“Indiki villalar, hotellər və restoranların tikildiyi ərazi ötən əsrin sonlarında yerli əhaliyə məxsus imiş. Burada insanlar maldarlıq, əkinçilik, bağçılıq kimi işlər sayəsində dolanırmışlar. Il ötür, ay dolanır, yadplanetlilər həmin yerləri özününküləşdirməyə başlayırlar. Poçt Novruzəli, ”zəvvar” Məmmədhəsən əmi, usta Zeynal və digər təsərrüfatçılar illərlə bəsləyib becərdikləri bağ-bağatdan məhrum edilirlər.
Bir gün həmin zərərdidələr bekarçılıqdan domino oynayarkən son vaxtlar külfətini miras torpağının məhsuluyla dolandıran Kərbəlayi Zalı əlində dəhrə, yaba “qadağan zonası”na gedən görürlər. Kimsəyə qarışmayıb kənarda dayanmış Kefli Isgəndər özünü saxlaya bilməyib dillənir: “Sən hansı qəbiristanlığın ölüsüsən, a keçmiş qorodovoy, dünyadan xəbərin yoxdumu, gedirsən o tərəflərə? Kərbəlayi Zal qayıdır ki: ”Mən ölməmişəm ki, a bala, həmişəyaşaram. Dünyadan da lap yaxşı xəbərim var, elə ona görə gedirəm sabiq ərazimin səliqə-sahmanına əl gəzdirim. Birdən yerin altındakı küpələrdə qarpız əvəzinə bomba-zad basdırılmış olar. Allah eləməmiş, bir partlayış-zad baş versə, qoy “xozeyinlər” deməsinlər ki, Kərbəlayi Zalın qanacağına bax!!! Biz də özümüzə görə kişiyik axı, papağı isti-soyuğa görə qoymuruq başımıza…”.
Indi Qəbələnin Küsnət kəndinin çoxdan başlayıb qəbiristanlıqda sonlanmaq üzrə olan söküntü layihəsinə iki göz ağlamazdan öncə böyük Mirzə Cəlil və Əbdürrəhim bəydən bir təvəqqəm var: “Lütfən, haqqınızı hələ də özünün və sözünün yiyəsi ola bilməyən biz mağmın zavallılara halal edin…
…Və Küsnətin əldən getməkliyi
Küsnət qədim və gözəl kənd idi. Artıq nə qədimdi, nə də kənddi, heç gözəl də deyil. Çünki bütöv bir ölkənin böyük-kiçiyinin gözü qarşısında bu kənd yerlə-yeksan edilib tarixin xəritəsindən silindi. Səbəb? Çünki Qəbələnin gözə xoş gələn axırıncı qarış torpağı da bu yerə birinci sahiblənən ailənin əlində cəmlənib. Küsnət də məhz əsrarəngiz təbiəti ucbatından, deyilənə görə, inşası gedən prezident iqamətgahı üçün peşkeş edildi.
Bunlar öz yerində, bir gün də eşitdik ki, küsnətlilər hakimiyyətlə bazarlığa gedib, yurd-yuvalarından könüllü əl çəkiblər. Həm də nəinki bazarlığa gediblər, üstəlik, əməlli-başlı nəticə də əldə ediblər. Həmin nəticəyə görə, hər bir Küsnət köçkünü istənilən yerdə bahalı ev-eşik sahibi olub, üstünnən bir lüks minik avtomobili də ala bilər. Vaxta ki, belədir, bizə də hər iki tərəfə “xeyirli olsun” deyib, öz günümüzə ağlamaqdan savayı bir iş qalmır. Çünki az vaxtdan sonra təhvil-təslim obyektinə dönən həmin özəl ərazi bütün qəbələlilərin üzünə qapanacaq.
Bəli, alan alıb, satan satıb, amma bir məsələ hələ də açıq qalıb: Küsnətin ta qədimdən ən yeni tarixə qədər gəlib çıxmış qəbiristanlığı… Tərəflərin anlaşmasında kəndin qəbiristanlığı barədə hansı şərtlərlə nə kimi danışıqlar getdiyindən xəbərimiz yoxdu, amma ən axıra saxlanılması bu məsələnin hər iki tərəf üçün hansı dərəcədə önəmli olduğundan xəbər verir. Qəbirlərin köçürülməsinə gedən hazırlığın küsnətlilər tərəfindən emosional qarşılanması bir tərəfdən anlaşılandır, digər tərəfdən küsnətlilər kəndi niyə tərk etdilər? Ona görə ki, onların kəndini əli pullu, qolu zorlular bəlli qiymətə alıb özlərinin mülkiyyətinə çevirsinlər. Içində dünyaya gəldikləri yurd-yuvaları dağıdılanda küsnətlilər özlərini texnikanın qabağına ona görə atmadılar ki, artıq beyinlərdəki əlçatmaz xəyallar gerçəkləşirdi. Müasir məkanlarda qiymətli və yaraşıqlı evlərdə yaşamaq hər kəsin haqqıdır. Amma bizim ölkədə bu işin mütləq ağır bir mənəvi bədəli vardır – bu yerdə mənəviyyatdan danışmaq mümkündürsə. Küsnətlilər də buna görə doğma yurd-yuvalarıyla bağlı bütün bağlarını itirdilər. Yad qəbiristanlıq təzə mülkədarın nəyinə lazımdır? Bunun əksini düşünən küsnətlilər bəlkə hesab edirdilər ki, şeyx nəsrullahlar rəhmətlik ölüləri qəbirləri sökmədən köçürəcəkdilər?
Binayi-qədimdən əsas məşğuliyyətləri dulusçuluq olan küsnətlilər artıq itməyə başlayan bu sənətin irsən yeganə davamçılarıydılar. Küsnətlilər ilk baxışdan kənddən heç vəchlə çıxmayacaqlarını iddia edirdilər. Və bu iddia heç olmasa mənəvi bir müstəvidə özünü doğrultsaydı, bütün vətənpərvərlər onların yanında olacaqdılar.
Sözgəlişi:
2500 il əvvəl qədim Qəbələdə ölüləri bütöv halda gil küpələrdə basdırırdılar…
Müasir texnologiyalar dövründə insan bədəni orqanlara parçalanıb satılır…
Gələcəyimizə keçmiş olsun…