Cəmi üç gün ərzində baş verənləri müqayisə edəndə, Azərbaycanın hazırkı durumuna acımamaq mümkün deyil: Irana gedən Ramiz Mehdiyev Qərb əleyhinə bəyanat verir və Milli Demokratiya Institutunun ölkəmizdə təxribat yaratdığını yüksək mənsəbinə uyğun olaraq dilə gətirir, həmin ərəfədə MDI rəhbərlərinin PA rəsmisi Əli Həsənovla görüşdüyü və anlaşdığı üzə çıxır, eyni gündə ABŞ-a səfər edən nümayəndə heyəti Iranı yıxıb-sürüyür, demokratik dünyadan yardım istəyir.
Paralel olaraq: BMT-nin Insan Haqları Şurasında Azərbaycandakı azadlıqlar kəskin tənqid olunur, bütün Avropa bu acınacaqlı durumu dilə gətirir və… Iranda növbəti dəfə azərbaycanlı alim həbs edilir – bu dəfə Ramiz Mehdiyevin akademiki olduğu AMEA-nın işçisi.
Qərbə göndərilən və Iran-Rusiya məngənəsində sıxıldığı üçün yardım diləyən nümayəndəyə BMT-də, Irana yollanan və Qərbin təzyiqindən şikayətlənib, molladan dəstək istəyən akademikə Azərbaycan aliminin həbsilə cavab verilir. Baş verənlərin üstünə Əli Həsənovun Kreml səfərindən əliboş gəldiyini də əlavə etsək, nəticəni necə qiymətləndirmək olar?
Kimsə Azərbaycan hakimiyyətinin səmimiyyətinə inanmır: balans siyasəti fiaskoya uğrayıb, bütün ölkələrlə eyni məsafədə qalmaq, Iran və Rusiya təzyiqindən istifadə etməklə demokratik proseslərin axarını geriyə fırlatmaq istəyi keçmir daha. “Balanslaşmış siyasət” Heydər Əliyevin zamanında etdiyi və dövrünün siyasi reallıqlarına qismən uyğun gələn manevr idi. Artıq bir neçə ildir ki, Avropa da, Rusiya və Iran da Azərbaycandan səfini müəyyənləşdirməyi tələb edir: ya Gürcüstan olmalı, demokratik islahatlar aparmalı və NATO-ya istiqamət götürməlisən, ya da Avropadan imtina edib Ermənistan kimi Rusiya zəncirinə buxovlanmalısan.
Qərbdən imtina mümkünsüzdür, çünki Azərbaycan-Avropa ailəsinin bir hissəsidir; dünya gücləri bu strateji ölkəni heç bir halda demokratik dünyadan ayrı təsəvvür etmək niyyətidə deyil. Ona görə də Bakıdan öhdəliklərinə əməl etməsi tələb olunur. Azərbaycanın bütün iqtisadi-siyasi bağlarının Qərbdə olduğunu, ölkədən çıxarılan on milyardlarla “çirkli pulun” Avropa banklarında saxlandığını nəzərə alsaq, öhdəliklərdən imtina haqqında Əliyevlərin düşünməsi artıq faciəvi sonluğun başlanğıcını göstərir. Yeganə manipulyasiya – Azərbaycanda molla rejiminin qurulması və guya bu səbəbdən ölkə əhalisinin fanat dinçi təsəvvürlərini yatırmaq üçün repressiv sistemə haqq qazandırmaq cəhdləri idi ki, bu “alibi” də ömrünü tarixə bağışlayıb: Qərb artıq başa düşür ki, Əliyev iqtidarı despotik rejim yaratmaqla əslində dini radikalizmə qol-qanad verir. Iş o yerə çatır ki, Azərbaycan din azadlığını pozan ölkələr sırasında da “xüsusi ağır” bölmədə qərarlaşır; iş o yerə çatır ki, Ramiz Mehdiyevin Mahmud Əhmədinejata jestlərini Iran bütün dünyaya bəyan edir. Çünki ölkədən konkret mövqe tələb olunur.
Mövqe isə yoxdur, olmayıb və olmayacaq: Azərbaycan hakimiyyətinin yeganə mövqeyi bütün vasitələrlə bu ölkənin sərvətini daha çox talamaqdan ibarətdir.
Mövqesiz, yolsuz, məqsədsiz bir ölkəyə isə münasibət dəyişib; on il əvvəl gənc, ingiliscə sərbəst danışan Ilham Əliyevin rusca düşündüyü, mahiyyətcə isə Iran mollalarından fərqlənməyən idarəetmə təfəkkürünə sahib olduğu üzə çıxıb və bu “üzəçıxmada” Qərblə Iran eyni dərəcədə maraqlıdırlar. Belə olmasaydı, münasibətləri incələmək üçün Tehrana və Vaşinqtona gedən nümayəndə heyətlərinin aşkar-gizli danışdıqları söz, verdikləri vəd, münasibətləri yaxşılaşdırmaq üçün istifadə etdikləri variant dərhal bəyan edilməz, car çəkilməz və Azərbaycan siyasətinin bir-birini təkzibləyən biabırçı mahiyyəti ortaya qoyulmazdı.
Diqqət edin: ölkə siyasilərinin Tehran və Vaşinqton səfərlərini kimlər işıqlandırır? Müzakirə olunan məsələlərin mahiyyətini hansı agentliklər açıqlayır və niyə?
Azərbaycan hakimiyyətinin bu durumdan necə çıxacağını, Moskva-Vaşinqton-Cenevrə-Tehran labirintində itib-batmayacağını kimsə təsəvvür edirmi? Tehran və Vaşinqton bəyanatları ilə faş olan bir ölkənin xarici siyasət yönəticiləri hansı yola əl atacaqlar ki, bu biabırçılığı ört-basdır etmək üçün heç olmasa deməyə söz tapsınlar?
Ramiz Mehdiyevi istefaya göndərməklə vəziyyətdən çıxmaq – ən gülünc yol olardı. Zatən “Boz kardinal”ın bu sistemin mahiyyətini əks etdirdiyini, razılaşdırılmamış heç bir addım atmadığını və Tehranda özbaşına bəyanat vermədiyini hamı çox gözəl anlayır. Yoxsa, PA rəhbəri Irana məhz bu cür acınacaqlı qurban olmaq üçün göndərilmişdi? Guya “demokratik islahatların qarşısında qocaman maneə” kimi təqdim edilən şəxsi başqa cür neytrallaşdıraq olmazdımı?
Görürsünüzmü, nicat yoxdur: bütün vurnuxma və çabalalar Azərbaycan iqtidarını daha dərinə çəkir…