Hollandiyadan gətirilən güllər 1-2 avro qiymətindədir, BŞİH 1500 avroluq gül gətirdiyini deyir
Ona toxunmaq, qoxulamaq olmaz, yalnız baxa bilərsən. Respublika sarayının qarşısındakı Heydər Əliyev parkında ancaq Bakı Şəhər Icra Hakimiyyətinin işçiləri, bir-iki nəfər hollandiyalı dizayner və gülləri düzən Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti güllərə toxuna bilər. Parkda olan Icra Hakimiyyətinin nümayəndəsi deyir ki, bu toxunulmaz güllər Hollandiyadan gətirilib.
Onların qiyməti 20 avrodan başlayıb 1500 avroya qədər dəyişir. Nümayəndə deyir ki, 1500 avroluq güllər kompozisiyanı tamamlamaq üçün alınıb və çox deyil. Parkın bir tərəfində isə 10 TIR maşınından gül boşaldılır. Güldən saf-çürük edilənləri fəhlələr zibil maşınlarına doldururlar. Ötən ildən fərqli olaraq parkda qala divarları, Şuşanın eskizi və Naxçıvanın Ilan dağı “tikilib”.
Parkda çalışan şəxslərin istirahəti və qidalanması üçün Azərbaycan Milli Konservatoriyasının həyətində iki çadır qurulub. Park qırmızı lentlərlə hasarlanıb və giriş 10 maya qədər qadağan olunub.
Türkiyədən gətirilən “Bakı” gülü
35 ildir gülçülük təsərrüfatı ilə məşğul olan Maştağa sakini Vaqif deyir ki, Hollandiyadan gətirilən gülləri burada da yetişdirmək olar. O, gülləri Türkiyədən gətirib Maştağa qəsəbəsindəki istixanada yetişdirir. Deyir ki, Türkiyə həm iqliminə, həm də sərfəliliyinə görə münasibdir. Təsərrüfatçı istixanada gəzərək güllər haqqında məlumat verir. Öyrənirik ki, “Bakı” adlı kiçik ləçəkli, ətirsiz ağ gül də Türkiyədən gətirilib və burada əkilir. “Pituniya, bilbina, gerani – bunlara azərbaycanca ətirşah gülləri deyirlər. Bunların hamısını Türkiyədən gətirib burada əkirik. Dibçəkli gül 6 manatdır, bu isə (balaca dibçəkdə qırmızı gülü göstərir) 50 qəpikdir. Gül bir il bu görünüşünü itirmir”.
Təsərrüfatçı deyir ki, Türkiyə texnologiyasını tətbiq etmək üçün 50-100 min manat xərc çəkirsən. “Burada ərazi tapılmalıdır, istixana qurulmalıdır, qazı, işığı var, nə qədər pul çıxır. Elə bil Türkiyədəki güllərin üzün çıxarmışıq. Bunlar çoxillik güllərdir”.
“Güzəştli kreditləri bizə vermirlər”
Bu istixanada Argentina romaşkasından tutmuş yerli qızılgülə qədər müxtəlif növ güllər əkilir. Güllərin ən ucuzu 50 qəpik, ən bahalısı 15 manatdır. Təsərrüfatçı deyir ki, indi alıcılıq qabiliyyəti yoxdur. “Əvvəllər tələbat var idi, indi hər addımbaşı gül dükanıdır”.
Güllərə qulluq maydan başlayır. Burada çalışan işçi deyir ki, yay ayları ayda bir dəfə güllərə qurd əleyhinə dərman vurulur. Iyun, iyul, avqust aylarında ayda iki dəfə yaşıllaşdırıcı maddə vurulur. Bu, gülün rəngini qoruyur. “Hər toz bir xəstəlik gətirir gülə, çox nəvaziş tələb edir”.
Istixana sahibi güzəştli kreditlərdən istifadə etmir. Deyir ki, bu kreditlər onlara verilmir. “Başqa yerlərdən kredit götürəndə də 10 qat baha çıxır, ona görə istifadə etmirik”.
Təsərrüfatçı deyir ki, Gül bayramı üçün onlara gül sifarişi verilməyib. “Malı hökumət vurur. Hökumət gömrük xərci vermir axı, niyə bizdən alsın? Biz kimik? Biz qarışqayıq. Bu bizim üçün deyil. Biz burada heç kimik. Hökumət səviyyəsində gələn mal başqadır. Biz bir TIR-ə 20 ton gül vuracağıq, onlar 12 ton vurur ki, əzilməsin”.
Bakıya gətirilən güllər auksiondan alınıb?
Gül satışı işə ilə məşğul olan sahibkar “Azadlıq”a deyir ki, o da gülləri Hollandiyadan gətirir. Sahibkar işinə problem yaranmasın deyə adının açıqlanmasını istəmir. O deyir ki, artıq bir neçə ildir internet vasitəsilə “Flower Force” şirkətindən “xrizantema” və “liliya” gülləri sifariş edir. Güllərin ölkəyə idxalı üçün icazə sənədi alır, amma gömrük rəsmiləşdirmələrində hər zaman problemlə üzləşir. “Hamının bildiyi monopoliyadır. Amma başqa çarə yoxdur, gömrükdə sadəcə ümumi qaydada ”şapka”nı verməlisən, vəssalam. Dövlət idarələri icazə sənədlərini yubadırlar və əlavə rüşvət tələb edirlər. Buna görə də sahibkarlar qeyri-rəsmi rəsmiləşdirmə ilə rüşvəti verib malını çıxarır. Bu da işin özünə ziyan verir. Gətirdiyin gülü çıxılan xərclərə görə baha satmalı olursan. 8000 avroluq mal üçün gömrük rüsumu ilə yanaşı bir neçə min manat da əlavə pul vermişdim…”.
Sahibkar gülləri gətirdikdən sonra onları xüsusi hazırlanmış soyuducularda saxlayır. Daha sonra bu güllərdən buketlər hazırlayıb, satırlar. O deyir ki, Gül bayramı üçün Hollandiyadan 1500 avroluq gülün gətirilməsi inandırıcı deyil, amma mümkündür. “Biz əsasən ucuz güllər gətiririk. Amma Hollandiyada auksiona çıxarılan güllər baha başa gəlir. Ola bilsin ki, bizim hökumət o gülləri auksiondan alıb”.
Holland güllərinin qiymətləri
“Flower Force” şirkəti alıcılarına hər ay Hollandiya güllərinin qiymətlərini göndərir. Bu ay da sahibkara qiymətlər göndərilib. Siyahı ilə tanış olub öyrənirik ki, 1963 növ gülün içində ən bahalısı 12,95 avro olan Mos Lcslands, ən ucuzu Gerbera Mi Aqua Orancedir ki, 11 sentdir. (bu qiymətlər manatdan az fərqlənir). Normalda güllərin qiyməti 1-2 avro arasında dəyişir. Güllərin şəkillərinə baxanda aydın olur ki, bu güllərdən bir çoxu gül bayramı üçün Bakıya gətirilib.
Bakı Şəhər Icra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov “Azadlıq”a deyir ki, Bakıya Gül bayramı üçün nə qədər gülün gətirildiyindən və xərclərindən xəbərsizdir. “Hollandiyadan dizaynerlər gətirilib. Əsas Gül bayramı sərgi şəklində Heydər Əliyev parkında olacaq. Qış parkında isə gül kompozisiyaları təşkil ediləcək. Burada ekispozisiyalar açıq şəkildə göstəriləcək”.
BŞIH-in mətbuat xidmətindən də bildirdilər ki, güllərin həcmi və çəkilən xərclər barədə məlumatsızdırlar.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyev qəzetimizə deyir ki, sovet dövründə işləyən gülçülük sovxozları özəlləşdirildiyinə görə onlar bu torpaqlardan necə istifadə olunmasına qarışmırlar. “Iqtisadi Inkişaf Nazirliyində sənədləri qaydasında olan şəxslərə mikrokreditlər verilir. Bizdə bazarda hansı məhsullara tələbat olması ilə bağlı proqnozlaşdırma yoxdur. Amma fermerlərə əkinlərlə bağlı məsləhət veririk”.
Gülçülərə 4 milyon manat kredit verilib
Iqtisadi Inkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev qəzetimizə deyir ki, Sahibkarlığı Kömək Milli Fondu Bakı kənd və qəsəbələrində gülçülük təsərrüfatının inkişafına vəsait ayırıb. “Son 3 il ərzində Bakı kənd və qəsəbələrində gülçülük təsərrüfatı ilə məşğul olan 10-a yaxın sahibkara 4 milyon manat güzəştli kredit verilib. Gülçülük Bakı kəndlərinin ənənəvi sahəsidir. Fondun xətti ilə keçirilən tədbirlərdə ənənəvi sahələrdə iştirak təşviq olunur. Sahibkarlara lazımi dəstək göstərilir və bu davamlı olacaq”.
Gül bayramı 2004-cü ildən Heydər Əliyevin doğum günü münasibəti ilə keçirilir. 2007-ci ildə Bakı Şəhər Icra Hakimiyyəti Gül bayramı üçün 15 milyon dollarlıq gül gətirildiyini açıqladı. 2009-cu ildə deputat Gülər Əhmədova parlamentdəki çıxışında həmin il üçün 14-15 milyonluq gülün gətirildiyini bildirdi və buna etiraz etdi. Amma son illər Bakı meri Hacıbala Abutalıbov Gül bayramı üçün çəkilən xərcləri açıqlamaqdan imtina edir. O deyir ki, “Heydər Əliyev qiymətsizdir, ona görə də heç maliyyə haqqında fikirləşmirəm”. Amma hər il Gül bayramı ərəfəsində rəsmi xərclərdən əlavə sahibkarlardan və məktəblilərdən bu bayram üçün pul yığıldığı barədə məlumatlar yayılır.
Sevinc Vaqifqızı