Hakimiyyət ideoloqları ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqları və məhkəmə sistemindəki neqativliklərlə bağlı narahatlıq ifadə etməsini daha “daxili işlərə qarışmaq” kimi qiymətləndirmirlər – deyəsən, “insan haqları heç bir ölkənin daxili işi deyil” bəyanatı öz bəhrəsini verir. Amma əvəzində iqtidarın DANƏsi hesabatdakı tənqidləri “həddən artıq bayağı, çox belə çeynənmiş fikirlər” adlandırmağı öz siyasi ağlına sığışdırır.
Əlbəttə, bu məlum və məşhur DANƏnin – Siyavuş Novruzovun – müdrik fikirlərini təhlilə cəlb etməmək daha yaxşı olardı – yalnız bir şərtlə ki, ciddi siyasi iradların səsləndirildiyi polemikalarda hakimiyyəti təmsil etməsəydi. Başqa sözlə desək, bu adam birbaşa hakimiyyətin siyasi məntiq və düşüncəsinin ifadəçisidirsə, iqtidarın hadisələrə baxışını dilə gətirirsə, təhlilə məcburuq!
Əslində, Siyavuş daha səmimidir, çünki ifadə etmək istədiyi siyasi təfəkkürə çalar, bər-bəzək qatmaq səviyyəsində deyil və bu təfəkkür artıq hakimiyyətin əsl mahiyyətini anlamaq üçün kifayətdir. Baxış bucağı, hadisələrə yanaşmaları budur, vəssalam!
Cavab və əks reaksiya istəmir onsuz da bu DANƏlər, ancaq hər necə olsa da, dəyərli həmkarım Pərvizin incələdiyi kimi, “kül başına” səviyyəsində vay-şüvənizm siyasi-diplomatik ritorikasına keçən iqtidar mənsubları cəmiyyətə və beynəlxalq ictimaiyyətə nə mesaj ötürdüklərinin fərqinə varmalıdırlar: ABŞ Dövlət Departamenti insan haqlarının durumu ilə bağlı ildən-ilə artan narahatlığını ifadə edirsə və bunu nöqsan kimi hər açıqlamasında göstərirsə, bu, “çox belə çeynənmiş fikir” deyil, Azərbaycanda fundamental azadlıqların daha acınacaqlı vəziyyətə düşməsi deməkdir. Bir söz, bir irad, bir narahatlıq ona görə hər il təkrarlanır və “bayağılaşır” ki, qarşı tərəf bu çatışmazlıqları aradan qaldırmaq üçün addım atmır.
Sərbəst toplaşma azadlığını, insan haqlarını “həddən artıq bayağı” hesab etməyin nəticəsidir ki, Azərbaycan “qismən azad ölkə” kateqoriyasından bir pillə geriləyib, “azad olmayan ölkə” sırasına düşüb və haqq etdiyi bu cərgədə öz yerini möhkəmlətməkdədir. Hətta seçki ilində belə etiraz aksiyaları üçün şərait yaradılmırsa, insanların Konstitusiya ilə təsbit olunmuş hüquqları əlindən alınırsa, gənc fəallar cibinə narkotik atılaraq həbs edilirsə, Azərbaycanın üzərinə götürdüyü öhdəliklər niyə hər dəfə xatırlanmamalıdır?
Novruzovun ifadə etdiyi siyasi-ideoloji təfəkkürdə bir meydanoxuma da sezilir: yəni illərdir dediyiniz iradlardır, qulaq asmırıq və heç nə də itirmirik…
Bunlar hələ dərk etmir ki, Dubay villalarından Virciniya ofşor hesablarına qədər açıqlanan faktlar bu eşidilməyən, “bayağılaşdırılmış və çeynənib-çürüdülmüş” iradlara görədir; hələ anlamaq istəmirlər ki, Ilham Əliyevin dünyada daha açıq formada ifşa olunmuş prezidentlərlə müqayisə edilməsi və onları qabaqlaması, heç də xoş olmayan bu yarışmada qalib çıxması və “Ilin korrupsioneri” adını qazanması təkrar-təkrar deyilən iradların qulaqardına vurulması ilə birbaşa əlaqəlidir!
Hələ qarşıda Avropa ölkələrindəki bank hesablarının açılması, korrupsiya və rüşvət bahasına yığılan və gizlədilən hesabların bütün dünyaya bəyan edilməsi prosesi gəlir. Bu barədə rəsmi xəbərdarlıqlar da edilib! Siyavuş Novruzov bilmirmi ki, bu iradların qarşısına “çox belə çeynənmiş” və “kül başına” arqumenti ilə çıxanda, aqibət necə olacaq?
Əli Həsənovdan bir xahiş
PA sözçüsü Əli Həsənov aprelin 18-də verdiyi müsahibədə gözəl cümlələr işlədir: “Azərbaycanda heç bir dinc nümayişçi həbs olunmur. Həbsə alınanlar qeyri-qanuni aksiya keçirərək Azərbaycanda sabitliyi pozmaq, vətəndaşlar arasında qarşıdurma yaratmaq istəyənlər, zorakılığa yol verənlər və hüquq-mühafizə orqanlarına müqavimət göstərənlərdir. Onlar bu və ya digər konkret əməllərinə görə saxlanılırlar”.
Aradan cəmi 5 gün keçəndən sonra başqa niyyətlə tam başqa müsahibəsində Əli Həsənov bu cümlələri eynilə – nöqtəsinə, vergülünə qədər, hətta qrammatik səhvlərlə birgə təkrarlayır.
Belə çıxır ki, ya Əli müəllim bu sözləri birinci sinif şagirdi kimi sözbəsöz əzbərləyib və fikrini başqa cür ifadə etməkdə acizdir – ki, buna qətiyyən inanmıram; ya da Əli müəllimin kontorunda çalışanlar əvvəl yazdıqları variantları qarşılarına qoyub, o cümlələrə toxunmadan yenisini düz-qoş eləməklə məşğuldurlar.
Əli müəllim, ətrafınızdakılara tapşırın ki, bu cür təkrarları müxtəlif yazılı açıqlamalarınıza yerləşdirməklə sizin “hazır cavablardan istifadə ilə müsahibə quran və mətbuata ötürən” imicinizi formalaşdırmasınlar. Axı, mən sizi “iqtidarın ən ağıllı ideoloqu” sayıram, məni niyə peşman edirsiniz?