Son günlərin dəbdə olan sözü “müstəqillik”dir. Guya ölkədən kənardan kimlərsə, hansı güclərsə ölkə içində kimlərin vasitəsiyləsə hakimiyyəti devirib Azərbaycanın müstəqilliyini əlindən almaq istəyirlər. Mən bu deyilənləri gülərək dinləyirəm. Çünki onların qarınlarının ağrısının nə olduğunu bilirəm. Onların dərdi bağdan üzüm yemək deyil, bağbanı döyməkdir. Rejimə qarşı müxalif olan hər kəsi illah ki, xarici güclərə, agenturalara bağlayıb aşağılamağa çalışmaqdır. Qorxuları isə müstəqillikdən deyil, təmsil olunduqları, ya da yandaşlıq etdikləri rejim üçün divarın qurtarmasından, yolun sonuna gəlinməsindəndir.
Bu adamların dilində müstəqillik, dövlətçilik-zad çox komik səslənir. Bəyəm Azərbaycan xalqını müstəqillikdən iyrəndirən, üz döndərən 20 illik Əliyevlər rejimi deyilmi? Bəyəm bunların soyğunçuluq, oğurluq, korrupsiya, yalan üzərində qurulan hakimiyyətlərinin məntiqi sonluğu deyilmi ki, 25 il öncə azadlıq idealları ilə küçələrə axışan…
Meydanları dolduran…
Işğalçı tankların önünə əliyalın çıxan bir xalq arasında indi “müstəqil olduq, nə dəyişdim, əlimiz balamı batdı?” əhval-ruhiyyəsi hakimdir.
Dəfələrlə gözlərimlə şahid olmuşam: müstəqillik üçün meydanlara çıxmış adamları “bu idimi müstəqillik dediyiniz?” deyə ələ salır, onlara tənə edir, onları qınayırlar. Başa düşüləndir: artıq xalq 20 ildir onun başına gətirilən hər bəlanın, hər hoqqanın, hər rəzilliyin günahkarı kimi müstəqilliyi görür. Artıq müstəqillik onun üçün işsizliyin, yoxsulluğun, rüşvətin, yaltaqlığın, cəhalətin, nadanlığın, polis zülmünün, məmur heyvərəliyinin, ofşor şirkətlərin sinoniminə çevrilib.
Yaxşı, indi müstəqilliyə qarşı belə bir ictimai münasibətin yaranmasına rəvac verənlər utanmadan Azərbaycanın müstəqilliyinə başqa hansı təhlükədən danışırlar, həyasızcasına başqalarını Azərbaycanın müstəqilliyinə təhlükə yaratmaqda necə ittiham edə bilirlər?
Üzsüzlüyün, sırtıqlığın son həddidir ki, özünün heç bir məsələdə azad, müstəqil sözün olmasın, amma dediyfin hər iki sözdən biri “müstəqillik” olsun. Kimi dolayırlar axı bunlar? Yoxsa elə bilirlər, camaat çörəyi qulağına-zada yeyir?
Müstəqilliyin əleyhinə səs verənləri deputat mandatı, “Istiqlal” ordeni ilə ödülləndirib…
Müstəqillik uğrunda ömrünü xərcləmiş adamları zindanlara doldurub, sonra hansı haqla özünü “müstəqillik dərdi” çəkən göstərmək olar?
Ölkəyə bir müstəqil məhkəməni çox görüb sonra da ölkənin müstəqilliyindən narahatlıq keçirmək – saxtakarlıqdır, riyakarlıqdır.
Özü müstəqil olmayan…
Özünün müstəqil sözü, fikri, mövqeyi olmayan…
Bir adamın beyni ilə düşünüb, bir adamın ağzı ilə danışan…
Fikirlərini, mövqeyini daim bir ailənin maraqlarına, mənfəətlərinə uyğunlaşdıran…
Karyera, komfort naminə köləliyi həyat tərzinə çevirən…
Yuxarıdan gələn direktivlərlə danışmaqdan, davranmaqdan zərrəcə xəcalət hissi keçirməyən adamlar doğrudanmı fərqindlə deyillər, müstəqillik sözünün onların ağzından necə gülməli səsləndiyini, başqalarında ikrahdan başqa heç nə yaratmadığını?
Gəncliyini bu ölkənin müstəqilliyi, azadlığı naminə qurban vermiş, məhrumiyyətlərdən, məşəqqətlərdən keçmiş adamları bu gün qalxıb vicdanları sızlamadan “müstəqilliyi satmağa hazırlaşmaqda” necə suçlaya bilirlər axı? Axı həyasızlığın doğrudanmı, heç bir həddi, sərhəddi olmaz?
20 illik tayfa-klan hakimiyyətlərini millətin sərvətlərini qaranlıq dünya gücləri, transmilli korporasiyalarla kirli bazarlıqların alətinə çevirərək…
Dik Çeynilərdən, Armitaclardan, Ruşaylolardan mədət umaraq quran və qoruyan bir zehniyyətin Azərbaycanın müstəqilliyi qeydinə qalmasından komik və absurd heç nə yoxdur.
Öz ölkəsinin müstəqilliyini həqiqətən də əbədi və dönməz görmək istəyirsinizsə, o zaman xalqı köləniz kimi görməyəcəksiniz. Onun iradəsi ilə hesablaşacaqsınız. Onun iradəsinin üzərinə çıxmayacaqsınız. Onun düşünmək, danışmaq, toplaşmaq azadlığını boğmayacaqsınız. Onu öz qulunuza çevirməyəcəksiniz.
Xalq azad olacaq ki, ölkə də həqiqətən müstəqil olsun!
Məsələ bu qədər bəsitdir, cənab yaptokratlar!
Geriyə qalanlar – artıq nağıllardır. Onu da gedin nəvələrinizə danışın, bəlkə inandılar.