Ərəb dünyasından başlayan fırtına sınırlarını getdikcə genişləndirməkdədir. Ərəb ölkələrində min illərlə çoxlu qum fırtınaları olub. Ərəblər belə fırtınalara çoxdan öyrəşiblər. Ərəb dünyasını indi bürüyən, getdikcə qlobal xarakter alan indiki fırtına daha Tanrının yaratdığı qum fırtınası deyil, Tanri bəndəsinin yaratdığı sosial-siyasi xarakterli fırtınadır.
Ərəb ölkələri geniş, demək olar, sonsuz səhraları ilə tanınır. Elə qum fırtınası da bu geniş səhralardan qaynaqlanır. Indiki fırtına da səhralardan qaynaqlanır, ancaq sözün klassik anlamındakı səhralardan deyil, sözü gedən coğrafiyada çoxsaylı diktatorların yaratdığı diktatura səhralarından!
Burası gerçəkdən belədir: hansı ölkədə diktatura rejimi qurulursa, o ölkə gec-tez bütün Insan Hüquqlarının tapdandığı, Özgürlüyün, Demokratik dəyərlərin ayaqlar altına atıldığı, Qanunçuluğun qırıcılıq durumuna gətirildiyi özümlü bir səhraya çevrilir. Qum səhrası illərlə lal-mat qaldığı kimi, bu səhra da illərlə lal-mat qala bilir. Di gəl, bu lal-matlıq uzun çəkdikcə onu yaradanlar üçün daha qorxulu gələcək yaradır. Diktatura rejiminin başında duranlar (başlıca olaraq neft ölkələrində!) özlərinin özləri üçün!- uğurlu neft-qaz strategiyalarından yararlanaraq, tank tırtıllarının, illərlə gücləndirilmiş “milli” qıvardiyanın, yemlənib yağlanmış polisin, böyük korrupsiya axarında mənimsənilmiş ordunun qorxusu altında uzun illər ölkədə arxayınca sosial-siyasi “sabitlik” yarada bilirlər. Bu yalançı, aldadıcı “sabitlik” diktatura rejimlərinin çürüməsində, diktatorların qanunsuzluq simvoluna çevrilməyində başlıca rol oynayır.
Getdikcə özlərini yenilməz güc yerində görməyə başlayan diktator ölkə içində yaratdığı ölüm səssizliyindən şar kimi şişməyə başlayır. Onun mənəmlik istəkləri daha ölkə içinə sığmır: diktator yalnız ölkə içində deyil, ölkə dışında da özünü güclü göstərmək istəyində bulunur. Çağdaş dünyada daha çox belə görsəniş diktatorun yıxılmasının başlanğıcını qoyur. Diktatorların özlərini istər ölkə içində, istərsə də ölkə dışında konflikt obyektinə çevirmələri geniş yayılmış xarakterik görsənişlərdəndir. Diktatura rejimlərinin xarakterik, başqa cür desək, özümlü yıxılmalarında da bu görsəniş, bu faktor önəmli rol oynayır.
Diktatorların yıxılması hər yerdə ağrılı olur. Diktator hakimiyyət başında yeddi il də, yetmiş il də olsa hakimiyyətdən könüllü əl çəkmir, əl çəkə bilmir. Bunun iki başlıca nədəni var. Birincisi, hakimiyyətə manyakcasına bağlılıq – özünü hakimiyyətdən uzaqda görə bilməmək düşkünlüyü. Ikincisi, azillik-çoxillik hakimiyyəti boyunca törətdiyi, yol verdiyi cinayətlər. Diktator yiyələndiyi hakimiyyəti ölüncə əldən verməmək üçün çoxlu sayda cinayətlərə, çoxlu sayda ölüm işlərinə qol qoyur. Diktatorlar kimliyindən, necəliyindən asılı olmayaraq pul, var-dövlət düşkünü olurlar. Onlar pul, var-dövlət topladıqca toplayır, ancaq sonadək gözləri doymaq bilmir. Elə bu baxımdan da diktatorlar əyilməyən başlarla amansız davranırlar.
Əyilməyən başlar, başlıcası da jurnalistlərlə siyasətçilər, diktatorların düşmənləri sırasında başlıca yer tutur. Gerçəyi yazan demokratik jurnalistlər diktatorun cinayətlərini açıb ortaya qoyduqlarına, barışmaz siyasətçilər isə eləcə barışmazlıqları ilə diktatorun başlıca düşmənlərinə çevrilirlər. Bütün belə görsənişlərdə diktator başlıca olaraq üç metoddan yararlanır: satınalma, öldürmə, dustaqlıq. Son 18 ilin siyası Azərbaycan praktikasında biz dönə-dönə bu sayaq görsənişlərlə üzləşmişik.
Ərəb dünyasının ən güclü diktatoru (düzünə qalsa, çağdaş dünyayın ən güclü diktatoru) Mübarək böyük dirəniş içində hakimiyyətdən gedəsi oldu. Çağdaş dünyanın sonuncu ən ünlü diktatoru Qəddafi də bir neçə günə devriləcək. Qalanları, qalmamış yerindədir…