Azərbaycan yeni bir dövrə qədəm qoyub. Ərəb dünyasında baş verən inqilablar cəmiyyətimizi dəyişdirib, xoş gələcək üçün ruhlandırıb. Insanlar sevinir. Sevinməyə haqları da var – dünyanın elə bir hissəsində dəyişiklik baş verir ki, bu olaylar Azərbaycana çox ciddi təsir edir. Hakimiyyətin atadan oğula keçdiyi Azərbaycanın ərəb ölkələri modelinə uyğunlaşdığı gizlin deyildi. Indi bu model sınır. Qərblə əməkdaşlıq edən modern imitasiyalı neft monarxiyaları çökür. Yəni bizdəki rejimlərin bənzərləri, həm də bizdəkindən daha möhkəmləri iflasa uğrayır. Məsələ tək bununla bitmir. Bu inqilablar müsəlman ölkələrində baş verir, o ölkələrdə ki, dünənəcən kimsə həmin toplumların demokratiya üçün ayağa duracağına inanmırdı.
Azərbaycan hakimiyyəti və cəmiyyəti birdən-birə yeni reallıqlarla üz-üzə qaldı. Müxalifəti, azad medianı, vətəndaş cəmiyyətini boğan repressiv rejim arxayın idi ki, artıq onun təhlükəsizliyi təmin edilib. Amma bunlarsız da meydana çıxan xalq və xalq inqilabları bu mifi dağıtdı. Dünənəcən bizə “xeyri yoxdur”, “hətta balaca Heydər hakimiyyətə gələcək” deyən adamlar artıq Ilham Əliyevin nə qədər qala biləcəyini, necə qala biləcəyini təhlil və müzakirə edir.
Bəli, yeni bir dövrə gəlmişik. Ayrı bir Azərbaycandır. Insanların inamı dirçəlir. Ən başlıcası odur ki, insanlar inanmaqda haqlıdır. Nəhayət gördülər ki, bizim vaxtilə yazdıqlarımız xam xəyallar yox, həqiqət imiş. Biz deyirdik ki, bu rejimlərin gücü çoxluğun onun qabağından qaçmağındadır. Yoxsa onlar başını götürüb qaçacaq dərəcədə qorxaq bir dəstədir. Onların gücü bizim zəifliyimizdə, bizim inamsızlığımızdadır. Indi isə bu inam qayıdır.
Bu inamın böyüməsinə, güclənməsinə, şaxələnməsinə sevindiyimiz bir dövrdə, həm də içimizin bir az rahatlığı günlərdə, hərdən yeni dövrə pessimizm qatmaq istəyən fikir və çağırışlar eşidirik. Düzdür, bu çağırışlar cəmiyyətin güclənən inamını qıra bilməz, çox gecdir, artıq bütün dünyada əks tərəfin – azadlığın düşmənlərinin inamı qırılır. Artıq görürük ki, bizdə də hakimiyyət əl-ayağa düşüb, xalqı sakitləşdirmək və inqilabı önləmək istəyirlər. Rejim təmsilçiləri dalana dirəndiklərini dərk edir, yeni dünya ilə üz-üzə qaldıqlarını bilirlər. Amma toplumda hələ də “biz ki qalxmamışıq, qalxanlara niyə sevinirik” deyən pessimistlər də var. “Bəs bizdə inqilab nə vaxt olacaq?” kimi suallar var ortada…
Bu fikirlər, bu suallar ümumi ovqatı dəyişdirməyə qadir olmasa da, bizim inamımızı qıra bilməsə də, bu və başqa suallara cavab verməyi tələb edir. Məsələn, biz hansı yolu və hansı vaxtı seçməliyik? Tezliklə meydana çıxıb inqilaba başlamalıyıqmı? Bəlkə kimsə birdən durub bizi meydana çağırdı? Neyləyək, gedəkmi? Ola bilsin, heç tanımadığımız adamdır, amma bəlkə inqilaba çağırış məqamıdır? Bəlkə yalnız tanıdığımız məşhur siyasi qüvvələrin arxasınca getməliyik? Amma tanıdığımız siyasətçilər də deyir ki, inqilabı xalq edir. Bəs xalq onların çağırışına gələcəkmi, yaxud nə vaxt gələcək? Bəlkə nəyisə, kimisə gözləmədən orada olmaq bizim səmimiliyimizin yeganə göstəricisidir və qalanı boş şeydir?
Yoxsa gözləməli, cəmiyyətin daha da dirilməsi anında xalq ayağa qalxmalıdır? Axı yarımçıq inqilablar da ideyanı xeyli geri ata bilir. Bir başqası deyə bilər ki, ümumiyyətlə, inqilabın bir cəhdli forması yox, çox cəhdli forması seçilməli və hər cəhd xalqı bir az diriltməli, hakimiyyəti zəiflətməlidir…
Heç kim dəqiq bilmir. Amma bir neçə həqiqət var ki, onlara əməl etmək bütün hallarda faydalıdır, lazımlıdır və ziyanlı deyil.
– xalqın ümidini qıracaq, onu zəif sala biləcək addımlara yol verməmək;
– cəmiyyətin inamını gücləndirən istənilən vətəndaş fəallığına yol açmaq, təkan vermək.
Inqilab xalqın özünə inamıdır!