Nemət Əliyev: «Növbəti dövrdə problemlərin həll olunacağı ilə bağlı verilən vədlər xalqı aldatmaq niyyətindən irəli gəlir»
YAP-ın qurultayında prezidentliyə namizədliyi irəli sürülən ölkə başçısı ilham Əliyev ənənəvi vədlər verib. Hər bir Azərbaycan vətəndaşının prezidenti olacağını deyən Əliyev Azərbaycan xalqının etimadını doğruldacağını bildirib.
Ölkəyə rəhbərlik etdiyi on illik dövrdə heç bir irəliləyişə nail olmayan, xüsusilə də ölkənin iqtisadi və sosial problemlərini həll edə bilməyən, bunun əvəzinə uğurlu inkişafla bağlı ağızdolusu bəyanatlar verən bir şəxsin xalqın etimadını doğruldacağını deməsi nə dərəcədə səmimi səslənir? Azərbaycanın hansı probleminin həlli on ildən artıq vaxt tələb edirdi ki, Əliyev bunun üçün əlavə beş il də çalışacağını deyir?
Iqtisadçı-ekspert Nemət Əliyev dövlət başçısının son on il müddətində konstitusiyadan irəli gələn öhdəlik və vəzifələrini yerinə yetirmədiyini deyir. Bura ölkənin və vətəndaşların təhlükəsizliyini qorumaq, qanunun aliliyini təmin etmək, əhalinin maddi rifah halının yaxşılaşdırılması daxil idi. Ancaq bu istiqamətdə təəssüf ki, heç bir irəliləyiş əldə edilməyib: “Qarabağ torpaqlarının qaytarılmasına, ölkədə vətəndaş cəmiyyətinin yaradılmasına nail ola bilməyən Ilham Əliyev eyni zamanda iqtisadi, sosial sahədə üzərinə düşən vəzifələri yerinə yetirə bilmədi. Bu gün əhalinin yoxsulluq səviyyəsi həddən artıq aşağıdır. Insanlar normal şəkildə iş yerləri ilə təmin oluna bilmir, ölkədə rüşvətxorluq, korrupsiya tuğyan edir, bir qrup harınlamış məmur qulluq mövqeyindən sui-istifadə edərək özlərinin maddi sərvətlərini görünməmiş həddə qədər artırıblar. Iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına nail olunmayıb. Bunun nəticəsidir ki, ölkə iqtisadiyyatı bütövlükdə neftdən asılı vəziyyətə gətirilib. Dövlət büdcəsinin 85 faizi neft gəlirləri hesabına formalaşıb. Aqrar sektor, emal sektoru dağıdılıb. Baxmayaraq ki, on il problemlri aradan qaldırmaq üçün böyük zaman idi”.
Ekspertin sözlərinə görə, Ilham Əliyevdən əvvəlki dövrdə heç bir dövlət başçısı bu qədər maliyyə imkanlarına sahib olmayıb. Ancaq bu vəsaitlər ölkənin köklü problemlərinin həllinə sərf edilmədi. Bu vəsaitlər ailə maraqlarının təmin olunmasına yönəldildi. Halbuki bu qədər maliyyə vəsaitlərindən iki-üç dəfə az olan resurslarla ölkədəki problemləri həll etmək mümkün idi. Ancaq Ilham Əliyev və onun komandası bu işlərin öhdəsindən gələ bilmədi. Əksinə, Azərbaycan xalqı üçün böyük problemlər yaradıb. Ona görə də növbəti dövrdə o problemlərin həll olunacağı ilə bağlı verilən vədlər yenə də xalqı aldatmaq niyyətindən irəli gəlir və inandırıcı da deyil: “Artıq buna inanmaq da mümkün deyil. Çünki insanları çox aldadıblar. Bu da növbəti yalanlardan biridir. Dövlət başçısına bu qədər yalanlar söyləməsini yaraşdırmıram”.
Fizzə