Gülər Əhmədovanın müalicəsinə imkan verilmir

Raqif Mustafayev: «Gülər xanımın ciddi müalicəyə ehtiyacı var. Amma Müalicə Müəssisəsinə köçürmürlər. Heç bir əsas da gətirmirlər»

“Gülər Əhmədovanın həbs müddətinin uzadılmasını qanunsuz hesab edirik və yaxın günlərdə bununla bağlı apelyasiya şikayəti verəcəyik”. Bunu “Azadlıq”a sabiq deputat Gülər Əhmədovanın vəkili Raqif Mustafayev bildirib. Vəkil əlavə edib ki, Gülər Əhmədova həbs ediləndə ilkin sübutlar təqdim edilməyib: “Sadəcə təqdimat yazılıb, amma həbsin əsaslandırılması yoxdur. Ittiham irəli sürülür, ilkin sübutlar isə göstərilmir.
Hətta Elşad Abdullayevin yaydığı videolar belə, ilkin sübut kimi göstərilməyib. Biz dedik ki, heç olmasa videoları ilkin sübut kimi göstərin. Hərçəndi həmin videolar da sübut sayıla bilməz. Biz bunu dəfələrlə demişik. Çünki bu videolar həm yararsızdır, həm də birbaşa qanun pozuntusudur. Vətəndaşın xəbəri olmadan onun səsini yazmaq, videoya çəkmək qanun pozuntusudur”.
Vəkil Gülər Əhmədovanın məhkəmədə huşunu itirməsi barədə yayılan xəbərləri də təsdiqləyib: “Bəli belə bir hal oldu. Birtəhər özünə gətirdik. Ümumiyyətlə Gülər xanımın səhhəti yaxşı deyil. Özünü çox pis hiss edir. Səhhəti günü-gündən pisləşir. Ciddi müalicəyə ehtiyacı var. Amma Müalicə Müəssisəsinə köçürmürlər. Heç bir əsas da gətirmirlər. Bu onun üstünə atır, o bunun”.
Bəzi məlumatlara görə, hakimiyyət Gülər Əhmədovanın istintaqını prezident seçkisinə qədər uzatmaq niyyətindədir. “Yuxarılar” seçki ərəfəsində Gülər Əhmədovanın məhkəməsinin keçirilməsini istəmirlər. Sabiq deputatın məhkəmədə lazım olmayan açıqlamalar verə biləcəyindən ehtiyat edilir.
Raqif Mustafayev isə bu barədə konkret heç nə deyə bilməyəcəyini söyləyib: “Mən də mətbuatdan oxumuşam bu barədə. Amma dəqiq heçnə deyə bilmərəm. Indi bilmirik bundan sonra da həbs müddəti uzadılacaq ya, yox”.