Amerikalı ekspert hökumət nümayəndələrinə Barak Obamanı örnək göstərdi
Azərbaycanda ağır cinayətlərə 1600, qəzetlərə 50 min cərimə kəsilir
Azərbaycan “Diffamasiyadan müdafiə haqqında” qanun qəbul edə bilər. Ancaq, Cinayət Məcəlləsində diffamasiyanı kriminallaşdıran 147-ci (böhtan), 149-cu (böhtan) maddələrinin sanksiyaları olduğu kimi qalmalıdır.
Azərbaycan hökumətinin hazırki mövqeyi belədir.
Mayın 22-də Park Inn otelində bununla bağlı disskusiyalar aparılıb. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib ki, hakimiyyət çalışır ki, insanların hüquqları balanslı təmin edilsin. “Kim düşünürsə ki, təhqir edəcək, amma məsuliyyət daşımayacaq, düz düşünmür.
Cinayət məsuliyyəti qalacaq”.
ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib ki, ifadə və söz azadlığı ATƏT-in təməl prinsipidir və “burada hər-hansı kompromis ola bilməz”. “Diffamasiya haqqında” qanun layihəsi illərdir müzakirə olunur, amma hələ irəliləyiş yoxdur. Amma diffamasiyanın genişləndirilməsi barədə qərarlar qəbul edilir.
ATƏT diffamasiyanın dekriminallaşdırılmasını istəyir.
Bu sahədə Avropanın çoxsaylı ölkələri qanun qəbul edib.
Son olaraq isə Böyük Britaniya qəbul edib”.
K.Tarqay xatırladıb ki, Azərbaycanda diffamasiya ilə bağlı cəzalar və cərimələr çox yüksəkdir.
“Məsələ qanunun qəbulunu başa çatdırmaqla bitmir, onun yerinə yetirilməsi də lazımdır. Dünya təkcə Azərbaycandan ibarət deyil. Dünyada fərqli dəyərlər var. ATƏT qabaqcıl dəyərləri Azərbaycana gətirmək istəyir”.
Ekspert Rəşid Hacılı da cərimələrin qanunvericiliyə adekvat olmadığı fikrindədir. “Qanunvericilikdə ağır cinayətlərə görə cəzadan sonra 825 manat, xüsusilə ağır cinayətlər üçün 1600 manatdan çox cərimə müəyyən edilməyib.
Amma məhkəmələr heç də ağır cinayət sayılmayan diffamasiyaya görə qəzetlərə 30 min, 50 min və daha çox cərimələr müəyyən edir”, deyə ekspert bildirib.
Diffamasiyanın internetə tətbiqi sahəsində də fikirlər ayrılıb. Ə.Həsənov internetdə təhqirin yolverilməzliyini deyib və təsdiqini tapmayan normaların Azərbaycana gətirilməsini qəbul etmədiyini diqqətə çatdırıb.
“Biz cəmiyyətdə özbaşınalıq yaradacaq normaları qəbul etməyəcəyik. Azərbaycan söz və mətbuat azadlığını da məhdudlaşdırmayacaq”.
O, əvvəllər söylədiyi “internet sahibsiz pişikdir” ifadəsini təkrar edərək deyib ki, “internet sahibsiz pişik kimi ev yiyəsinin xəbəri olmadan barını aşaraq evlərə daxil olur”. “Xəbərsiz qonağı isə necə qəbul edirlər, bilirsiniz. Internetdəki təhqirlərdən hamı narazıdır”, deyə o bildirib.
Internet Forumunun prezidenti Osman Gündüz internetə diffamasiyanın tətbiqinin yaradacağı problemləri diqqətə çatdırıb. Internet yalnız fikrin yayılması üçün məkan deyil, həm də kommunikasiyadır. Sanki hökumətdə iki fikir var – konservatorlar və yenilikçilər. “Hökumət internet peyki qaldırdığı bir vaxtda internetə diffamasiya tətəbiq edir. Təzaddır. Bir tərəfdən hökumət internetin inkişafına milyonlarla pul xərcləyir, ”internet ili” elan edir, digər tərəfdən isə qanunvericiliyə internetə görə diffamasiya tətbiq edir”, deyə ekspert bildirib.
Internetdə informasiya mənbəyinin, materialın haradan daxil edilməsi, domenin müəyyən edilməsi çoxsaylı problemlər yaradacaq. “Hər-hansı şəxs domeni Azərbaycanda alıb, hansısa xarici ölkədə material yerləşdirə bilər. Qanun necə tətbiq ediləcək, istintaqı kim aparacaq, işə hansı məhkəmə baxacaq?”, deyə ekspert Ələsgər Məmmədli bildirib.
Amerikanın Beynəlxalq Inkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin demokratiya və idarəçilik ofisinin direktoru Rolahnd Qlas diffamasiya ilə bağlı beynəlxalq təcrübədən danışıb. Onun fikrincə, prezident Obamanın prezidentliyinin çox ağır dövrə düşməsinə baxmayaraq, özündən əvvəlki prezidentlər kimi diffamasiyanın dekriminallaşdırlmasını dəstəkləyir.
“Prezident Obama kəskin tənqidlərə məruz qalır və tənqidlərə dözür. Bu onun zəifliyindən irəli gəlmir, əksinə güclü lider olduğunu sübut edir”, deyə o qeyd edib.
Geniş müzakirələrdən sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov “Diffamasiyadan Müdafiə haqqında” qanunun aşağıdakı şərtlələ qəbulunun məqbul olduğunu diqqətə çatdırıb:”Ilk öncə bu sahədə beynəlxalq qanunvericiliyin tətbiqinin üstünlüyü qanunda əksini tapmalıdır, cərimələr beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır. Qanuna yeni müddəa əlavə edilməlidir ki, iki ildən sonra diffamasiyanın dekriminallaşdırlımasına keçilir”.