq qarşımızda yazıçı Əli Əkbər var. Romanı da ortadadır. Uğurlu satış və uğurlu reaksiya da həmçinin. Mənə elə gəlir ki, “Amneziya” maraqlı, əhəmiyyətli bir roman olmaqla yanaşı, ölkəyə yeni bir yazıçı bəxş etdi.
Romanın özünə gəldikdə, onun dili və digər xüsusiyyətləri haqda hər kəs doyunca danışa bilər. Çünki aydın və sadə dili var, draması maraqlıdır, məzmunu Azərbaycanın indiki gündəminə bağlıdır. Sirr deyil ki, aktuallıq, gündəmə bağlılıq bədii əsəri zəiflədə bilər, onu publisistikaya çevirə bilər. Lakin bizim yeni nəsrdə yazıçı Pərvizin “Yad dildə” əsərindən sonra bu ikinci uğurlu cəhddir ki, həmin cəhət əsəri zəiflədə bilmir. Kimsə bu əsərlərin hansısa başqa zəif tərəflərini iddia edə bilər, amma aktuallığı bədii mətndə əritmək kimi vacib bir məziyyət bizim yeni nəsrə nəsib olmaqdadır. Yoxsa kimlərəsə elə gəlir ki, böyük fəlsəfi mətləblərdən, vətənpərvərlikdən, azadlıqdan, inqilabdan yazmaqla artıq uğur qazanıb. Bu, kökündən səhvdir. Bədii əsər öncə dramanın, təsvirin, dilin uğurudur. Hamının bildiyi şeylərdən elə yazmağı bacarmalısan ki, hamı oxusun və hamıya maraqlı gəlsin. Hamının bilmədiyi şeylərdən elə yazmağı bacarmalısan ki, hamı onu bilmək istəsin.
Cəsarət bədii əsər üçün yeganə üstünlük deyil, amma əsl həqiqəti ifadə etməyin qorxaq yolları da yoxdur. Əli Əkbər cəsarətli əsər yaradıb.
***
Yaddaş və yaddaşsızlıq draması həmişə çətin, lakin maraqlı mövzu olub. Çünki bir başı mifə dirənir, əslində apokalipsis – qiyamət ideyasına bağlıdır. Insan təfəkkürü isə qiyamətdən ciddi dəyişiklik tanımır. Bu, sosial və siyasi inqilablardan da böyük bir inqilabı ifadə edir. Qiyamət ideyası budur ki, həmin andan hər şey hamıya bəlli olacaq. Sirr qalmayacaq. Həmin gün Tanrı özünün “Vikiliks” saytını işə salacaq. Özünüz fikirləşin, nə baş verər onda?
Baxın, Mirzə Cəlil “Ölülər”də qiyaməti necə təsvir edib?! Insanlar doğmalarının dirilməsini istəmir, çünki dirilənlər onların əməllərini biləcəklər. Markes isə yaddaşın itməsi xəstəliyi ilə üzləşən Makondanın yaddaşsızlığa qarşı dirənişini təsvir edib. Insanlar şeylərin adını üstünə yazır ki, onların nə olduğunu unutmasınlar. Hətta qəsəbənin mərkəzində bir yaddaş plakatı var: Allah var. Yaddaş bu qədər ciddi mövzudur. Əli Əkbər isə öz “Amneziya”sında yazıb ki, son var. Son olacaq. Unutmayın.