Cabbar Savalanlının həbsdən buraxılması barədə vəsatət rədd edildi
Əsabəli Mustafayev: «Məsələ hüquqi müstəvidə həll olunmadı»
Narkotiklə şərlənərək həbs olunan AXCP üzvü, gənc fəal Cabbar Savalanlının barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün onun vəkilləri Sumqayıt Şəhər Məhkəməsinə vəsatətlə müraciət etmişdilər. Dünən gözlənilmədən həmin vəsatətə baxılıb.
Cabbarın vəkillərinə bu barədə məhkəmə prosesi başlamamışdan cəmi yarım saat əvvəl xəbər veriblər. Bu səbəbdən onun müdafiəçisi Anar Qasımov ümumiyyətlə, prosesə qatıla bilməyib. Digər vəkil Əsabəli Mustafayev və prokurorluğun nümayəndəsi məhkəmədə iştirak edib.
Yeri gəlmişkən, vəkillər vəsatətə baxılarkən Cabbar Savalanlının özünün də iştirak etməsini istəmişdilər. Lakin məhkəmə buna da əməl etməyib.
Vəsatətə Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov özü baxıb. Bu barədə “Azadlıq”a məlumat verən Əsabəli Mustafayev bildirib ki, Hüseynov vəsatətin təmin olunmadığını elan edib.
Vəkil deyir ki, vəsatətə belə tələm-tələsik baxılacağını gözləmirdilər. Bundan başqa, həm qanunvericiliyin verdiyi imkanları, həm də son vaxtlar hökumət nümayəndəldərinin, o cümlədən Ali Məhkəmə sədrinin Azərbaycanda həbs-qətimkan tədbirlərinin yerli-yersiz seçilməsilə bağlı iradlarından sonra vəkillərdə müəyyən ümidlər yaranıbmış ki, vəsatət təmin oluna bilər.
“Amma digər tərəfdən onu da nəzərə alırdıq ki, bəzilərində Cabbarın həbsdən buraxılmasının ”geri çəkilmək” kimi qiymətləndirilməsi düşüncəsi var. Bu baxımdan yəqin ki, onu buraxmazlar. Hər bir halda, əminəm ki, məsələ hüquqi müstəvidə həll olunmadı”, – deyə Əsabəli Mustafayev bildirib.
Vəkil onu da qeyd edib ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək.
Aytən