Ötən gün RATI-nin ofisində yeni yaradılmış “Azad Vətəndaş Uğrunda” hərəkatının təqdimatı oldu. Ictimaiyyətə məlumat vermək və hərəkatın məqsədini cəmiyyətə tanıtmaq üçün təşkil edilmiş tədbirdə 50-dən artıq adam iştirak edirdi. Əsasən bitərəf insanlardan ibarət olan hərəkatda müxtəlif partiyaların nümayəndələri, QHT üzvləri, inanclı kəsimin nümayəndələri də təmsil olunur.
Hərəkatın strukturu 9 nəfərdən ibarət Idarə Heyəti formasındadır və “haqqına sahib ol” şüarı ilə fəaliyyət göstərəcək.
Hərəkatın təsisçilərindən olan Rəşid Mansurov bildirdi ki, bu hərəkatın yaranmasında məqsəd ölkədəki ədalətsizliyə, insan hüquq və azadlıqlarının tapdanmasına qarşı mübarizə aparmaqdı: “Vətəndaşın azad və firavan yaşaması üçün konstitusiyamız təsdiq olunub. Ancaq, təəssüf olsun ki, Azərbaycanda insanlar konstitusion hüquqlarından yararlana bilmir, insanların azadlığı addım başı pozulur. Ona görə də biz ”Azad Vətəndaş Uğrunda” hərəkatını yaratdıq. Bu hərəkatın əsas nüvəsini gənclər təşkil edir. Ölkədəki vəziyyəti problemlər məngənsindən çıxarmaq üçün biz əhalidən dəstək alacağımıza ümid edirik və hər kəs bu hərəkatda təmsil oluna bilər. Yaxın gələcəkdə biz cəmiyyətə daha aydın şəkildə öz məqsədimizi, proqramımızı təqdim edəcəyik”.
Hərəkatın siyasi düşərgə ilə inteqrasiyası, hansı siyasi qüvvəni dəstəkləməsi yönünüdə jurnalistlərin sualına isə, Rəşid Mansurov belə cavab verdi: “Biz hələ ki, təşkilatlanmaq məsələsini prioritet seçmişik. Ancaq ölkədəki müxalif düşərgə ilə sıx əməkdaşlığımız olacaq və seçki dövründə də məramı, mövqeyi bizimlə üst-üstə düşən qüvvəni dəstəkləyəcəyik. Hələ ki, bu sahədə konkret qərar verməmişik”.
Ilham Hüseyn