Xalqımız seçim etməyəcək, seçimini qorumaq üçün birləşəcək…
Heydər Əliyevin doğum günündən düz 18 gün sonra. Bəli düz 18 gün sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günüdür. Ilham Əliyev atasının 90 illiyinə aylarla hazırlıq görür, amma bu dövlətin binasının qoyulmasının 95 illiyinə 95 manatlıq xərc çəkildiyi hələ də gözə görünmür.
Bunlar, əlbəttə, müqayisə məqsədli deyil. Azərbaycan öz tarixinin şanlı səhifələrini SSRI kimi bir sistemin “pozan”larından qoruyub saxlaya bilib və bundan sonra da bu tarixin yönünü dəyişməyin kiməsə qismət olacağı şübhə doğurur. Bununla belə, bu cür münasibətin köklərini dəyərli oxucularımıza təkrar xatırlatmaqda fayda olduğunu düşünürük.
Dövlət quranmı, ev yıxanmı?
Açıq ifadə etmək istəyirəm ki, insanların yaxşılıqlarına görə mükafatlandırılmasına qarşıyam. Çünki “insanlıq” bütün zamanlarda yalnız bəşəri olan dəyərlərlə bərabərləşəndə bir əhəmiyyətə malik olub. Bu mənada, bizim bu gün etdiklərimiz də, ideya öndərlərimizin 95 il əvvəl etdikləri də tarix və insanlıq mənsubiyyətimiz qarşısında borcumuzdur.
Amma biz həm də insanlığın böyük abidələrini gələcək nəsillərə göstərməyə borcluyuq. Ona görə ki, bu, yaxşılığın, ədalətin, azadlığın ölməz və məğlubedilməz bir dəyər olduğunu gələcəyə ötürmək üçün vacibdir. Məhəmməd Əmin Rəsulzadə bir azərbaycanlı kimi, öz xalqına dövlət qurdu, milli, dini, siyasi ayrı-seçkilik etmədən hər kəsi bu dövlətin təşkilində görəvləndirdi. Heydər Əliyev isə bir azərbaycanlı kimi, azərbaycanlıların iradəsilə formalaşmış hakimiyyəti silahla devirdi. Onun oğlu atasına ad günü keçirmək məqsədilə park tikdirmək üçün dinindən, dilindən, siyasi görüşündən asılı olmayaraq, minlərlə vətəndaşın evini başına uçurtdu, onların minimal kompensasiyasını – ziyanpulunu belə vermədi. Heydər Əliyevi Azərbaycan dövlətinin qurucusu kimi tanıdanlar onun şərəfinə uçurulan evlərdən xəbərsiz deyillər. Amma onu anlamırlar ki, bütün ölkə boyu evi başına uçurulan vətəndaş heç vaxt evyıxanı dövlət quran kimi tanımaz, qəbul etməz. Xırda ədalətsizliklərdən dağ düzəldib böyük ədaləti bərpa etmək mümkün deyil, mümkün olmayıb, olmayacaq da!
Siyasət xalqa xidmət deyilsə…
Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və s. Azərbaycan Xalq Cümhuriyyətinin böyük şəxsiyyətləridir. Onların hər biri bu gün də şəksiz-şübhəsiz tariximizin ləyaqətli şəxsiyyətləri kimi anılır. Həmişə də hər bir azərbaycanlının qürurla anacağı şəxsiyyətlərdir. Bu şəxslər beş fraksiyalı parlament respublikasını quraraq, hakimiyyəti xalqın iradəsində tutub. Onlar bu gün də həm xalqımız tərəfindən, həm də Qərb dünyasında anılırlar.
Heydər Əliyevin kadrları, məsələn, Ramiz Mehdiyev, Artur Rəsizadə, Kəmaləddin Heydərov, Ziya Məmmədov bu gün dünyada tərtib olunan “qara siyahılar”da yer alırlar. Ilham Əliyev isə “2012-ci ilin korrupsioneri” nominasiyasında qalib olmaqla estafeti başa vurdu. Bu gün hakimiyyətdə təmsil olunanların əksəriyyəti Azərbaycanın rayonlarını bostan kimi öz aralarında bölüşdürüb, qoçularına xalqı təhqir etdirirlər. Ismayıllıda, Qubada baş verən xalq ayaqlanmaları dediklərimizin həyati nümunələridir. Bundan dərs çıxarmayanlar isə daş heykəllərə tanrı kimi sitayiş edərək, özlərinin daş sonlarını yaxınlaşdırırlar.
Ordu nə üçün idi?..
Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçısı Xoyskinin rəhbərliyilə qırx minlik ordu yaradılmışdı. Qısa müddətdə bu ordu Qarabağdan Zəngəzura kimi böyük bir ərazini ermənilərin işğalından təmizlədi. Xalq bu ordunun qurulmasında fəal iştirak etdi, sonuncu bilərziyini, üzüyünü bu işə fəda elədi. Heydər Əliyev hakimiyyətə gələn kimi 33 AXC taborunu ləğv edib 7 rayonu müdafiəsiz qoydu. Azərbaycan Xalq Cümhuriyyəti gələcək nəsillərə böyük azadlıqların nümunəsini göndərdiyi halda, Heydər Əliyev öz əsərlərilə tarixə həkk olunmaq üçün can atdı. Onun Rəsulzadə irsilə savaşı çox uğurla gedirdi. 1993-cü ildə qiyama başçılıq etməklə, 1995-ci ildə ölkədə vətəndaşları üz-üzə qoymaqla o, Azərbaycan insanını getmək istəmədiyi yola – qardaş qırğınına sürüklədi. Bu Rəsulzadə və silahdaşlarına ən böyük zərbə idi. Müstəqil Azərbaycanın bir vətəndaşı o biri vətəndaşını öldürdüyü üçün “Milli Qəhrəman” adlandırıldı. Bu həm də tarixə diş qıcamaq idi. Amma Əliyevçiliyi bir din kimi yaymaq istəyənlər anlamırdılar ki, ideyası yaşatmağa qulluq etməyən heç bir sistem yaşaya bilməz. Xalq gec-tez baş verənlərin həqiqi qiymətini verəcək – verməkdədir.
Ilham Əliyev hakimiyyətə gələndən bəri bir dəfə də olsun Rəsulzadənin məzarını ziyarət etməyib, hətta onun Novxanıdakı abidəsini belə görməyib. Amma Heydər Əliyevin hər bir büstünün açılışı üçün əlində qayçı rayon-rayon gəzir. Bilmir ki, yolu həqiqətlə kəsişəndə onun qayçısı işə yaramayacaq.
Milli Şura ölməyib…
Tarix, əlbəttə, gələcəyin arxa qapısıdır, amma ora sadəcə, girmək olur. Bu gün də o qapıdan girənlər ən müxtəlif yerlərdə oturub öz qiymətini gözləyir. Oturmayanlar da var. Millətin, insanlıq mənsubiyyətinin qarşısında öz məsuliyyətini başa düşənlər yenidən insanlara hürriyyət qazandırmaq üçün əllərindən gələni edirlər. Böyük birliyi yaratmaq üçün bütün şəxsi istəklərin üstündən xətt çəkirlər. Anlayırlar ki, batan Azərbaycan gəmisidir. Onu xilas etməsək, hər birimiz batacağıq, bədbəxt məmləkətdə xoşbəxt insan ola bilməz, uğursuz ölkədə uğurlu siyasətçi ola bilməz, haram mühitdə halal yaşamaq olmaz, ədalətsiz toplumda adil olmaq olmaz. Bu düşüncə ilə millətin xilası üçün çalışırlar. Demokratik qüvvələrin Milli Şurasını yaratmaq üçün durmadan işləyirlər.
Heydərizmin davamçıları isə 48 milyardı Azərbaycan xalqından oğurladıqları kimi, yenidən hakimiyyəti qəsb etməyin min bir qanunsuz yolunu axtarırlar. Həyəcanlıdılar, bilirlər ki, gec-tez hər kəs layiq olduğu yerdə olacaq, savaşda tutduğu tərəfə uyğun olaraq…