Sözün də qəribə təsiri var. Bəzən eşidirsən, əvvəl-əvvəl əhəmiyyət vermir, mahiyyətinə varmırsan. Amma bir az keçir, o, səni bir də düşünməyə vadar edir. Bu minvalla rus müğənnisinin V.Putinin düz özünə ölkədəki vəziyyətlə bağlı irad bildirməsi əvvəlcə məni o qədər düşündürməmişdi. Fikirləşmişdim ki, Rusiyadır, burada hər şey mümkündür, köləlik də, cəsarət də! Amma sonradan fikrim dəyişdi, çünki yadıma bizimkilərin davranışı və sözləri düşdü: “Dövlətlə dövlətçilik etmək olmaz”, “xalq üçün ağlayan göz kor olar”… Bunlar sanki psixikanın alt qatlarından gələn tezislərdir, bəlkə məhz buna görə daim səni düşünüb-daşınmağa vadar edir…
Indi bizdən bir neçə paralel aşağıda cərəyan edən proseslərə diqqət yetirirəm. Çox güman ki, 30 il Tunisdə, 30 il Misirdə, 40 il Liviyada da insanlar belə düşünürdülər. Amma elə bir an gəlir ki, insan qəfil özündə qeyri-adi bir güc tapır, qorxu sınır… Mən bunun mexanizmini dərk etmirəm, açığı bunu heç kim bilmir, mən tək deyiləm. L.Qumilyev də özünün passionarlıq nəzəriyyəsində etnik enerjinin haradan götürülməsini izah edə bilmirdi, bunun mənbəyi kimi kosmosu göstərirdi. Sosiologiya yaranandan bu vaxta qədər onu fizikalaşdırmaq cəhdləri çox olub, hətta sosial dinamika kimi adlar da peyda olub. Fəqət, sosiologiyanı sözün əsl mənasında dəqiq bir elmə çevirmək mümkün olmayıb, o, elə ictimai elm kimi də qalıb. Elə ona görə də burada, hətta ehtimallardan belə, danışmaq mümkün olmur.
Indi belə məlum olur ki, hələ bir il bundan əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat Idarəsi ərəb ölkələrində ciddi böhranın olacağı haqda məlumat veribmiş. Fəqət, siyasətçilər buna ciddi yanaşmayıblar. Inanaq, ya inanmayaq? Doğrusu, bilmirəm. Hətta inansaq belə, bunun artıq elə bir əhəmiyyəti yoxdur. ABŞ da proseslərə münasibətini əlüstü formalaşdırdı, çünki buna hazır deyildi.
Nədən bunları yada salıram? Bəşəriyyəti məyus etmək cəhdləri böyük elmdə belə olub. Birinci bunu elə N.Kopernik edib. Bəli, onun sayəsində məlum olub ki, Yer kosmosda heç də əlahiddə bir vəziyyətə malik deyil, onun kimi göy cisimləri çoxdur. Sonra da Ç.Darvin gəldi, o, lap aləmi biri-birinə qatdı. Hə, dedi ki, insan meymundan əmələ gəlib! O vaxtkı insanların, hətta kilsənin də qəzəbinin səbəbini başa düşmək mümkündür…
Nə isə. Dediyim budur ki, insanın təkəbbürünə zərbə vurmaq cəhdləri az olmayıb. Ən böyük zərbəni isə diktatorlar vururlar. “Min il keçsə də bunlar oyanan deyil!” – hər bir diktator öz milləti haqda beləcə düşünür. Amma oyanırlar… Özü də haralarda? Tunisdə! Misirdə! Liviyada!.. Sabah, bir ildən, beş ildən sonra bu siyahı bir az da uzanmayacaqmı? Həm də diktatorların müddətini təkcə millətləri müəyyən etmir, göylər də var! Bir çoxuna hətta göylər belə otuz-qırx ili qismət etmədi!
Bəli, inqilabın vaxtını dəqiq müəyyənləşdirmək mümkün olmasa da, ünvanını demək mümkündür. Bunu siyasətə bir nəzər salmaqla müəyyən etmək o qədər də çətin deyil. Hakimiyyət ya seçki yolu ilə dəyişir, ya da inqilabla! Islahatlar yolunu bəzi ədəbiyyatlar ayrıca göstərsə də, o da seçkinin bir halıdır. Çünki bütün islahatlar son anda seçkilə yekunlaşır. Ona görə də yol ikidir. Seçki saxtalaşdırılırsa və yaxud da seçki siyasi proseslərdə heç bir rol oynamırsa, nə baş verməlidir? Təbii, inqilab. Bu, elə əlifba qədər sadə və əzəl mətləbdir…
Kiçik sözardı
Bəli, hər şey öz məhvərinə qayıdır. Bunu hələ qədim “Ekliziast”da deyiblər. Nədir bəşəriyyətin məhvəri? Azadlıq! Bərabərlik! Bəli, Tanrı insanları güclü və zəif, gözəl və çirkin yaratsa da, onların hamısını insan kimi yaradıb, özü də azad-hürr yaradıb. Hətta üçüncü bir detal da var – qardaşlıq! Onu da ilk dəfə Böyük Fransa inqilabı zamanı dilə gətiriblər. Amma ona hansısa bir siyasi və yuridik məzmun vermək mümkün olmayıb. Fəqət, şüar kimi elə o vaxtdan qalıb. Bəlkə bu da təsadüfi deyil. Insanların hamısı qardaş olmağa borclu deyil, amma bir-birində şəxsiyyət görməyə və ona hörmət etməyə borcludular. Insan bu detalı unudanda diktator olur, fərqi yoxdur harada – evdə, iş yerində və yaxud da elə ölkədə…