Nazir müavini «Azadlıq»ın 3G ilə bağlı suallarını niyə cavablandırmaq istəmir?
Rabitə və Informasiya Texnologiyaları naziri Əli Abbasov “RBK daily” saytına müsahibə verib. Bəzi yerli rusdilli saytlar da sözügedən müsahibəni olduğu kimi təkrar yayıb. Nazir öz müsahibəsində bildirib ki, Azərbaycanın Informasiya-Kommunikasiya Texnologiyaları (IKT) sektoru MDB ölkələri arasında dinamik inkişafına görə ardıcıl üçüncü ildir liderdir. Onun sözlərinə görə ÜDM-də IKT-nin payı bu gün 3,5 faiz təşkil edir. Amma 2020-2025-ci illərdə IKT gəlirlərinin neftdən gələn gəlirləri üstələməsi planlaşdırılır.
Nazir rəqəmləri niyə şişirdir?
IKT-nin ÜDM-dəki payı ilə bağlı nazirin dediklərini dəqiqləşdirmək üçün Dövlət Statistika Komitəsinin rəsmi saytında makroiqtisadi göstəricilərə dair hesabata göz gəzdirdik. Məlum oldu ki, nazir bu rəqəmi bir xeyli şişirdib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə 41,5747 mlrd. manatlıq ÜDM hasil olub. Informasiya və rabitə xidmətlərinin həcmi isə 1,11613 mlrd. manat təşkil edib. Tənasüb qaydası ilə bu nisbətin 3,5 faiz deyil, yuvarlaşdırmaq şərtilə 2,8 faiz təşkil etdiyini hesablamaq üçün heç də akademik olmağa gərək yoxdur.
Nazir IKT-nin ÜDM-ki payını belə şişirtməklə rus jurnalisti də şoka salıb. Müxbir deyib ki, Rusiyada IKT-sektorunun ÜDM-dəki payının 3,5 faizə çatdırılması prezident Medvedevin hədəflərindən biridir, amma Siz buna artıq nail olmusunuz. Əcnəbi müxbir bilmir ki, bu sözləri deyən nazirin müsahibə verdiyi paytaxt Bakının mərkəzi hissəsində insanlar addımlı və ya analoq ATS-lərdən (494 və 495) istifadə etməkdə davam edir, genişzolaqlı internet isə bu ölkədə dəbdəbə sayılır. Respublika kəndlərinin 70 faizi internetdən ümumiyyətlə, istifadə edə bilmir. Inkişafın barometri sayılan 3G və ya 4G isə ümumiyyətlə, ağrılı məsələdir və ondan Azərbaycanda danışmaq yersizdir. Görünür, nazir öz müsahibəsində bu mövzuya məhz ona görə toxunmayıb.
Nazirin IKT sektorunun gəlirlərinin 2020-2025-ci illərdə neft gəlirlərini üstələyəcəyinə dair bəyanatı da maraqlıdır. Məlumatlı vətəndaşlar bilir ki, Azərbaycan hazırda neft gəlirlərinin pik dövrünü yaşayır. Bu il Azərbaycanın əsas neft ixrac potensialını təmin edən “Azəri-Çıraq-Günəşli” yatağından əldə edilən hasilat 42-45 mln. ton təşkil edəcək. 2024-cü ildə isə bu yatağın hasilat potensialı 15-18 mln. tona kimi azalaraq, 2005-ci ilin hasilatının səviyyəsinə bərabərləşəcək. Hazırkı qiymətlərlə bu rəqəm təqribən 5-7 mlrd. dollar deməkdir. Ona görə də IKT sektorunun 2024-cü ildə bu hədəfə çatması böyük uğur olmasa belə, indiki templə ona nail olmaq yenə də bir qədər real görünmür.
Nazir öz müsahibəsində IKT sektoruna qoyulan sərmayələrdən də danışıb. Onun sözlərinə görə, ötən il bu sektora 300 mln. ABŞ dolları sərmayə qoyulub ki, onun da 50-60 mln. dolları birbaşa dövlət investisiyalarıdır. Xarici mətbuata müsahibə verən nazir heç düşünmürmü ki, 50 milyonla 60 milyonun arasında düz 10 milyonluq fərq var? Bu məbləğ, həm də 50 milyonun 20 faizi deməkdir. Deməli, bu həm də olduqca böyük məbləğdə ictimai pul deməkdir.
Uduzan yenə vətəndaşdır…
Xatırlayırsınızsa, fevral ayının əvvəllərində mobil rabitə bazarında inhisarçı mövqeyə malik olan “Azercell” rabitə sektoruna 108 mln. dollar sərmayə qoyduğunu bildirmişdi. Beləliklə, məlum olur ki, bu sektora yatırılan investisiyanın 35 faizi cəmi bir iştirakçının payına düşür və həmin sərmayə birbaşa qoyulan dövlət sərmayəsindən 1,8-2,2 dəfə çoxdur. Bu fakt IKT sektoru ilə bağlı heç də ümidverici proqnoza yol açmır. Yaranmış situasiya bir daha təsdiq edir ki, bu sektorun tənzimləyicisi olan RITN öz funksiyasını heç də yaxşı yerinə yetirməyib. Bazar iştirakçısının sayı seyrək olmaqla yanaşı, onun yarısından çoxu 2 iştirakçının üzərindədir.
Diqqət yetirək, yatırılan sərmayənin 35 faizini “Azercell”, təqribən 20 fazini isə dövlət yatırıb. Deməli, nazirlik bazarda rəqabət mühiti yarada bilməyib. Dövlət və onun vətəndaşları isə uduzub.
Məlumdur ki, rabitə sektoru ən proqressiv inkişaf edən və ən yaxşı gəlir gətirən sektordur. Belə olan halda, nəyə görə bu sektora özəl şirkətlər buraxılmayıb və investisiya yatırılmayıb?
Baş rabitəçilər ictimaiyyəti ələ salır?
Bu faktın özü bir daha təsdiq edir ki, bu sektor elə də çox inkişaf etməyib. Rabitə qiymətlərinin baha və keyfiyyətinin aşağı olması faktları da məhz bu səbəbdən irəli gəlir. Ona görə də Azərbaycan beynəlxalq təşkilatların hesabatında dünyanın ən bahalı telefon danışığı olan dövlətlər sırasında yer alır. Çünki bazar investorlara bağlı olmaqla yanaşı, həm də daxildə biznes mühiti ürəkaçan səviyyədə deyil. Məsələn, Azərbaycan Cənubi Qafqazda həm əhalinin sayına, həm də iqtisadiyyatının həcminə görə ən böyük ölkə olsa da, mobil operatorlarının sayına görə regionun ən kiçik və ən kasıb dövləti olan Ermənistandan da geridə qalır. 2G-ni qoyaq kənara, 3G xidmətini Ermənistanda göstərən operatorların sayı 4-dür. Bunlar “ArmenTel”, “VivaSell”, “Orange Armenia 3G”, “Armenian Beeline” operatorlarıdır. Azərbaycanın isə Özbəkistana çatması üçün daha çox vaxt tələb olunacaq. Çünki bu ölkənin vətəndaşları artıq 4G xidmətindən yararlanırlar.
Azərbaycanda isə 3G üzrə lisenziyanın verilməsi gizlənpaç oyununa bənzəyir. 3G lisenziyası ilə bağlı nazirliyin açıqlamalarını yanaşı qoysaq, böyük rabitəsizlik alınar. “Azercell” şirkəti 2006-cı ildən 3G lisenziyası üçün RITN-nə müraciət etdiyini bildirsə də, nazir və onun müavini Iltimas Məmmədov onlara ümumiyyətlə, belə bir müraciətin daxil olmadığını bildirirdilər. Sonra 3G xidməti qəflətən “Azerfon”a təqdim edildi. Media və QHT ictimaiyyətinin qınağına tuş gələn nazirlik digər operatorlara da 3G lisenziyasının veriləcəyini bildirdi. Sonra tezlik tapılmadı. Ardınca sənədlərdə səhv aşkarlandı. Ilham Əliyev nazirə göstəriş versə də, məsələ yenə həllini tapmadı.
Əli Abbasov yanvarın sonunda keçirdiyi kollegiya iclasında bəyan etdi ki, “bu yaxınlarda 3G lisenziyası digər operatorlara da veriləcək”. Onun ardınca Iltimas Məmmədov sənədlərin düzgün olmadığını bəyan etməklə nazirin dediklərinin üstündən xətt çəkdi.
Hələlik sakitlikdir. Görək, növbəti dəfə bu iki baş rabitəçi ictimaiyyəti dolamaq üçün daha nələr deyəcək.
Əli Abbasovun “Azercell”ə münasibəti niyə dəyişdi?
Belə bir qarışıq və ziddiyyətli bəyanatların fonunda 3G lisenziyasının bazara sonuncu daxil olmuş və heç özünü tam təsdiqləməmiş mobil rabitə şirkətinə verilməsi faktı RITN-ni ictimaiyyət qarşısında tam nüfuzdan saldı. Lisenziyanın formallıq naminə belə, tender, müsabiqə və ya auksion keçirmədən verilməsi Azərbaycan mobil rabitə bazarının “özəl qaydalarla” idarə edildiyini, yuxarıda sadalananların isə ölkə ictimaiyyətinin ələ salınması üçün sadəcə, bir bəhanə olduğunu təsdiqlədi.
Diqqət yetirək, nazir 3G lisenziyasının “Azerfon-Vodafone” əmtəə nişanına verilməsini bu operatorun daha ucuz tarif tətbiq etməsilə izah etdi. Xatırlayırsınızsa, nazir Əli Abbasov 2004-2005-ci illərdə “Azercell”in tədbirlərinə şəxsən qatılırdı. Hətta şirkətin mətbuat konfranslarında da özü iştirak edirdi. Jurnalistlər ondan soruşanda ki, “sizdən nə əcəb burada?..”, belə cavab vermişdi: “Azercell” ölkənin ən böyük və nümunəvi şirkətidir. “Azercell” sosial layihələri dəstəklədiyi üçün mən onun yanındayam”.
Maraqlı yanaşma deyilmi? Fevralın əvvəlində “Azercell” 2010-cu ilin yekunları ilə bağlı mətbuat konfransında təkcə ötən il 40-a yaxın sosial layihə həyata keçirdiyini bildirməklə Korporativ Sosial Məsuliyyət siyasətinə sadiq qaldığını nümayiş etdirdi. Bəs görəsən, naziri indi bu şirkətin sosial yönümlü siyasəti daha niyə maraqlandırmır? Amma başqa bir şirkətin ucuz tarif siyasəti maraqlandırır.
Halbuki, 2008-ci ilə kimi nazir tariflərin yavaş-yavaş düşdüyünü deyirdi, mobil rabitə tariflərinin ölkəmizdə çox baha olduğu ilə razılaşmırdı. Nazirin hansısa bir şirkəti ucuz tarif tətbiq etdiyinə görə 3G ilə mükafatlandırması məntiqli səslənmir. Çünki hazırda həmin rabitə şirkətinin abonentlərinin sayı digər ikisindən geri qalır. O, keyfiyyətlə deyil, RITN-nin ona yaratdığı daha münasib şəraitin hesabına ucuz tarif siyasəti yürütməklə abonent cəlb edə bilir. Ona görə də bu operatora əsasən, əhalinin aztəminatlı hissəsi üz tutur. Təqdim etdiyi 3G bahalı olduğu üçün bu kateqoriya abonentlər adıçəkilən xidmətdən tam gücü ilə istifadə edə bilmirlər. Qeyd edək ki, RITN bu şirkətə yeni investor olduğu üçün, digərlərilə müqayisədə daha aşağı tarif siyasəti yürütmək üçün önəmli güzəştlər edir.
Maraqlıdır ki, RTIN heç 3G lisenziyasının qiymətini belə ictimaiyyətə açıqlamağı özünə rəva bimir. Onun qiymətini və verilmə şərtlərini də gizli saxlayır. Görəsən, ölkəyə bu xidməti gətirmək istəyən sərmayəçi onu kimdən və necə almalıdır?
Tezliklərin isə artıq özəl əllərdə olduğunu deyirlər. Görəsən, bu tezlikləri kimlər, hansı market və ya bazardan alıblar?
Nazir müavini aşkar şəkildə qanunu pozur
Qeyd edək ki, fevralın 4-də e-mail, sonra da poçt vasitəsilə rabitə nazirinin müavini Iltimas Məmmədova göndərdiyimiz aşağıdakı suallara hələ də cavab almamışıq. Halbuki, yeddi iş günü ərzində sorğunu cavablandırmaq qanunun bütün məmurların üzərinə qoyduğu öhdəlikdir.
Bu suallarla ona bir daha müraciət edirik:
1. 3G mobil rabitə xidmətinə tezliklərin ayrılması üçün mobil operatorlar kimə müraciət etməlidir?
2. Tezliklər kimə məxsusdur?
3. Əgər adıçəkilən tezliklər hüquqi və ya fiziki şəxslərin mülkiyyətində və ya istifadəsindədirsə, onların həmin şəxslərə hansı qaydalar və şərtlərlə verildiyi haqda məlumat verin.
4. Tezliklərin qiyməti neçəyədir?
5. “Azerfon” 3G lisenziyası almaq üçün nə qədər dövlət rüsumu ödəyib?
6. Əgər adıçəkilən tezliklər özəl hüquqi və ya fiziki şəxslərin mülkiyyətində və ya istifadəsindədirsə, onların həmin şəxslərə hansı qaydalarla və şərtlərlə verildiyi haqda məlumat verin.
Milli Teleradio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmli dəfələrlə tezliklərin Azərbaycanın milli sərvəti olduğunu bildirib. Rusiya prezidenti Medvedev isə onun gizlədilməsini cinayət adlandıraraq, ordu generallarından tezliklərin qaytarılmasını təmin edib. Bu faktlar bir daha təsdiq edir ki, tezliklər haqqında məlumat kommersiya sirri ola biməz və onlara nazir müavininin cavab verməməsi başa düşülmür. Ona görə də, biz nazirlikdən bu suallara cavab verilməsini bir daha xahiş edirik.
Qeyd edək ki, 3G lisenziyasının qiyməti ilə bağlı “Azerfon” şirkətinə də müraciət etmişdik. Son anda bu şirkət sorğumuza cavab verdi və buna görə də onlara təşəkkür edirik. Ümid edirik ki, RITN də bu şirkətdən nümunə götürərək sorğumuza cavab verəcək. Şirkətdən verilən məlumatda isə, 3G lisenziyası üçün 11 min manat ödədikləri bildirilir.
Qeyd edək ki, Gürcüstan büdcəsinə 3G üzrə ilk qalib olan “Magticom” 2005-ci ildə 11,32 mln. dollar ödəyib. Bununla belə, biz “Azerfon” şirkətini ittiham etməkdən qəti uzağıq. Çünki Azərbaycanın rabitə bazarında oyun qaydalarını hansısa şirkət deyil, Rabitə və Informasiya Texnologiyaları Nazirliyi müəyyən edir.
İnformasiya şöbəsi