Gənc cəbhəçinin işi üzrə məhkəmədə əcaib vəziyyət: cinayət işilə bağlı şikayətə mülki işlər üzrə kollegiyanın hakimi baxıb
Dünən Sumqayıt Apelyasiya Məhkəməsində AXCP üzvü, şərlənərək həbs olunmuş gənc fəal Cabbar Savalanlı ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Cabbarın vəkilləri onun barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün məhkəmə qarşısında vəsatət qaldırmışdılar. Lakin Sumqayıt Şəhər Məhkəməsi vəsatəti təmin etməmişdi. Dünən, sözügedən qərardan verilən apellyasiya şikayətinə baxıldı.
Bu iş üzrə birinci instansiya məhkəməsində olduğu kimi, apellyasiya məhkəməsində də prosesin keçiriləcəyi barədə Cabbarın vəkillərinə, yaxınlarına məhkəmənin başlanmasına cəmi 40 dəqiqə qalmış xəbər veriblər. İstisna deyil ki, Cabbar Savalanlı ilə bağlı əvvəlki məhkəmə proseslərində məhkəmə binasının qarşısına yüzlərlə gəncin toplaşdığını, izdiham yaşandığını nəzərə alaraq, bunun qarşısını almaq üçün bu üsuldan istifadə edirlər. Elə məhkəmə binasının ətrafına xeyli polisin cəlb olunması da bunu düşünməyə əsas verir.
Cabbar Savalanlının vəkili Anar Qasımov “Azadlıq”a məhkəmə barədə məlumat verərək bildirib ki, apellyasiya şikayəti təmin olunmayıb. Müdafiəçinin sözlərinə görə, bu məhkəmə prosesində qəribə bir vəziyyətlə qarşılaşıblar: “Şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində mülki işlər üzrə kollegiyanın sədr əvəzi Azər Hüseynovun sədrliyilə baxılırdı. Cinayət işilə bağlı şikayətə mülki işlər üzrə məhkəmə kollegiyasının baxılmasına etiraz etdik. Çünki söhbət cinayət işindən getdiyinə görə, mülki işlərə baxan hakimlərin bu işə baxmağa səlahiyyəti yoxdur. Amma məhkəmə etirazımızı qəbul etmədi”.
Həbs-qətimkan tədbirilə bağlı şikayətlərdə Ali Məhkəməni keçmədən də Avropa Məhkəməsinə müraciət etmək mümkündür. Ona görə də Cabbarın vəkilləri elə bu həftə həbs qərarından Avropa Məhkəməsinə şikayət etmək niyyətindədir.
Bundan başqa, vəkillər Cabbar Savalanlının ibtidai istintaq müddətində girov müqabilində azadlığa buraxılması barədə vəsatət qaldıracaqlar. Qeyd edək ki, qanunvericilikdə qətimkan tədbiri növbələrindən biri kimi girov da nəzərdə tutulub. Lakin bundan təcrübədə demək olar ki, istifadə olunmur.
Yeri gəlmişkən, vəkillər Cabbar Savalanlı həbs olunan zaman ona münasibətdə yol verilən qanun pozuntularıyla (yaxınlarına xəbər verilməməsi, vəkillərinin onunla görüşə buraxılmaması, təzyiq altında ifadə alınması və s.) əlaqədar Sumqayıt Şəhər Məhkəməsinə şikayət versələr də, təmin olunmamışdı. Sumqayıt Şəhər Məhkəməsinin bu qərarından da apellyasiya şikayəti verilib.
Anar Qasımov deyir ki, Cabbar Savalanlının azadlığa buraxılması və pozulmuş hüquqlarının bərpası üçün qanunun imkan verdiyi bütün vasitələrdən istifadə edəcəklər.
Elmin