Sabiq deputatın vəkili isə Ayxan Məmmədovun müdafiəçisi olduğu şəxsə böhtan atdığını bildirdi
“Mən hər zaman demişəm ki, anamın ölümündə Gülər təqsirkardır. Onu şəhərdən çıxaran Gülər olub. O, məsuliyyət daşıyırdı bu məsələdə”.
Bu sözləri “mandat alveri”ndə vasitəçi olan Gülər Əhmədovanın mərhum rəfiqəsi Sevinc Babayevanın oğlu Ayxan Məmmədov “Yeni Müsavat”a müsahibəsində deyib. O, anasının ölümü ilə bağlı bu günlərdə Istanbul Ədliyyə Tibb Baş Idarəsinin verdiyi ekspert rəyini şərh edərkən deyib ki, anasının heç vaxt ürəyindən şikayəti olmayıb: “Anam cavan adam idi. Heç vaxt da ürəyindən şikayətlənməzdi. Onun səhhətində də problemlər birdən-birə başladı. Gülərlə yemək yeyən günü evə gəldi. Dedi ki, ölürəm. Sonra başladı yediyini qaytarmağa. Vəziyyəti pis idi. Sonra da səhhətində ciddi problemlər baş qaldırdı. Amma həkimlər də ona konkret bir diaqnoz qoya bilmədilər. Biri dedi, beynində problem var. O biri dedi, ağciyərində problem yaranıb.
Anam bunu ancaq yaxınlarına demişdi. Həmişə deyirdi ki, məni tək qoymayın. Xəstəxanada öldürüləcəyindən qorxurdu. Məsələn, Neftçilər Xəstəxanasında yatanda bir gün mən yanında qalırdım, o biri gün isə xalam”.
Ayxan Məmmədov əlavə edib ki, anasının ölümü ilə bağlı araşdırmalarını davam etdirəcək: “Bu arayış məni dayandırmayacaq. Bu istiqamətdə işlərimi, araşdırmalarımı davam etdirəcəyəm”.
Gülər Əhmədovanın vəkili Raqif Mustafayev isə APA-ya bildirib ki, Sevinc Babayevanın ölümü ilə bağlı Istanbul Ədliyyə Tibb Baş Idarəsinin verdiyi ekspert rəyi obyektivdir.
O, Ayxan Məmmədovun hər zaman yalan ifadə verdiyini deyib: “Sevinc Babayevanın oğlu Ayxan Məmmədov hər zaman yalan ifadə verməklə, Gülər Əhmədovaya böhtan atmaqla çalışırdı ki, istintaqı çaşdırsın. Guya ki, anasını Gülər Əhmədova zəhərləyib, guya onu Gülər Əhmədova Azərbaycandan çıxarıb. Gülər Əhmədovanın Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə ittiham olunmasına səbəb Ayxan Məmmədovun böhtanları olub. Istintaq da bu məsələni araşdırıb, nəticə çıxartmalı, buna qiymət verməlidir. Gülər Əhmədovanın Sevinc Babayevanı ölkədən çıxarması da absurd bir fikirdir. Çünki həmin ərəfədə Sevinc Babayevanın barəsində cinayət işi olmayıb. Sevinc Babayeva burdan sentyabrın 27-də çıxıb, onun barəsində olan cinayət işini oktyabrın 3-də təzələyiblər, oktyabrın 5-də isə barəsində axtarış elan olunub”.
Xatırladaq ki, Sevinc Babayevanın ölümü ilə bağlı Istanbul Ədliyyə Tibb Baş Idarəsinin verdiyi ekspert rəyində bildirilir ki, ekspertiza təhqiqatları nəticəsində onun bədən səthi üzərində travmadan yaranan hər hansı bir xəsarətlərin aşkarlanmadığı, daxili müayinə zamanı götürülən toxuma nümunələrində toksiki maddələrin müəyyən olunmadığı üçün onun zəhərlənərək ölməsinin tibbi dəlillərlə təsdiq olunmadığı və ürək-damar xəstəliyindən ölməsi müəyyən olunub.