Vətəndaş baş prokurora müraciətində nələr yazıb?
Abşeron rayonu Masazır kəndi, Hüseyn Arif küçəsi 52 saylı evdə yaşayan Alıyeva Ilahə Qədir qızı Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətin bir surətini də “Azadlıq”a ünvanlayan Ilahə Alıyeva Abşeron Rayon Polis Idarəsinin müstəntiqi Anar Kazımovdan şikayətçidir.
Qənirə Paşayevaya müraciət
O, bildirir ki, 1998-ci ildə 9-cu sinifi bitirdikdən sonra təhsilini davam etdirə bilməyib. 2011-ci ildə isə o həmin məktəbə müraciət edərək natamam orta təhsil haqqında şəhadətnamə almaq istəyib. Lakin istəyinə nail ola bilməyib. Bu halda Ilahə Alıyeva deputat Qənirə Paşayevaya üz tutub. “Müraciətim əsasında Qənirə Paşayeva şəhadətnamə və sosial vəziyyətimlə bağlı digər problemlərin həll edilməsi üçün Abşeronun icra başçısı Zakir Fərəcova müraciət edib. 2012-ci ildə Abşeron Rayon Icra Hakimiyyətindən mənə zəng edən Hafiz müəllim məni icra hakimiyyətinə dəvət etdi və bildirdi ki, Qənirə xanımın müraciəti əsasında Zakir Fərəcov problemlərimin həll olunması barədə göstəriş verib. O mənə kömək edəcəyinə söz verdi. Bundan iki gün sonra mənə yenə Abşeron Rayon Icra Hakimiyyətindən növbəti zəng gəldi. Bu dəfə zəng edən şəxs özünü Eldəniz müəllim kimi təqdim edərək, işimin ona həvalə olunduğunu bildirdi. Və xahiş etdi ki, icra hakimiyyətinə gəlim. Mən icra hakimiyyətinə gəlib onunla görüşərkən o, bildirdi ki, icra başçısının tapşırğı ilə mənə şəhadətnamə, atestat və diplom veriləcək. Eyni zamanda Abşeron rayonundakı məktəblərin birində əmək müəlliməsi kimi işə düzələcəm. Mən ona hətta texnikumda oxumadığımı deyəndə bildirdi ki, əvvəlcə mədəniyyət evində kursa göndəriləcəksən.
Təxminən 3 gün sonra o yenidən mənə zəng edərək dedi ki, işlərim düzəlib, lakin bir balaca problem var, ona görə də icra hakimiyyətinə gəlməliyəm. Həmin gün icra hakimiyyətinə gedərək onunla görüşdüm. Eldəniz müəllim bildirdi ki, başqa adam olsaydı bu işlərin görülməsinə 15 min manat xərci çıxacaqdı. Lakin səni Qənirə xanım tapşırdığından 1000-1200 manat arası xərc çıxıb. O həmin pulu istədi. Lakin mən ona imkanım olmadığını bildirdim. O, isə dedi ki, fikirləş, mənə bir məlumat ver. Təxminən 2 ay sonra, yəni 2012-ci ilin yanvar ayında mən 500 manat taparaq aparıb şəxsən Eldənizə verdim. Qalan pulu da düzəldib verəcəyimi bildirdim. Səhəri gün isə o, zəng edərək dedi ki, 1000 manat da verməlisən. Fevral və mart aylarında mən iki dəfəyə 1000 manatı ona verdim. O bildirdi ki, yayda mənim diplomumu verəcək. Sentyabrda isə Masazır kəndindəki 1 saylı məktəbdə işlə təmin olunacağam”.
Pulu Zakir Fərəcova vermişəm
Şikayətçinin sözlərinə görə, bir müddət sonra Eldəniz adlı şəxs ona bildirib ki, Masazırda və Xırdalanda əlillər üçün ev tikilir. Icra hakimiyyətinin nümayəndəsi həmin evlərdən birini Ilahə Alıyevaya təklif edib: “Dedi ki, qohumlarımdan biri ayağından əlil olduğu üçün ona həmin evlərdən birində 3-cü mərtəbədə 2 otaqlı mənzil verilib. Lakin o, həyət evi istədiyinə görə icra başçısı tapşırıb ki, ona verilən evi mənə versinlər. Eldəniz mənə dedi ki, əgər 22 min manat pul versəm bu məsələ həll olunar. Mən 9 min manat düzəldib Eldənizə verdikdən sonra bildirdim ki, qardaşım 2-3 aya qalan pulu da verəcək. Səhəri gün o zəng edərək min manat da gətirməyi təklif edərək, qalan pulu isə sonra verməyimə razı oldu. Bu məqsədlə o, kirayədə yaşadığım evə gələrək anamın yanında məndən 1100 manat aldı.
Təxminən 2 ay sonra qardaşım yerdə qalan pulu da verdi. Eldəniz bildirdi ki, 2012-ci ilin sentyabr ayının axırı və ya oktyabrın əvvəli tam təmirli evimə köçəcəyəm.
2012-ci ilin iyun ayında Eldəniz müəllimə zəng edib diplomum barədə soruşduqda o dedi ki, diplom hazırdır amma işləyəcəyim məktəbə verəcəkdir.
2012-ci ilin təxminən avqust ayında o, diplomumu mənə təqdim edib bildirdi ki, 2013-cü ilin yanvar ayından işə çıxacaqsan.
Avqust ayında isə o, kirayədə qaldığım evə gələrək bildirdi ki, prezidentin göstərişinə əsasən əlillərin evlərinə dəyəri 15 min manat məbləğində olan mebel və məişət avadanlıqları verilib. Təklif etdi ki, həmin avadanlıqlara görə ona 4 min manat versəm, mebel dəstini əlil qohumundan alıb mənə verəcək. 2013-cü ilin fevral ayında mən ona bu məqsədlə 4 min manat verdim. Həmin puldan o, mənə 250 manat qaytararaq, bunu uşaqlarıma pay olaraq verdiyini bildirdi”.
Ilahə Alıyeva iddia edir ki, sonradan həmin şəxsin onu aldatdığı bəlli olub: “Mən ondan pulumu tələb etdim. O isə dedi ki, pulu Zakir Fərəcova vermişəm, geri ala bilmərəm. Ona görə də nə pulu verəcək, nə də evi. Hətta mənə dedi ki, hara şikayət edirsən et, sənə heç kim inanmayacaq.
Dedi ki, Milli Məclisin sədri Oqtay Əsədov Zakir Fərəcovun xalası oğludur. Zakir Fərəcəvoun qardaşı isə deputatdır. Onlar icra başçısına himayədarlıq edirlər. Ona görə də sənə heç kim inanmaz ki, icra başçısı sənin pulunu alıb. Belə olan təqdirdə mən onun səsi yazılmış diski ona təqdim etdim. Həmin diskdə onun mənə dediyi sözlər yazılmışdı. Mən ona dedim ki, əgər pulumu qaytarmasan həmin diskin bir surətini də hüquq-mühafizə orqanlarına göndərəcəyəm. O, isə mənə hədə-qorxu gəldi ki, Zakir müəllim səni Azərbaycanda yaşamağa qoymayacaq, uşaqlarını öldürtdürəcək, səni isə tutduracaq. Bundan sonra dəfələrlə mənə zəng edib hədələməyə başladı”.
Mənə böhtan atırlar
Şikayətçinin sözlərinə görə, o baş verənlər barədə Abşeron polisinə müraciət edib. Lakin polis işi ört-basdır etməyə çalışır. “Sonuncu dəfə müstəntiq Anar Kazımov bildirdi ki, iş Abşeron Rayon Prokurorluğundadır. Lakin prokurorluğun işçisi Aynur xanım isə deyir ki, bu iş onlarda deyil, elə Anar Kazımovun özündədir”.
Ilahə Alıyeva Zakir Qaralovdan xahiş edir ki, bu məsələni diqqətdə saxlasın. Digər tərəfdən o, işin Korrupsiyaya Qarşı Mübarizə Idarəsində araşdırılmasını xahiş edir: “Hesab edirəm ki, qeyd etdiyim iş materialı Abşeron Rayon polis Idarəsindən alınaraq Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə Idarəsində araşdırılmalıdır.
Ilahə Alıyevanın dedikləri ilə bağlı müstəntiq Anar Kazımovla əlaqə saxlaya bilməsək də, adı hallanan Eldəniz Səfərovla danışmaq mümkün olub. O, Ilahə Alıyevanın dediklərinin əsassız olduğunu bildirib: “Mən bu adamları çoxdan tanıyıram. Dəfələrlə onlara köməyim dəyib. Indi bilmirəm ki, nəyə görə belə edirlər. Mənim otağımda kiminlə tanış olub, sonra nə edib bunun mənə nə aidiyyatı var? Mən gündə 25 adam qəbul edirəm. Hazırda bu işlə bağlı araşdırmalar gedir. Mən də vəzifəmdən getmişəm. Istintaqın obyektiv aparılması üçün. Artıq araşdırmalar zamanı bəzi məsələlər aydınlaşıb. Onlara diplom verənin kim olduğu müəyyənləşib. Bu adamlar məni ləkələyir. Və yəqin ki, haqq-ədalət öz yerini tapacaq. Onun dedikləri böhtandır. Kimlərsə bunları öyrədib, indi mən konkret deyə bilmərəm kimlərdir. Amma bunlar yaxşı bilir ki, dedikləri yalandır və məni ləkələmək cəhdidir. Onu da qeyd edim ki, mən bu adamların birinci qurbanı deyiləm”.