Məhkəməyə getməyən şahidlər hesabına ölüm hökmü
Moskva, 1988-ci il, 21 mart. “Pravda” qəzetindən:
Sumqayıtda olan qoşunların komandanı, general Krayev:
– Əgər sakinlər bizə kömək etməsəydilər, qurbanların sayı daha çox olardı. Məsələn, bir nəfər azərbaycanlı avtobus sürücüsü on nəfər ermənini dərhal Şəki şəhərinə – öz vətəninə aparmışdı. Başqa bir azərbaycanlı ailə çoxmərtəbəli evin qarşısında xuliqanların qarşısını kəsmişdi. Bir fəhlə öz dostu ilə avtobusda gedirdi, bir dəstə adam qəfildən maşını saxlayıb onun verilməsini tələb etdi. Azərbaycanlı fəhlə yaralansa da, ermənini xilas etmişdi.
***
Moskva. 1988-ci il. 3 noyabr:
Vəkil Ruştuni vəsatət qaldırmaq üçün söz istəyir. O, məhkəməyə yeni şahidlərin dəvət olunması məsələsini qaldırır. Vəkil deyir:
– 1988-ci il fevral ayının 27-29-da Sumqayıtda baş verən hadisələrin daha da əhatəli tədqiq olunması üçün SSRI prokurorluğundan yeni sənədlərin alınmasına və yeni şahidlərin məhkəməyə dəvət edilməsinə ehtiyac var.
Ilkin istintaq zamanı Arsen Arekelyan ifadəsində hərbçilərin tədbir görməməsindən və tibb işçilərinin məsuliyyətsizliyindən danışıb. Arekelyan məhkəmədə şahid kimi ifadə verərkən deyib ki, Daxili Qoşunların hərəkətsizliyi üzündən 41-ci məhəllədə insanların qanı tökülüb, ölənlər və yaralananlar olub.
Vəkil onun məhkəməyə çağırılmasını, bir çox məsələlərə aydınlıq gətirmək üçün təkidlə tələb edir.
Sumqayıtda fevralın 27-29-da baş verən hadisələr zamanı məlum olub ki, 9 hərbi hissə sabitlik yaratmaq üçün heç bir tədbir görməyib, əslində, özlərini qoruyub, müdafiə mövqeyi tutublar. Son nəticədə 276 nəfər hərbçi müxtəlif xəsarət alıb.
Daxili Qoşunların astagəl mövqeyini aydınlaşdırmaq üçün Sumqayıta yeridilən qoşunların komandanı general Krayevin şahid və məsul şəxs qismində dindirilməsinə ehtiyac var.
Bir çox şahidlərin məhkəməyə verdiyi ifadələrdən aydın olub ki, fevralın 27-29-da erməni ailələrinin yaşadığı mənzillərin telefonu kəsilib. Buna görə Sumqayıt şəhər rabitə şöbəsi rəisinin məhkəmədə ifadə verməsinə ehtiyac duyulur.
Sumqayıt şəhər mənzil idarəsinin rəisi T.Təhməzov hadisənin əvvəlki günü bir çox ermənilərin yaşadığı mənzilə getmiş, onlara evdən çıxmamağı məsləhət görmüşdür. Lakin onun məsləhətinə qulaq asan bir neçə ailə ağır xəsarət almış, yaxud yaxınlarını itirmişdir. Onun da məhkəmədə ifadə verməsi bir çox məsələlərə aydınlıq gətirə bilər.
Bir məqama diqqət yetirək. Hadisələr ərəfəsində və hadisə günləri Sumqayıt Şəhər XDS Icraiyyə Komitəsinin sədri Təvəkkül Məmmədov Mənzil-Istismar Idarələrinin rəhbərlərini və baş mühəndislərini icraiyyə komitəsinin binasına çağırmış və onları 24 saata qədər orada saxlamışdır. Buna görə də T.Məmmədovun və T.Təhməzovun şahid qismində məhkəmədə ifadə verməsinə ehtiyac var.
Texniki peşə təhsili idarəsində katibə işləyən Susanna Saqetelyan ilkin istintaqa verdiyi ifadəsində göstərir ki, fevral ayının 28-də şöbə rəisinin müavini Müslüm Kərimov ona texniki peşə məktəblərində çalışan bütün ermənilərin siyahısını çıxarmaq tapşırığı verib. Seqetelyanın yalan, yaxud düz dediyini sübut etmək üçün Müslüm Kərimovun ifadə verməsi zəruridir.
Şahid T.Təhməzov cinayət işinin 7-ci cildinin 162 və 163-cü səhifələrindəki ifadəsində göstərir ki, talanların izini itirmək tapşırığını ona Azərbaycan KP MK-nın məsul işçisi Hənifəyev verib. Onun məhkəməyə şahid qismində dəvət edilməsinə ehtiyac var.
A.Rzayevin və digərlərinin cinayət işində verilən bir çox ifadələrdə Sumqayıt şəhər partiya komitəsinin birinci katibi Cahangir Müslümzadənin hansısa şəkildə hadisələri qızışdırması ilə bağlı faktlar olduğu göstərilir. Cahangir Müslümzadə birinci katib kimi şəhərdə baş verən bütün hadisələrə görə birbaşa məsuliyyət daşıyır. Onun məhkəmədə ifadə verməsi məsələlərə aydınlıq gətirə bilər.
***
Bakı, 2011-ci il, fevral…
Vəkil Ruştuninin yuxarıda adı çəkilənlərin şahid qismində məhkəməyə dəvət edilməsi vəsatətini biz ona görə diqqətə çatdırmadıq ki, onlar vicdanlı kommunist rəhbər kimi Moskvaya gedib günahlarını boyunlarına alar, ən azı, onlardan az günahı olan 24 yaşlı Əhməd Əhmədovun güllələnməsinə sipər olardılar. Təəssüflər olsun ki, onların özləri – C.Müslümzadə, T.Məmmədov və digərləri yaxalarını vəzifələrini itirməklə, partiya sıralarından xaric olmaqla qurtardılar. C.Müslümzadə mətbuatla işi dara düşəndə əlaqə saxlayır. T.Məmmədov sonradan Sumqayıt Şəhər Icra Hakimiyyətinin başçısı oldu, hazırda Sumqayıt şəhər Kommunal Təsərrüfat Idarəsinin rəisidir.
Moskva , 1988-ci 3 noyabr…
Vəkil Ruştuninin vəsatətini zaldakı ermənilər alqışlarla qarşılayırlar. Əhmədovun vəkili vəsatətlə bağlı konkret fikir söyləmir. Məsələnin həllini hakimlərin ixtiyarına buraxır.
Ismayılovun vəkili Krayevin, Müslümzadənin və digər vəzifəli şəxslərin məhkəməyə dəvət edilməsinin əleyhinə olduğunu bəyan edir. Amma səbəblərini göstərmir.
Prokuror bir saat vaxt istəyir.
Saat 12:39-da məhkəmə iclası prokurorun çıxışı ilə başlayır. O deyir:
– Mən vəsatətlə tanış oldum. Mən Arsen Arekelyanın, Qukasyan və Doblinskayanın məhkəməyə şahid qismində çağırılmasına tərəfdaram. Qalanların bu məsələ ilə birbaşa əlaqəsi yoxdur.
Məhkəmə zalında yenə səs-küy qopur. Hakim yerindəcə müşavirə keçirib qərara alır. Adı yuxarıda çəkilənlərdən Sumqayıt rabitə qovşağının müdirinin, 12 nömrəli Mənzil Istismar Idarəsinin rəisinin və baş mühəndisin şahid qismində məhkəməyə çağırılmasına razılıq verir. Digər vəzifəli kommunistlərin və hərbçilərin məhkəməyə çağırılmasını isə məqsədəuyğun saymır.
Zalda yenə səs-küy qopur.
Vəkil Şapoşnikova söz istəyir:
– Bizim daha vacib bəyanatımız var. Onu hazırlamaq üçün bir gün vaxt istəyirik.
Məhkəmədə bir gün fasilə elan edilir.
***
Moskva, 1988-ci il, 4 noyabr…
Məhkəmə iclası vəkil Şapaşnikovanın çıxışı ilə başlamır. Prosesin erməni iştirakçıları bunu hakimə xatırlatsalar da, cavab ala bilmirlər. Onu da qeyd edək bəyanat bugünkü məhkəmə iclasında elan edilməyəcək.
Sədr məhkəmə iclaslarına gəlməyən şahidlərin elan edilməsi haqqında katibə söz verir.
O deyir:
– Oktyabrın 21-də dəvət olunmuş şahidlərdən A.Əliyev məhkəmə iclasına gəlməyib. Ümumilikdə, dəvət olunanlardan gəlməyənlərin çoxu teleqram vuraraq ilkin istintaqa verdikləri ifadələrini təsdiq ediblər. Bu da Əhməd Əhmədov haqqında ölüm hökmü çıxarılmasını asanlaşdırıb. Məsələn, oktyabrın 25-də ifadə vermək üçün dəvət edilən şahidlərdən M.Məlikov, A.Məlikova, V.Mirzəyeva, A.Piriyeva məhkəməyə göndərdikləri teleqramda ilkin istintaqa verdikləri ifadələrini təsdiq ediblər.
Məhkəməyə gəlməyən bir neçə azərbaycanlı şahidin ifadələrindən:
E.Kərimov:
– Gördüm ki, Yavər Cəfərov, bellə, çox güman ki, balta ilə gənc oğlanı vurdu. Bir qədər sonra ora qayıtdım. Ortalıqda tonqal qalanmışdı.
Kərimovla üzləşmə zamanı Cəfərov bu faktı təsdiq etmişdi.
I.Əliyev:
– Həyətdə asfalt üstündə uzanan bir qadın gördüm. Bu vaxt kimsə onun başına bellə zərbə endirdi.
Arxipovun ifadəsindən:
– Eyvandan bir oğlanı 15-20 nəfərin qovduğunu gördüm. Kimsə onu arxadan daşla vurdu. O səngidi və yıxıldı. Sonradan onu əsgər lapatkası ilə vurmağa başladılar.
Şahid Z.Rzayev:
– Meqafon tutan oğlan başının dəstəsi ilə 5a nömrəli evin həyətinə gəldi. Onlar bir kişini əhatəyə alıb taxta parçaları ilə döyürdülər. Kişi üzü üstə yıxıldı. Bu vaxt meqafon tutan oğlan onu çapaqla vurdu.
Üzləşmə zamanı şahid Rzayev Ismayılovu göstərib demişdi:
– O, həmişə meqafonlu oğlanın yanında olurdu.
Şahid Allahverdiyeva:
– Mən də həyətdə bir kişini döydüklərini gördüm. Bir nəfər meqafon tutmuşdu. Mənə görə, axırıncı zərbəni o vurdu.
Lakin üzləşmə zamanı bu adamı tanımadığını demişdi.
Şahid S.Mirzəyeva:
– Bir qrup gənc onun qonşusu Melkunyanların evini daşa tutdu.
Surxay Hüseynli,
Azər Hüseynbala