YAP-ın qurultayının keçirilmə tarixi Milli Şuraya görə irəli çəkilib
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayının irəli çəkilməsinin səbəbləri ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Əvvəlcə xatırladaq ki, YAP-ın qurultayı avqust ayına nəzərdə tutulmuşdu. Lakin bir neçə gün əvvəl bəlli olub ki, qurultayın vaxtı irəli çəkilib. Hakim partiya ali toplantısını iyunun 7-də keçirməyi planlaşdırır.
Indisə, keçəëk yeni məlumatlara. Məlumatlarda deyilir ki, qurultayın irəli çəkilməsinin əsas səbəbi Demokratik Qüvvələrin Milli Şurasının yaranmasıdır. Hakimiyyət Milli Şuranın yaranmasından ciddi narahatlıq keçirir. Məlumatlara görə, qurumun belə geniş formatda yaranması iqtidar üçün gözlənilməz olub. Hətta Milli Şura ilə bağlı hakimiyyətdə xüsusi toplantı da olub.
Məlumatlara görə, Milli Şura yaranandan sonra hakimiyyət YAP-ın qurultayının seçkiyə bir ay qalmış müddətdə keçirilməsinin ciddi fəsadlar verə biləcəyini düşünür. Bu qurultay xüsusi əhəmiyyət kəsb edir. Çünki YAP prezident seçkisində namizədini irəli sürməlidir. Bu məsələnin avqusta qədər uzadılması isə iqtidarda mərkəzdənqaçma meyllərini sürətləndirə bilər. Indinin özündə Ilham Əliyevin namizədliyi ilə bağlı tərəddüdlər var. Hakimiyyətdə müəyyən qruplar var ki, Ilham Əliyevin növbəti dəfə prezident seçiləcəyinə inanmırlar. Onun özünün namizədliyi barədə susması bu inamsızlığı bir qədər də artırır. Artıq Ilham Əliyev özü də komandasında tərəddüdlərin olmasının fərqindədir. Bu baxımdan o, qısa müddətdə qərarını açıqlamaq niyyətindədir. Məlumatlarda bildirilir ki, hakimiyyətin namizədi kimi Mehriban Əliyevanın adının hallanmasına baxmayaraq YAP-ın qurultayında Ilham Əliyevin namizədliyi irəli sürüləcək. Beləliklə Ilham Əliyev vəziyyət dramatik hal almamış komandasını cilovlamaq niyyətindədir.
Azad