İran yeni prezidentini də köhnərlərdən seçməyi düşünür
İyunun 14-də Iran özünə yeni prezident seçir. Bu təbii ki, Azərbaycan üçün də mühüm bir hadisədir. Hər nə qədər Iranda davam etməkdə olan dini rejim bütün siyasi konyunkturanı təşkil etsə də, bu sistemə yeni qoşulan elementlərin də münasibətlərə təsiri olmamış deyil. Bu mənada hesab edirik ki, Iranda gözlənilən seçki barədə fikirlərimizi bölüşmək yerinə düşər. Öncə qısaca olsa da Iran Azərbaycan üçün kimdir?
22 illik buz dövrü…
Azərbaycan müstəqil olanda Iranda indiki dini rejimin o vaxtkı əsas adamlarından biri Haşimi Rəfsəncani iki il idi ki, hakimiyyətdə idi. O, hakimiyyətinin üçüncü, Azərbaycanın müstəqilliyinin birinci ilində – 1992-ci ilin mayında Ermənistan və Azərbaycan arasında vasitəçiliyə girişdi və bu ilkin danışıq günü bitmədən Şuşa işğal olundu. Qarabağ cəbhəsində itkilər durmadan sürətləndi. Rəfsəncani daha sonra Naxçıvandakı vəziyyətdən istifadə edərək blokadanı sərtləşdirib, yerli əhalidə mərkəzi hakimiyyətə (AXC hakimiyyəti) qarşı qəzəb yaradırdı. Bu vəziyyəti dərk edən Heydər Əliyevin zəruri açıqlama verməməsi isə başqa mövzudur. Fəqət, Rəfsəncani öz dövrünü başa vurandan sonra Iran siyasi elitasında nisbətən islahatçı kimi təqdim olunan və ya tanınan Məhəmməd Hatəmi hakimiyyətə gəldi və onun dövründə Azərbaycan-Iran münasibətləri Iran təyyarələrinin Azərbaycan hava sərhədlərini pozması ilə pik həddinə çatmışdı. Əhmədnejadın Iranda siyasətin görünən zirvəsinə qalxması isə bu münasibətlərə yeni çalarlar gətirdi. Azərbaycan-Iran münasibətləri hədələr müstəvisinə keçdi. “Hizbullah” adlı rəsmi Iran mücahid təşkilatı Təbrizdəki konsulluğu dağıdacağı ilə hədələdi. Iran generalı dövlət başçısı Ilham Əliyevi şəxsən hədəfə aldı, təhdid etdi. Iran rəsmiləri bir çox hallarda Azərbaycan rəsmiləri ilə görüşdə diplomatik sayğısızlıqlara yol verir, Ayaz Mütəlibovdan Ilham Əliyevə kimi bütün dövlət başçılarını ya ələ salır, ya da yuxarıda qeyd etdiyimiz kimi hədələyirdilər. Bir sözlə, bu 22 il ərzindəki Azərbaycan-Iran münasibətlərini “buz dövrü” də adlandıra bilərik. Bu, əlbəttə, baş verənlərin ən qabarıq gözə dəyənləridir. Vətəndaşların casusluqda ittiham olunmasından, Iranın Israili görməzdən gəlib, Azərbaycanda sionist axtarışına çıxmasına qədər bir çox detalları saymaq olar. Mahiyyətcə isə baş verənlər ortaq tariximizin altındaki tonqalın hələdə sönmədiyini göstəricisidir. Bununla belə, bütün tənqidlərimizə baxmayaraq, demək olar, rəsmi Baknın Iranla müqayisədə bütün bu proseslərdə konstruktiv mövqedə durmağa çalışdığı aydın görünüb.
İran dünya üçün…
Avropanın bir hissəsini və Çinin 40 faizini enerji ilə təmin edən Iran indi ciddi iqtisadi təzyiqlər altında yaşayır. Dünyanın aparıcı xammal enerji resurslarına sahib ölkənin atom enerjisinə (nüvə silahına) sahib olmaq istəyi onu dünya ilə üz-üzə qoyub. Qərb-NATO çətiri altındaki dövlətlər hesab edir ki, Iran bu imkana sahib olsa, dünya təhlükəsizlik sisteminə ciddi təhdid yarada bilər. Hərçənd Irandan başqa nüvə silahına rəsmən sahib olan Pakistan və belə silahı olduğu eyham edilən Türkiyə var. Amma nədənsə, Iranın bu istəyi və cəhdləri süngü və qorxu ilə qarşılanır. Israil mediası Iranın əldə etmək istədiyi nüvə silahına “qiyamət günü silahı” epitetini əlavə edib. Niyə? Bu təsadüfi bir məsələ deyil və Iranda fəaliyyətdə olan dini məzhəbin içərisində “Mehdiçi”lər kimi tanınan cərəyan var ki, onların inancı qiyamət gününü yaxınlaşdırmaq üçün fəaliyyətə çağırır. Bu baxımdan onlar xristianlıqda Isanın zühuruna inanan “Evangelikan”ların müsəlman qarşılığı hesab oluna bilərlər. Yəni atom silahı onların əlinə keçərsə, onlar bundan qiyamət gününü yaxınlaşdırmaq üçün istifadə edə bilərlər. Qeyd edim ki, bu mülahizələr Iranla düşmən mövqeyində görünən Israil mediasına aiddir. Yəni Iran hazırda dünya üçün böyük təhdid mənbəyi sayılır.
İran özü üçün – “İçim özümü yandırır…”
Iran bir dövlət kimi daxilində də ciddi kataklizmlərdən fasilə verə bilməyib. Bunun onlarla nümunəsini göstərmək olar. Hərbi qanadın siyasi qanadla, siyasi qanadın dini rəhbərliklə münasibətləri daima gərgin olub. Bu normal demokratiyadan doğan dövlət aparatı işinin təşkili polemikaları deyl, avtoritar sistemlərin metamarfozu kontekstində baş verdiyi üçün olanlar Iranda cəmiyyətin parçalanmasına gətirib çıxarıb. Məsələn, iki kəşfiyyat təşkilatı ETELAAT və SEPAH arasındaki səlahiyyət davası Iranın küçələrində fizika alimlərinin başqa kəşfiyyat orqanları tərəfindən öldürülməsi ilə nəticələndi. Iran isə öz daxilindəki çürüməni görmədiyi üçün olanların günahını üçüncü dövlətdə axtarmağa meyillidir. Bu bütün dövrlərdə belə olduğundan kimin prezident olması Iran siyasəti üçün önəmli məqam deyil, amma…
Kim prezident ola bilər?
Əlbəttə, seçki öncəsi prosesi gözdən keçirərkən səkkiz namizəddən ikisinin üzərində dayanmaq daha məntiqli görünür. Hazırkı Milli Təhlükəsizlik Şurasının sədri Səid Cəlili və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti. Bu iki namizədin arasında ciddi mübarizənin gedəcəyi aşkar görünür. Amma başqa tərəfdən də dini hakimiyyətin rejim müxalifi olan heç kimi seçkiyə buraxmaması səsvermənin sönük keçəcəyini deməyə də əsas yaradır. Bu mənada Səid Cəlili prezident olmaq üçün daha şanslı görünür. Çünki o, Əhmədnejadın dövründə dini rəhbərliklə problem yaşamayan tək iri vəzifəlidir.
Milli hərəkat – ağ ilan axtarmır…
Azərbaycan türklərinin milli hərəkatı Irandaki seçkilərdən necə təsirlənəcək? Ölkədə ciddi bir hərəkətlənmənin olmaması onu göstərir ki, milli hərəkat artıq Iran daxilində heç bir prosesə ciddi önəm vermir. Hətta daha öncəki prezident seçkilərində rejim müxalifləri olan “Yaşıl Hərəkat”a da dəstək vermədikləri bu qənaəti bərkidir ki, Azərbaycan türkləri bu prossesi boykot edəcəklər. Yəni onlar Iranda hazırki rejim daxilində baş verən heç bir dəyişikliyi yenilik saymırlar. Bu mənada onlarən sistemin dəyişməsi və parçalanması işində əzmli olduqları aydın sezilir.