Generalın «vurulması»nda Fərhad Əliyevin həbsxanadakı yaxşı şəraiti və Eynulla Fətullayevin məktublarının böyük rolu olub
Penitensiar Xidmətin sabiq rəhbəri Nazim Ələkbərovun tutduğu vəzifədən azad edilməsi barədə yeni məlumatlar yayılıb. Qeyd edək ki, Ilham Əliyevin sinif yoldaşı olan Nazim Ələkbərovun işdən çıxarılması cəmiyyətdə birmənalı qarşılanmamışdı.
“Yeni Müsavat” qəzetinin yaydığı məlumata görə, Nazim Ələkbərov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə isti münasibətlərinin qurbanı olub. Məlumatda deyilir ki, Fərhad Əliyev hələ nazir olanda Nazim Ələkbərovun onunla münasibətləri yaxşı olub. Bu münasibətlər indi sabiq nazirin yaxın qohumları ilə davam edir. Məlumata görə, Nazim Ələkbərovun Fərhad Əliyevin xalası oğlu ilə Avropa ölkələrindən birində çəkilən şəkli ölkə başçısına təqdim edilib. Bildirilir ki, general Fərhad Əliyevin bəzi qohumları ilə gizli biznes ortağıdır. Onun Fərhad Əliyevin Coşqun adlı xalası oğlu ilə görüşü də məhz biznes məsələləri ilə bağlı olub.
“Azadlıq”a daxil olan məlumatlarda da vurğulanır ki, Nazim Ələkbərovun işdən çıxarılmasında Fərhad Əliyev amili əsas rol oynayıb. Məlumatlara görə, Nazim Ələkbərovun həbsxanada Fərhad Əliyevə yaxşı şərait yaratması hakimiyyətin xoşuna gəlməyib. Təsadüfi deyil ki, Penitensiar Xidmətinin yeni rəhbəri Mədət Quliyev vəzifəsinin icrasına başlayan kimi Fərhad Əliyevi həbsxanada tutduğu xüsusi otağından çıxarıb.
Məlumatlarda bildirilir ki, “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin məktublarının həbsxana divarlarından kənara çıxması da Nazim Ələkbərovun əvəzlənməsini şərtləndirən amillərdən biri olub.
İnformasiya şöbəsi