Prezident Administrasiyasından ali məktəblərə və dövlət müəssisələrinə fövqəladə göstəriş
Ərəb ölkələrindəki inqilablar Azərbaycan hakimiyyətini təşvişə salıb. Iqtidar ideoloqları Azərbaycanda analoji hadisələrin baş verməməsi üçün müxtəlif planlar üzərində işləyirlər. Prezident Administrasiyasında (PA) hazırlanan planlardan biri də tələbələr və büdcə təşkilatında çalışanlar arasında profilaktik iş aparmaqdır.
“Azadlıq”a daxil olan məlumatlara görə, PA-dan bütün ali məktəblərə və dövlət müəssisələrinə göstəriş verilib ki, ərəb inqilablarının əleyhinə toplantılar keçirilsin. Artıq bir neçə ali məktəbdə tələbələri yığaraq onlara ərəb ölkələrində baş verən hadisələrin “mənfi nəticələri” barədə mühazirə oxunub. Tələbələrə bildirilib ki, bu hadisələr ABŞ tərəfindən məqsədli şəkildə həyata keçirilir. Hədəf müsəlman ölkələrində iğtişaşlar yaradaraq onların inkişafının qarşısını almaqdır. Tələbələrə, həmçinin deyilib ki, ABŞ-ın “adamları” Azərbaycanda da “aranı qarışdırmağa” çalışırlar, onlara qoşulmaq olmaz, bu, ölkənin milli maraqlarını qurban vermək deməkdir və s. Tələbələrə xüsusilə, “facebook” sosial şəbəkəsində ABŞ-ın “adamlarının” tələsinə düşməmək tapşırılıb. Həmçinin tələbələr inqilabi proseslərə qoşulduqları təqdirdə ali məktəbdən qovulacaqları ilə hədələniblər.
İnformasiya şöbəsi